Məhkəmə qərarları › İş №2-1(116)-136/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-136/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-136/2021 03.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı cavabdeh Zərdab rayonu Alıcanlı bələdiyyəsinə qarşı “Zərdab rayonu Alıcanlı bələdiyyəsinin 14 may 2020-ci il tarixli, 5 saylı qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Zərdab rayonu Alıcanlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zərdab rayonu Alıcanlı bələdiyyəsinin 14 may 2020-ci il tarixli, 5 saylı qərarının etibarsız hesab edilməsi, cavabdehdən onun xeyrinə 40.000 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 30.06.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Alıcanlı bələdiyyəsinin 25.05.2004-cü il tarixli 05 saylı qərarına əsasən kənd təsərrüfatı və maldarlığın inkişaf etdirilməsi məqsədilə 25 il müddətinə iddiaçının icarəsinə 10 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı tələrflər arasında icarə müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçının torpaqdan istifadə hüququ dövlət reyestrində qeydiyyata alınaraq ona “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə tərtib edilərək verilmişdir. Lakin cavabdeh orqan 14.05.2020-ci il tarixli 5 saylı qərarla 25.05.2004-cü il tarixli qərarı qüvvədən düşmüş hesab etmişdir. Belə ki, Alıcanlı bələdiyyəsi hesab etmişdir ki, örüş torpaq sahələri yalnız 15 il müddətinə icarəyə verilə bilər. İddiaçının 15 il icarə müddəti tamamlandığı üçün bələdiyyə 25.05.2004-cü il tarixli qərarı qüvvədən düşmüş hesab etmişdir. İddiaçı hesab edir ki, bələdiyyənin 14.05.2020-ci il tarixli 5 saylı qərarı onun mülkiyyət hüquqlarını pozmuşdur. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 7.1-ci maddəsinə (inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır) əsaslanaraq iddia tələbində həmçinin 40.000 manat məbləğində maddi ziyanın ödənilməsini və 30 manat dövlət rüsumunun cavabdehdən alınmasını xahiş etmişdir. İddiaçıya 12.03.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, tələb dəqiqləşdirilməlidir. Belə ki, tələbinin birinci hissəsinin “Alıcanlı bələdiyyəsinin 14.05.2020-ci il tarixli 5 nömrəli qərarının etibarsız hesab edilməsi” deyil, “Alıcanlı bələdiyyəsinin 14.05.2020-ci il tarixli 5 nömrəli qərarının ləğv edilməsi” və ona uyğun əsaslanma qeyd olunması iddiaçıya təklif olunmuşdur. Tələbinin ikinci, yəni “maddi ziyanın ödənilməsi hissəsi” ilə bağlı iddiaçının nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair ilk öncə cavabdeh inzibati orqana müraciət olunmalı, həmçinin vurulmuş ziyan əsaslandırılmalıdır. Tələbinin üçüncü, yəni “30 manat dövlət rüsumunun alınması”na dair hissəsi ilə əlaqədar iddiaçının nəzərinə çatdırılmışdır ki, Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yardım məktubunu aldıqdan sonra iddiaçı 19.04.2021-ci il tarixli məktubunda qeyd olunan nöqsanları aradan qaldırmış və “Zərdab rayonu Alıcanlı bələdiyyəsinin 14 may 2020-ci il tarixli, 5 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 19.04.2021-ci il tarixli, 2-1(116)-136/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan Zərdab rayonu Alıcanlı bələdiyyəsi məhkəmənin 30.07.2020-ci il tarixli sərəncamında iddia tələbinə rəsmi münasibət (etiraz) bildirilməsi tələb edilməsinə baxmayaraq iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Zərdab rayonu, Alıcanlı bələdiyyəsinin 25.05.2004-cü il tarixli, 05 saylı qərarına əsasən iddiaçı ilə bələdiyyə arasında 10.0 ha torpaq sahəsinin istifadəsinə dair icarə müqaviləsi bağlanılmışdır. Sonradan Zərdab rayon 1-ci Alıcanlı bələdiyyəsinin sədri A.N.Nəcəfov iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya verilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamənin ləğv edilməsini xahiş etmiş, lakin iddia əsassız olduğuna görə Zərdab Rayon Məhkəməsinin 28.08.2007-ci il tarixli, 2-1-2007 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Daha sonra bələdiyyə Zərdab Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, iddiaçıya 2004-cü ildə qanunsuz icarəyə verilmiş 10.0 ha torpaq sahəsindən istifadə hüququna dair şəhadətnamənin ləğv edilməsini xahiş etmiş, lakin məhkəmənin 02.07.2008-ci il tarixli, 2(006)-94/2008 nömrəli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmçinin iddia ərizəsinə ləğvini xahiş etdiyi 14 may 2020-ci il tarixli, 5 saylı bələdiyyə qərarının surətini əlavə etmişdir. Həmin qərardan müəyyən edilir ki, Alıcanlı bələdiyyəsinin 2000-2007-ci illərdə İddiaçı və digər vətəndaşlarla bağladığı icarə müqavilələri qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Zərdab Rayon İcra Hakimiyyəti başçısının 21.02.2020-ci il tarixli, 18 nömrəli sərəncamının surətindən görünür ki, Zərdab rayonunda bələdiyyələrin ərazilərində torpaqlardan səmərəli istifadə vəziyyətinin araşdırılması, qanunsuz, təyinatına uyğun olmadan istifadə və zəbtetmə hallarının aşkar edilməsi, neqativ halların aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə xüsusi komissiya yaradılmışdır. İş materiallarında olan Zərdab Rayon İcra Hakimiyyəti başçısının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinə ünvanladığı 04.09.2020-ci il tarixli, 01/930 nömrəli məktubdan müəyyən edilir ki, Komissiya tərəfindən 21.02.2020-ci il tarixdən 01.09.2020-ci il tarixə qədər Alıcanlı bələdiyyəsi üzrə 14 nəfər icarədardan 115 ha ümumi örüş torpaqları geri alınaraq kənd sakinlərinin ümumi istifadəsinə qaytarılmışdır. Məktubda qeyd edilir ki, Komissiya tərəfindən torpaqların geri qaytarılması prosesi davam etdirilir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı məhkəməyə 03.06.2021-ci il tarixdə AZ6300/********** nömrəli teleqram göndərərək, uşağının ağır xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş və iştirakı olmadan işə baxaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərarın iddiaçıya təqdim olunmasına dair sübut yoxdur. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və qismən əsaslıdır. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları isə həmin Məcəllənin 75-ci maddəsində nəzərdə tutulmuşdur. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndində deyilir ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (abzas 1) torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; (abzas 2) torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; (abzas 3) hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; (abzas 4) torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: (abzas 5) əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; (abzas 6) istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; (abzas 7) torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; (abzas 8) kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; (abzas 9) istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; (abzas 10) dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; (abzas 11) torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; (abzas 12) torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; (abzas 13) torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. (abzas 14) Həmin Məcəllənin 73-cü maddəsinin 3-cü bəndində deyilir ki, bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Bundan başqa, həmin Məcəllənin 75-ci maddəsinin 1-ci bəndində deyilir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 75-ci maddəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Cavabdeh öz qərarında Torpaq Məcəlləsinin müvafiq maddələrinə istinad etməmiş, yanlız “torpaq haqqında qanunlara” əsaslanaraq iddiaçının müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə qərar vermişdir. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq üzərində icarə hüququna yalnız məhkəmə tərəfindən xitam verilə bilər. Bələdiyyələrin, o cümlədən cavabdeh Alıcanlı bələdiyyəsinin belə bir səlahiyyəti yoxdur. Bundan başqa, həmin iki halda, torpaq sahələri üzərində icarə hüququna xitam verilməsi haqqında qərar verilməzdən əvvəl, buraxılmış nöqsanların (pozuntuların) aradan qaldırılması üçün vaxt müəyyən edilmiş olmalı və həmin xəbərdarlıqdan sonra tədbir görülməmiş olmalıdır. Cavabdeh iddiaçı tərəfindən müqavilə şərtlərinin pozulduğunu hesab edirdisə, bu barədə iddiaçıya xəbərdarlıq etməli, pozuntuların aradan qaldırılmasını ondan tələb edərək ona müəyyən bir müddət verməli, həmin müddət ərzində pozuntular aradan qaldırılmadığı halda, müvafiq iddia ilə məhkəməyə müraciət etməli idi. Lakin hazırkı işdə nöqsanların aşkar edilməsi barədə cavabdehin tərtib etdiyi akt mövcud deyil, nöqsanların aradan qaldırılması üçün iddiaçıya xəbərdarlıq edilməsi və bunun üçün konkret müddət təyin edilməsi barədə sübut yoxdur. Beləliklə, cavabdeh mübahisələndirilən 14.05.2020-ci il tarixli 5 №-li qərarı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan qismən təmin edilməli, Zərdab rayonu Alıcanlı bələdiyyəsinin 14 may 2020-ci il tarixli, 5 saylı qərarı qismən – iddaçıya aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Zərdab rayonu Alıcanlı bələdiyyəsinin 14.05.2020-ci il tarixli, 5 saylı qərarı İddiaçı aid hissədə ləğv edilir. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar