Məhkəmə qərarları › İş №2-1(116)-136/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-136/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-136/2020 12.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “hüququ yarandığı 01.07.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1954-cü ildə Göyçay rayonunun İnçə kəndində anadan olmuşdur. 15.04.1974-cü ildə Bakı Yüngül Sənaye Texnikomunu bitirdikdən sonra, bir-sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, 23.06.1972-ci il tarixdə Bakı Gips- Məmulatları zavodunda Gips-Suax sexinə İİ dərəcəli yükboşaldan vəzifəsinə təyin edilib, 04.09.1972-ci il tarixədək həmin vəzifədə, 31.10.1973-cü il tarixdə Bakı Qaradağ rayonu Mühafizə Bölməsinə gözətçi vəzifəsinə təyin edilib, 07.02.1974-cü il tarixədək həmin vəzifədə, 10.04.1974-cü il tarixdə 66 nömrəli əmrlə Göyçay rayon Tikiş-Fabrikinə mexanik vəzifəsinə təyin edilib, 02.12.1974-cü il tarixədək həmin vəzifədə, 03.12.1974-cü il tarixdə 253 nömrəli əmrlə Göyçay rayon Əhaliyə Məişət xidməti idarəsinə tikiş maşınlarını təmir etmək üçün mexanik vəzifəsinə təyin edilib, 01.03.1978-ci il tarixədək həmin vəzifədə, 28.03.1978-ci il tarixdə Göyçay rayon X6 İnçə kənd üzrə 3430/024 saylı Əmanət Kassasının müdiri vəzifəsinə təyin edilib, 21.09.1984-cü il tarixədək həmin vəzifədə, 21.09.1984-cü il tarixdə 4 nömrəli əmrlə İnçə kənd XDSİK-nın baş mühasibi vəzifəsinə təyin edilib, 04.03.1999-cu il tarixədək həmin vəzifədə işləmişdir. Ona məxsus əmək kitabçası naməlum şəraitdə itdiyindən, eləcə də Göyçay rayon X6 İnçə kənd üzrə 3430/024 saylı Əmanət Kassasının müdiri vəzifəsində işləməyini təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən, 28.03.1978-ci ildən 21.09.1984-cü ilədək Göyçay rayon X6 İnçə kənd üzrə 3430/024 saylı Əmanət Kassasının müdiri vəzifəsində işləməyi faktının müəyyən olunması tələbinə dair ərizə ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(046)-2328/2018 nömrəli qətnaməsi ilə ərizəsi təmin edilmiş, 28.03.1978-ci ildən 21.09.1984-cü ilədək Göyçay rayon X6 İnçə kənd üzrə 3430/024 saylı Əmanət Kassasının müdiri vəzifəsində işləməyi faktı müəyyən edilmişdir. Bundan sonra ona əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədlərlə DSMF-nin Göyçay rayon şöbəsinə müraciət etmiş, müraciəti əsasında araşdırma aparılmış və 02.09.2019-cu il tarixli məktubla ona pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiya sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”ın İİİ fəslinin 3.1.1 maddəsinə görə təqdim etdiyi arxiv arayışına əsasən ona əmək pensiyasının təyin edilməsinin qanuna müvafiq olmadığı bildirilmişdir. İddiaçı məhkəmənin 12.03.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququ yarandığı 01.07.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin iddiaya münasibəti: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (08.10.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7 maddəsinə əsasən Pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə 01 yanvar 2006-cı il tarixədək olan dövrdə sığorta olunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Göyçay rayon Məhkəməsinin 14.12.2018-ci il tarixli 2(046)-2328/2018 nömrəli qətnaməsi ilə Cavabdeh üzərinə İddiaçı 28.03.1978-21.09.1984-cü illərdə Göyçay rayonu X6 İnçə kənd üzrə 3430/024 saylı Əmanət Kassasının müdiri vəzifəsində işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cavabdeh 23.10.2019-cu il tarixli məktubla məhkəməyə eyni zamanda müraciət edərək iddiaçının tələbi üzrə əmək stajını hesabladığını və sonuncunun ümumi 25 il 3 ay 11 gün təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, X9 Səhmdar Cəmiyyətinin 08.01.2018-ci il tarixli arayışı, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X3 08.01.2018-ci il tarixli 12 nömrəli arxiv arayışı, 14.12.2018-ci il tarixli 2(046)-2328/2018-ci il tarixli qətnamə, Cavabdeh 02.09.2019-cu il tarixli **********6 nömrəli imtina məktubu və 23.10.2019-cu il tarixli **********9 nömrəli məlumatı, 10.01.2020-ci il tarixli aktı, 12.03.2020-ci il tarixli izahatı, iddia tələbini dəqiqləşdirmə barədə 12.03.2020-ci il tarixli ərizəsi aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. İş materiallarında olan Cavabdeh 23.10.2019-cu il tarixli tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək stajı ümumilikdə 25 il 3 ay 11 gün sosial sığorta stajı təşkil edir.Həmçinin Cavabdeh məsləhətçisi X4 tərəfindən verilmiş şifahi sorğuya cavab olaraq 12.03.2020-ci il tarixli izahatdan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasına hüququ 01.07.2018-ci il tarixdə yaranmışdır. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı xx.xx.1954-cü ildə doğulmuş və onun 63 yaşı 01.07.2017-ci il tarixdə tamam olmuşdur. 7-ci maddənin qeydinə əsasən iddiaçının pensiya yaşı 6 ay artırılmış və sonuncunun pensiy yaşı onun 63,6 yaşı tamam olduğu 01.01.2018-ci il tarixdə tamam olmuşdur. Cavabdehin nümayəndəsi isə iddiaçının pensiya yaşının 01.07.2018-ci il tarixdə tamam olduğu iddia edir ki, bunda da haqlı deyildir. Bundan başqa məhkəmə araşdırması zamanı eyni zamanda müəyyən edildiyi kimi, iddiaçının pensiya yaşının tamam olduğu 01.01.2018-ci il tarixə ümumi 25 il 3 ay 11 gün sosial sığorta stajı mövcud olmuşdur ki, bu da iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajından çoxdur. İddiaçının pensiya yaşı 01.01.2018-ci il tarixdə tamam olsa da sonuncu tələbində ona 01.07.2018-ci il tarixdən pensiya təyin edilməsini tələb edir ki, məhkəmə tələbdən kənara çıxmağa haqlı deyildir. Bu səbəbdən iddia tələbi iddiaçının tələbi üzrə təmin edilməli və tələb üzrə öhdəlik cavabdehin üzərinə qoyulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddiaçı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 01.07.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Ödənilmiş 10 (on) manat Dövlət rüsumu İddiaçı aid edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar