Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1354/2023 22.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək pensiyasının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək pensiyasının ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 2006-2007-ci ildən pensiya alıb. 2021-ci ilin may ayından ona pensiya ödənişi dayanıb. İddiaçı xx.xx.2021-ci il tarixdə akademik “Zərifə Əliyeva” adına Milli Oftalmologiya Mərkəzinə gedərək növbəyə yazılmış, bir ay sonra orada müayinə olunmuş və ona xx.xx.2021-ci il tarixli tibbi rəy verilmişdir. İddiaçı bundan sonra ikinci xəstəliyi ilə əlaqədar akademik “Mirqasımov” adına Respublika Klinik Xəstəxanasına müayinə üçün göndərilmiş, müayinədən sonra ona tarixi göstərilməyən “nevrofizioloji komputerli EEQ müayinə” sənədi verilmişdir. İddiaçıya həmçinin 11484 nömrəli məsləhət vərəqi AKTV verilmişdir. Lakin həmin sənəddə göstərilən “xx.xx.2021-ci il” tarixi ona qaranlıq qalmışdır. Belə ki, iddiaçı orada yalnız pensiyası kəsildikdən sonra göstərdiyi ardıcıllıqla olmuşdur. Bundan sonra iddiaçı Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkim məsləhət komissiyasına göndərilmiş, sənədlərini komissiyaya təqdim etmiş, sənədləri tam doldurulmadığından ona Kürdəmir rayonunda Psixiatriya xəstəxanasında müayinədən keçməsini bildirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli göndərişlə həmin xəstəxanaya getmiş, xx.xx.2021-ci ildə iddiaçını qəbul edib bir aydan artıq xəstəxana şəraitində yatırmaqla xx.xx.2021-ci il tarixli, 449/202 nömrəli “ambulator kitabdan çıxarış” verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon Psixiatriya xəstəxanasından sənədlərini alıb iki gündən sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təqdim etmiş, ona bildirilmişdir ki, noyabr ayında sənədləri komputer vasitəsilə komissiyaya göndəriləcəkdir. Komissiya iddiaçının sənədlərini xx.xx.2022-ci il tarixdə təsdiq etdikdən sonra onun pensiyası bərpa olunmuşdur. İddiaçı ikinci xəstəliyi üzrə almadığı pensiya məbləğinin hesablanıb ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nörməli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx.xx.2008-ci il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Məlumat üçün bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə aqədar olaraq əmək pensiyasının ödənişi xx.xx.2021 -ci ıl tarixindən dayandırılmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediiən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ındeksləşdirilir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əliliik” altsistəmində olan məlumatlara əsasən xx.xx.2022ci il tarixindən istehsalat zədəsi səbəbindən İİİ dərəcə əlilliyi müəyyən olunduğu üçün (təkrar müayinə) iddiaçının əmək pensiyasının ödənişi həmin tarixdən 268,62 manat (Qanunun 29.1-ci maddəsi tətbiq tməkiə) məbləğində olmaqla bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci li tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-cı il tarixindən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox (9 ay) müddət keçdikdən sonra təkrar qiymətləndirmə nəticəsində bərpa olunduğu üçün ona ödənilməmiş müddət üzrə (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardım (İ, İİ, İİİ və İV rüb üzrə) əmək pensiyasının üzərinə əlavə edilərək iddiaçıya ödənilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-81721/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə təkrar müayinə nəticəsində 2-ci dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci ildə iddiaçının əlillik müddəti bitdiyinə görə əmək pensiyasının ödənişi dayandırılmışdır. Tibbi Sosial Ekspert Kommisiyası tərəfindən keçirilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli növbəti müayinələrdə dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbindən İddiaçı əlillik dərəcəsinin təyin olunmasından imtina edildiyi bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə keçirilən müayinədə iddiaçıya müddətsiz 3-cü dərəcə əlillik təyin edilmişdir. Bununla belə S.Əzizov Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona əlilliyinin dayandırıldığı dövrlər üzrə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. İddiaçıya ünvanlanan **********1 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun pensiya ödənişi xx.xx.2022ci il tarixdən bərpa edilmiş və müraciətində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından eyni zamanda təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericilik baxımından mümkün deyildir. Bundan sonra İddiaçı “əlilliyə görə ödənilməmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda bildirilir ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi iddia tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış və xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. Bu baxımdan “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddəsinə əsasən şəxsin əlilliyi 6 ay ərzində bərpa edilərsə, bu zaman ona əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin dayandırıldığı tarixdən həyata keçirilərək əlillik dayandırıldığı tarixdən bərpa olunmuş sayılır. Bununla belə İddiaçı əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021-xx.xx.2022) qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddəti keçdiyindən ona ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. O da qeyd edilir ki, iddiaçının əlillik səbəbində və əlilliyin dərəcəsində dəyişiklik olmuşdur. Belə ki, İddiaçı xx.xx.2016-cı ildə 2-ci dərəcə əlillik təyin olunmuş və xx.xx.2021ci il tarixdə dayandırılmışdır. Sonradan xx.xx.2022-ci il tarixdə yenidən əlillik müəyyən edilərkən artıq 3-cü dərəcə (orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə) əlillik müəyyən edilmişdir. Qeyd olunanlara əsasən X1 əlilliyə görə ödənilməmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanıb ödənilməsi üzrə iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. İşdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Cavabdehin etiraz məktubuna əlavə olunmuş qiymətləndirmə nəticələrinə dair sənədlərin (altsistemdən çıxarışlar) təsdiq olunmuş surətlərinə əsasən müəyyən olunur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə müayinə nəticələrinə görə gözdən əlilliyi olan şəxs kimi ikinci dərəcə əlillik təyin olunmuş, növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş və ona əlillik təyin olunmasından imtina edilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, ona xx.xx.2022-ci il tarixdən müddətsiz gözdən əlilliyi olan şəxs kimi üçüncü dərəcə əlillik təyin olunmuşdur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 1. yaşa görə əmək pensiyası; 2. əlilliyə görə əmək pensiyası; 3. ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyqun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən müddətsiz İİİ dərəcəli əlillik müəyyən olunmuş, həmin tarixdən sosial müavinət təyin edilmişdir. İddiaçı barəsində ödənişlər yenidən təyinat aparıldığı tarixdən həyata keçirilməkdədir. Göstərilənlərə əsasən, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edilmədiyindən o, ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməmişdir. Odur ki, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə uyğun olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək pensiyasının ödənilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1354/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1354/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver