Məhkəmə qərarları › İş №2-1(116)-1355/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1355/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1355/2024 24.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X10, üçüncü şəxsin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “kənd təsərrüfatı məqsədi ilə Göyçay rayon Məlikkənd bələdiyyəsi tərəfindən ona satılmış 7500,08 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın (plan-ölçü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “kənd təsərrüfatı məqsədi ilə Göyçay rayon Məlikkənd bələdiyyəsi tərəfindən ona satılmış 7500,08 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın (plan-ölçü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1355/2023 nömrəli qərardadı ilə Göyçay rayon Məlikkənd bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12-saylı qərarı ilə X14 rayon Məlikkənd Bələdiyyəsinə ünvanladığı ərizə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müsbət rəyi və cizgisi, torpaq alqı-satqı üçün ödənilmiş vəsaitin qəbzi əsas götürələrək və Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, «Torpaq islahatı» haqqında qanuna və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534-saylı «Torpaqların alqı-satqı qaydaları»-na uyğun olaraq Göyçay rayonu Məlikkənd Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədi ilə 7500.08 kv.m torpaq sahəsi X3 alqı-satqı qaydasında satılması qərara alınmışdır. Bundan sonra «Torpaqların alqı-satqısına dair» Aktla Göyçay rayon Məlikkənd Bələdiyyəsinin mülkiyyətində olan 7500.08 kv.m torpaq sahəsinin dəyəri əvvəlcədən bələdiyyənin hesabına ödənilməklə X1. Alqı-satqı aktını Göyçay rayon Məlikkənd Bələdiyyəsinin sədri, alıcı kimi Sürəyya Məmmədova və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri imzalamışlar və həmin akt 2009-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydə alınmışdır. Eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən Göyçay rayon Məlikkənd Bələdiyyəsinə rəy təqdim edilərək mülkiyyətində olan torpaq sahəsindən 7500.08 kv.m kənd təsərrüfatı məqsədi ilə Sürəyya Məmmədovaya alqı-satqı qaydasında satılması məqsədə uyğun hesab edilərək, heç bir etriazının olmadığı qeyd edilmişdir. Həmçinin Göyçay rayon Məlikkənd kəndində yerləşən 7500.08 kv.m torpaq sahəsinə 19 mart 2010-cu il tarixli, A Na- 254454 kadastr planı işlənmiş və həmin kadastr planı dövlət torpaq kadastr kitabında 577 nömrə ilə qeydiyyata alınmışdır. Göründüyü kimi X2 Göyçay rayonu Məlikkənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məqsədi ilə satılmış 7500.08 kv.m torpaq sahəsini vicdansız əldə etməyi müəyyən olunmur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Sözü gedən 7500.08 kv.m torpaq sahəsi mənə Göyçay rayonu Məlikkənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatı məqsədi ilə bilavasitə satılmışdır. Göyçay rayonu Məlikkənd Bələdiyyəsi tərəfindən torpaq sahəsi iddiaçıya satılarkən adı çəkilən normativ aktların tələblərinə əməl olunmuş, Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12-saylı qərarı Məlikkənd bələdiyyəsinin sədri tərəfindən imzalanmış və Məlikkənd Bələdiyyəsinə məxsus möhür ilə təsdiq edilmiş, torpaq sahəsini Məlikkənd Bələdiyyəsindən satın alarkən qabaqcadan səlahiyyətli orqanın - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müsbət rəyi alnmış, torpaq sahəsinin bələdiyyə tərəfindən müəyyən edilmiş dəyəri olan pul bələdiyyənin hesabına əvvəlcədən ödənilməklə iddiaçıyla Məlikkənd Bələdiyyəsi arasında torpaq sahəsinin alqı-satqısı barədə müqavilə (Akt) imzalanaraq həmin müqavilə (Torpaqların alqı-satqısına dair Akt) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsində qeydə alınmış və həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12-saylı qərarı ilə rəsmiləşdirilmişdir. Cavabdeh orqan idia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Göyçay rayonu, Məlikkənd kəndində yerləşən 0.7500 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Göyçay rayonu Məlikkənd bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli 12 saylı qərarı əsasında ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən tərtib edilmiş 19 mart 2010-cü il tarixli AN: 254454 nömrəli torpaq sahəsinin planı və ölçüsü” sənədi sənəd əsas kimi təqdim edilmişdir. Təqdim edilən sənədlərin ekspertizası zamanı torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi, torpaq sahəsinin hərrac və ya müsabiqə vasitəsi ilə icarəyə verilməli olduğu halda bilavasitə satıldığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixində qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli, 709 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Torpaq Məcəlləsində 56-cı maddə üzrə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda 9.1-ci maddə üzrə və digər Azərbaycan Respublikasının Qanununlarında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müvafiq bəndlərinə kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmçinin bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarə hüququ əsasında əldə edilə bilər. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırmalıdırlar. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, Göyçay rayon Məlikkənd kənd sakini X6 torpaq islahatı zamanı Məlikkənd kəndində qeydiyyatda olmuşdur. Lakin ona texniki səhv olaraq pay torpağı düşməmişdir. 17 Dekabr 2009-cu il tarixdə Məlikkənd bələdiyyəsinin 12 saylı iclas protokolu ilə 0,75 ha torpaq sahəsi bələdiyyənin ehtiyat fondundan ayrılaraq ona tanıdılmışdır. Həmin müddətdən vətəndaş həmin torpaq sahəsindən bu günə qədər də istifadə edir. İddiaçı X4 məhkəmə tərəfindən iddiasının təmin olunmasına bələdiyyənin heç bir etirazı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, A254454 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 saylı iclas Protokolundan çıxarış; cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, mərhum Gülxanım Məmmədovaya bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılması barədə Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)-535/2009 nömrəli qətnaməsi və həmin qətnamənin qanuni qüvvəsini alması barədə Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-4921/2023 saylı məktubu. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay rayon Məlikkənd kəndi ərazisində yerləşən 7500,08 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 saylı qərarına istinad edir. Həmin qərarın məzmunundan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi nəzərə alınmaqla Məlikkənd bələdiyyəsinin “Çaxırlı arası” adlanan ərazisindən iddiaçıya 0,75 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İclas protokolunun məzmunundan göründüyü kimi Məlikkənd bələdiyyəsi, torpaq islahatı zamanı iddiaçının adının subyektlər siyahısına düşmədiyi üçün pay torpaq sahəsi ala bilmədiyini qeyd etmiş, onun pay torpaq almaq hüququnun olmasından çıxış edərək normaya uyğun bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi ayrılmasını məqsədə uyğun hesab etmişdir. Yəni, faktiki olaraq Məlikkənd bələdiyyəsi qanunvericiliklə buna səlahiyyəti olmadığı halda torpaq islahatı zamanı yol verilmiş səhvi aradan qaldıraraq iddiaçıya bələdiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayırmışdır. Təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.72 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaqlardır. İddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.72 ha torpaq sahəsinin 0.27 ha hissəsi Göyçay rayonu Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 12 saylı qərarı ilə X5 ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0004 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyən edilən 7500.08 kv.m torpaq sahəsi ilə, iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 0.72 ha torpaq sahəsinin 0.43 ha hissəsi isə Göyçay rayonu Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 10 saylı qərarı ilə X13 ayrılmış ləgv edilmiş Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilmiş **********0005 kadastr nömrəli “Torpaq sahəsinin plan ölçü sənədi”ndə əks olunan koordinatlarla müəyyən edilən 2.55 ha torpaq sahəsi ilə üstüstə düşür. Mütəxəssis rəyində torpaq sahəsinin 0.43 ha hissəsinin **********0005 kadastr nömrəli “Torpaq sahəsinin plan ölçü sənədi”ndə əks olunan koordinatlarla müəyyən edilən torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilsə də, üst-üstə düşən hissədə hüquqların dövlət qeydiyyatı aparılmadığından məhkəmə mübahisəyə həmin hissə də, mahiyyəti üzrə baxmışdır. Belə ki, plan-ölçü sənədinin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır və torpaq sahəsi üzərində hüququn yaranmasını təsdiq edən sənəd hesab olunmur. Nəzərə alınmalıdır ki, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlarının xüsusi mülkiyyətə verilməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsi ilə birbaşa qadağan edilmişdir. Həmçinin Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqlarının kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilməsi “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinin 2-ci bəndində imperativ olaraq müəyyən edilmişdir. Göyçay rayon Məlikkənd Bələdiyyəsinin 17 dekabr 2009-cu il tarixli, 12 saylı qərarında nəzərə alındığı göstərilən Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi məhkəmə tərəfindən öyrənilmiş və müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçı həmin mülki mübahisənin tərəfi olmamış və baxılmış iş üzrə məhkəmənin 2(046)- 535/2009 nömrəli qətnaməsində mərhum Gülxanım Məmmədovaya torpaq islahatı vaxtı ayrılmalı olan, lakin ayrılmamış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan ayrılması nəzərdə tutulmuşdur. Yəni, faktiki olaraq iddia olunan torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya, o satılması baş verməmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)-535/2009 nömrəli qətnaməsi ilə torpaq sahəsinin həmin mülki iş üzrə tərəf olan mərhum Gülxanım Məmmədova və ailə üzvlərinə ayrılması qərara alınmış və Göyçay rayon Məlikkənd bələdiyyəsi məhz məhkəmə qətnaməsinin icrası qaydasında torpaq sahəsinin mərhum Gülxanım Məmmədova və ailə üzvlərinə ayrılması barədə xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərar qəbul etmişdir. Odur ki, bələdiyyənin qəbul etdiyi qərar torpaq islahatı zamanı yol verilmiş səhvlərinin aradan qaldırılması və ya hər hansı kənd təsərrüfatına yararlı torpaq sahəsinin satılması kimi qiymətləndirilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada ... bələdiyyə orqanları tərəfindən ... bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə ... dair qəbul olunmuş aktlardır. Bununla belə Göyçay rayon Məlikkənd bələdiyyəsi Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)-535/2009 nömrəli qətnaməsini icra etməklə kifayətlənməmiş, aqrar islahat komissiyası kimi davranmaqla qətnamədə adları qeyd edilməmiş subyektlərə də, torpaq sahəsi ayırmaqla faktiki olaraq qətnamənin icrasından kənara çıxmış və qanunvericiliklə ona verilmiş səlahiyyətin həddini aşmışdır. Odur ki, istinad olunan Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı hazırkı iş üzrə iddiaçıya münasibətdə etibarsız inzibati aktdır. “İnzibati İcraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Buna görə də məhkəmə hesab edir ki, Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı iddiaçıya münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi anlamında qanunla müəyyən edilmiş qaydada bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə inzibati akt hesab edilə bilməz. Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarına etimad hüququna gəlincə məhkəmə qeyd edir ki, etimad hüququ qanuni əsaslarla qəbul edilmiş inzibati aktlara münasibətdə tətbiq edilən anlayışdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı tərəfindən təqdim edilən inzibati akt müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edildiyindən etimad hüququ ilə bağlı müddəalar tətbiq edilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “kənd təsərrüfatı məqsədi ilə Göyçay rayon Məlikkənd bələdiyyəsi tərəfindən ona satılmış 7500,08 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın (plan-ölçü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar