Məhkəmə qərarları › İş №2-1(116)-1356/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1356/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1356/2020 02.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli Qərarının ləğv edilməsini və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxxxx 1958-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuşdur. Orta təhsilini Zaqatala rayonunda almışdır. 1977-ci ilin may ayında Zaqatala rayonundan hərbi xidmətə yollanmışdır. İddiaçı hərbi xidmətini Azərbaycan SSR-də başa vurduqdan sonra 1979-cu ildən 1981-ci ilin aprel ayına kimi Minsk şəhərində qalıb işləmişdir. O, 1981-ci ildən 2012-ci ilədək dənizçi olmuşdur. İddiaçı 2012-ci ildən təqaüdə çıxmış və hal-hazıradək Samara şəhərində yaşayır. Cavabdehin etirazı: İddiaçı vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilərək onun Azərbaycan Respublikası vətəndaşı sayılmadığı barədə xx.xx.2020-ci il tarixdə ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh orqan hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı iddia ərizəsində xx.xx.1958-ci il tarixdə Azərbaycan SSR, Zaqatala rayonu, Danaçı kəndində anadan olduğunu,1988-ci il tarixdə Azərbaycanı tərk etdiyini bildirmişdir. Dövlət Miqrasiya Xidmətinin MAPS-a göndərilmiş sorğuya əsasən şəxsin ölkə ərazisində qeydiyyatının olmadığı məlum olmuşdur. Göründüyü kimi sözügedən şəxsin adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikası vətəndaşı sayılmadığı cavabdeh orqan tərəfindən müəyyən edilmişdir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan ( Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 4.1-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yasayıs yeri üzrə qeydiyyatda olmamışdırsa, Azərbaycan Respublikasının vətəndaşı sayılmır. İşin hallarından da (o cümlədən, DMX-ya təqdim edilmiş tərcümeyi-haldan) görünür ki, şəxs 1988-ci ildən Rusiya Federasiyasında yaşamışdır (bununla bağlı İAMAS üzrə məlumatlar etiraza əlavə olunur - buna görə də şəxsə münasibətdə yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz). Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 115705 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuşdur. X1, anası X4r. İş materiallarında olan Zaqatala rayon Danaçı kənd 2 nömrəli tam orta məktəbin xx.xx.2020-ci il tarixli 09 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı 1965-1976-cı illərdə həmin məktəbdə təhsil almışdır. İş materiallarında olan 105837 və 105838 nömrəli “Ölüm haqqında şəhadətnamə”lərdən müəyyən edilir ki, iddiaçının atası Abdulətif Xəlitov xx.xx.1971-ci il, anası Havva Xəlitova xx.xx.1972-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ********* nömrəli pasportun təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarında olan MYİ seriyalı ******* nömrəli “Azərbaycan Respublikasının Ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə vəsiqəsi”nin surətindən müəyyən edilir ki, iddiaçıya Dövlət Miqrasiya Xidməti tərəfindən ölkədə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müvəqqəti yaşamağa icazə verilmişdir. İş materiallarında olan cavabdeh orqanın “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli Qərarının təsdiq edilmiş surəti ilə İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 07 oktyabr) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara MYİ seriyalı ******* nömrəli “Azərbaycan Respublikasının Ərazisində Müvəqqəti Yaşamaq üçün İcazə vəsiqəsi”nin surəti, ********* nömrəli pasportun təsdiq edilmiş surəti, 115705 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti, 105837 və 105838 nömrəli “Ölüm haqqında şəhadətnamə”lər, cavabdeh orqanın “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli Qərarının təsdiq edilmiş surəti, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən qərarı aldıqdan sonra xx.xx.2020-ci il tarixində poçt vasitəsilə məhkəməyə müraciət etmişdir. Ona görə də hazırkı iddianın qaldırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 30 günlük müddət ötürülməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, şəxsə Azərbaycan Respublikasının vətəndaşlığının verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (1998-ci il 7 oktyabr tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması tələb olunur. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi cavabdeh orqan tərəfindən MAPS-a göndərilmiş sorğuya əsasən iddiaçının ölkə ərazisində qeydiyyatının olmadığı məlum olmuşdur. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, şəxsə Azərbaycan Respublikasının Vətəndaşlığının verilməsinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ləğvi tələb olunan xx xxxx 2020-ci il tarixli ******* nömrəli Qərar qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli Qərarının ləğv edilməsini və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli Qərarının ləğv edilməsini və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar