Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1357/2024 18.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. 1983-1998-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May" kolxozunda tütünçü vəzifəsində, 2004-2010-cu illərdə "Şəki-İpək" şirkətində barama döyən-barama buğa verən peşəsində işləmişdir. Həmçinin xx.xx.2016cı il tarixdən xx.xx.2016-cı il tarixədək ********* VÖEN-lə fiziki şəxs kimi MDSS haqqı ödəmişdir. Həmçinin əmək kitabçasında və arxiv arayışında ad və soyadında uyğunsuzluq olduğu üçün Şəki rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-711/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə X7 filialı tərəfindən verilmiş 19 yanvar 2016-cı il tarixli 83 nömrəli arxiv arayışının ona məxsus olması və 1983-1998-ci illərdə Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü işləməsi hüquqi faktı təsdiq edilmişdir. Əmək kitabçasına, arxiv və əmək haqqı arayışlarına əsasən onun 13 il 4 ay tütünçü kimi (1983-1988, 1990-1998-ci ilin) və 5 il baramanı buğaverən kimi güzəştli sosial sığorta stajı olmaqla, cəmi 18 il 4 ay güzəştli iş stajı vardır. Kolxozda iş stajı 14 il 4 ay (13 il minimum bitirən illər, 232 adam günü minimum bitirməyən illər - 232 x 12 = 2784 :170 = 16.3 ay – 1 il, 4 ay), əmək haqqı arayışına və fərdi uçot məlumatlarına əsasən “Şəki-İpək" şirkətində 5 il 1 ay 25 gün (1 il 2 ay 25 gün- xx.xx.2006-cı il tarixədək, 3 il 11 ay xx.xx.2006-cı il tarixdən sonra), xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 10 ay olmaqla cəmi 20 il 3 ay 25 gün ümumi sosial sığorta stajı yaranır ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün kifayətdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün tələb olunan sənədlərlə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin filial tərəfindən ünvanına məktub göndərilərək əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir. Əmək pensiyası təyininin mümkün olmaması səbəbi kimi güzəştli iş stajının olmaması göstərilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı N.X2 xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-A- 294935/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı N.X3 Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 İİ çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş X6 Filialının xx.xx.2016-cı il tarixli 83 nömrəli arxiv arayışında 1983-1998-ci illərdə kolxozda tütünçü, "xxxx" ASC-nin xx.xx.2016-cı il tarixli arayışında xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində Baramaaçan istehsalatında barama döyən peşələrində işlədiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi peşələr sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdəndə İddiaçı güzəştli iş stajı 10 ildən az (ümumilikdə 8 ay) olmaqla aşağıdakı dövrlərdən ibarətdir: > xx.xx.2010-xx.xx.2010-cu il, > xx.xx.2010-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər. Eyni zamanda İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 25 ildən az (ümumilikdə 21 il 7 ay 25 gün) olmaqla aşağıdakı kimidir: > xx.xx.1983-xx.xx.1998-cİ İl, > xx.xx.2004-xx.xx.2007-ci il, > xx.xx.2007-xx.xx.2007-ci il, > xx.xx.2008-xx.xx.2009-cu il, > xx.xx.2009-xx.xx.2009-cu il, > xx.xx.2010-xx.xx.2010-cu il, > xx.xx.2010-xx.xx.2010-cu il, > xx.xx.2011-xx.xx.2011-cİ İl, > xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17991,85 manat təşkil edir. Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi və güzəştli iş stajı, həmçinin pensiya kapitalı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, X6 filialının xx.xx.2016-cı il tarixli 83 nömrəli arxiv arayışı, Şəki İpək ASC-nin xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli arayışları, Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(075)-711/2017-ci il tarixli qətnaməsi (Azərbaycan Respublikası X6 filialı tərəfindən verilmiş 19 yanvar 2016-cı il tarixli, 83 nömrəli arxiv arayışının İddiaçı məxsus olması və onun 1983-1998-ci illərdə Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda tütünçü işləməsi hüquqi faktı təsdiq edilmişdir), 1827 nömrəli kolxozçunun əmək kitabçası, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənədək) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Maddənin 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyası: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.[26] Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddia ərizəsinin məzmunundan görünür ki, xx.xx.1964-cü ildə doğulmuşdur və xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbi ilə cavabdeh orqana müraciət etmişdir. İddiaçının müvafiq pensiyanın təyin edilməsini tələb etdiyi vaxt yaşı 52 yaş 11 ay 21 gün olmuşdur. İddiaçıya 52 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 20 il ümumi, 10 il xüsusi iş stajı tamamlanmış olmalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 15 il 8 ay 6 günə bərabərdir (1983- 1998-ci illərdə kolxozda, xx.xx.2004-xx.xx.2006-cı illərdə Şəki İpək ASC-də əmək fəaliyyəti müddəti nəzərə alınmaqla). Göründüyü kimi xx.xx.2006-cı il tarixədək iddiaçı minimum 20 il ümumi iş stajına malik olmadığından ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil (ümumi iş stajı yetərli olmadığından xüsusi iş stajının yoxlanılmasına lüzum qalmamışdır). İddiaçıya 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərə ödənilmiş olmalıdır: - 55 yaşına çatmış olmalı, - 20 il ümumi sığorta stajına malik olmalı, - 10 il xüsusi (güzəştli) iş stajına malik olmalı, - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının 55 yaşı xx.xx.2019-cu ildə tamamlanmışdır. Qeyd olunan tarixdə iddiaçının 20 il ümumi və 10 il xüsusi iş stajı tamamlansa da, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17991,85 manat olduğundan və həmin məbləğ tələb olunan 40320 manatdan az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Yuxarıda qeyd edildiyi kimi 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmiş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı tələb aradan qaldırılmışdır. Bununla belə istinad olunan dəyişiklikdən sonra qanunvericiliyin tələbinə əsasən iddiaçının (fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə) ümumi iş stajı 25 ilə bərabər olmalıdır. Lakin, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirilməyən ümumi sosial sığorta stajı 21 il 7 ay 25 günə bərabərdir və həmin müddətin üzərinə hətta mübahisələndirilən 1 il 5 ay toplansa belə yenə də, tələb olunan 25 il ümumi iş stajı tamamlanmır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığından cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.