Məhkəmə qərarları › İş №2-1(116)-136/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-136/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-136/2024 02.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili Hazı-X3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmiş 2260428,4 manat məbləğində artıq ödəmənin cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi və bərpa edilmiş artıq ödəmə məbləğinin qaytarılması öhdəliyinin cavahdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmiş 2260428,4 manat məbləğində artıq ödəmənin cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi və bərpa edilmiş artıq ödəmə məbləğinin qaytarılması öhdəliyinin cavahdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələbinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, 2 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı MMC-nin direktoru X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı zamanı vergi orqanı tərəfndən cəmiyyətin rəhbərliyinə hər hansı bir məlumat verilmədən xx.xx.2018-ci il tarixdə 1965442,20 manat və xx.xx.2019-cu il tarixdə 294986,20 manat olmaqla, ümumilikdə 2260428,4 manat məbləğində artıq ödənilmiş vergilər vergi orqanı tərəfindən cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmişdir. Cəmiyyətin artıq ödənilmiş vergilərin qaytarılması ilə bağlı müraciət etmək hüququ məhdud olduğu halda, vergi orqanı qeyd olunan xüsusatları nəzərə almayaraq, eyni zamanda artıq ödəmələrin silinməsi ilə bağlı məsələnin müzakirə edilməsi üçün cəmiyyətin rəhbərliyinə məlumat verməyərək, cəmiyyətin şəxsi hesab vərəqəsindən artıq ödəmələri silmiş, eyni zamanda silinmə ilə bağlı vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar cəmiyyətə təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixli, **********240900 nömrəli məktubla 13 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək, cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmiş 2260428,4 manat məbləğində artıq ödəmənin cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi və bərpa edilmiş artıq ödəmə məbləğinin qaytarılması istiqamətində qanuna müavfiq tədbirlərin görülməsi xahiş edilsə də, vegi orqanı tərəfindən **********195300 nömrəli məktubla heç bir əsaslandırma və izah verilmədən rədd edilmişdir. Bundan əlavə məktubda silinmələrlə bağlı məlumatların rəsmi qaydada cəmiyyətə təqdim olunması barədə hər hansı mənbəyə istinad olunmamış və məktuba həmin halları sübut edəcək sənəd əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək, həmçinin həmin məcəllənin 15.1.9-cu maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ vardır. Cavabdeh xx.xx.2023-cü il etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən Cəmiyyətin rəhbərliyinə hər hansı bir məlumat verilmədən xx.xx.2018-ci il tarixdə 1965442.20 manat və xx.xx.2019-cu il tarixdə 294986.20 manat olmaqla, ümumilikdə 2260428,40 manat məbləğində artıq ödənilmiş vergilər Cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmişdir. Bildirmişdir kı, silinmə rəhbərliyin məlumatı olmadan həyata keçirilmiş və silinmə ilə bağlı qəbul edilmiş qərarlar Cəmiyyətə təqdim olunmamışdır. Həmçinin qeyd etmişdir ki, silinmə zamanı əsaslandırılma ilə bağlı hər hansı mənbəyə istinad olunmamışdır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan hallarla əlaqədar bildirilmişdir ki, Vergi Məcəlləsinin 85.5 maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdırilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-2-ci maddəsinə görə isə vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə, həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38 7.1-ci, 38 7.2-ci, 38.7.4-cü və 38.7.5-cı maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Qeyd olunanlarla əlaqədar bir daha bildiririk ki, vergi orqanı tərəfindən hesablanmış (azaldılmış) vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verildikdə, həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək olan dövr qeyd olunmuş müddətə daxil edilmir. Həmçinin vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarından da göründüyü kimi, müəssisə tərəfindən qeyd edilmiş bütün dövrlər üzrə müvafiq hesabatlar (bəyannamələr) mütəmadi olaraq təqdim edilmişdir ki, bu da öz növbəsində vergi ödəyicisinin vaxtında (zamanında) artıq ödənilmiş vergilərin geri qaytarılması barədə müraciət etməsində hər hansı məhdudiyyətlərin olmadığını göstərir. Lakin vergi ödəyicisi göründüyü kimi Məcəllənin 85.5-ci maddəsində nəzərdə tutulmuş tələbetmə müddətini ötürmüş və məhz buna görə də şəxsi hesab vərəqəsində olan artıq ödəmə məbləğləri haqlı olaraq vergi orqanı tərəfindən əsaslandırılmış şəkildə müvafiq tarixli və nömrəli qərarlarla silinmişdir. Artıq ödəmə məbləğləri, şəxsi hesab vərəqəsinin müvafiq hissəsindən silinməzdən qabaq vergi ödəyicisinə müvafiq qaydada və məzmunda bildiriş göndərilmişdir (Bildiriş və onun tərəfə göndərilməsi barədə məlumat etiraza əlavə olunur). Lakin, Vergi Məcəlləsində artıq ödəmə məbləğləri silinməzdən qabaq, əvvəlcədən vergi ödəyicisinin iştirakı, onun dəvət edilməsi və müzakirəsi ilə bağlı hər hansı prosedur (prosedur qayda) nəzərdə tutulmamışdır. Həmçinin “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********891100 nömrəli və xx.xx.2020-ci il tarixli, **********856100 nömrəli Qərarlar (yəni artıq ödəmə məbləğlərinin silinməsi barədə Qərarlar) müvafiq Komissiya üzvləri tərəfindən imzalanmış və Vergi Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qəbul edildiyi tarixlərdə elektron qaydada (elektron poçt vasitəsilə) vergi ödəyicisinə göndərilmişdir. Həmin Qərarlar (hər ikisi) 7 iyul 2021-ci il tarixdə (saat 15:32 və 15:33-də) vergi ödəyicisi tərəfindən oxunmuş və sonradan xeyli gecikdirilmiş qaydada, 2023-cü ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir (Elektron oxunmaya dair təsdiqedici məlumat və elektron sənəd mübadiləsinə dair Müqavilə əlavə olunur). İnzibati Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, vergi ödəyicisi barəsində inzibati akt olaraq, artıq ödəmə məbləğlərinin silinməsinə dair “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********891100 nömrəli və xx.xx.2020-ci il tarixli, **********856100 nömrəli Qərarlar qəbul edilmiş və vergi ödəyicisi həmin Qərarların mübahisələndirilməsi müddətlərini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 1.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu, məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Daha sonra qeyd olunur ki, məhkəmələr eyni zamanda İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini yoxlamalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəyə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 13 saylı ƏVİ-nin “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Komissiya tərəfindən çıxarılmış xx.xx.2018-ci il tarixli **********891100 nömrəli qərarından görünür ki, X2 Məsuliyyətli Cəmiyyətin (VÖEN **********) xx.xx.2018-ci il tarixinə dövlət büdcəsinə artıq ödənilmiş 1965442,20 manat (o cümlədən vergilər üzrə 1965442,20 manat) məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi ilə bağlı vergi ödəyicisinin tələbetmə müddəti bitmiş hesab edilmişdir. - 13 saylı ƏVİ-nin Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında Komissiya tərəfindən çıxarılmış xx.xx.2020-ci il tarixli **********856100 nömrəli qərardan görünür ki, Qərara əlavə edilmiş siyahı üzrə vergi ödəyiciləri tərəfindən xx.xx.2020-ci il tarixə dövlət büdcəsinə artıq ödənilmiş 443662,30 manat məbləğin (o cümlədən vergilər üzrə 443662,30 manat) qaytarılması və ya əvəzləşdirilməsi ilə bağlı vergi ödəyicisinin tələbetmə müddəti bitmiş hesab edilmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC (VÖEN **********) xx.xx.2017-ci il tarixdən dövlət vergi orqanında ƏDV (Əlavə dəyər vergisi) ödəyicisi olaraq qeydiyyata alınmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə artıq ödəməsi üzrə müəyyən edilən 1965442,20 manat məbləğ həmin ödəyici tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən formalaşmışdır. Belə ki, vergi ödəyicisi əldə etdiyi vergi hesab fakturaları əsasında müəyyən edilən ƏDV məbləğlərini müvafiq dövlərdə ƏDV bəyannamələrində əvəzləşdirmiş və nəticədə şəxsi hesab vərəqəsində artıq ödəməsi yaranmışdır. Eyni zamanda vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixə artıq ödəməsi üzrə müəyyən edilən 443662,30 manat məbləğ həmin ödəyici tərəfindən xx.xx.2013-cü il tarixdən 01,07.2014-cü il tarixədək təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən formalaşmışdır. Belə ki, vergi ödəyicisi əldə etdiyi vergi hesab fakturaları əsasında müəyyən edilən ƏDV məbləğlərini müvafiq dövrlərdə ƏDV bəyannamələrində əvəzləşdirmiş və nəticədə şəxsi hesab vərəqəsində artıq ödəməsi yaranmışdır. Yuxarıda qeyd olunan hər iki artıq ödəmə məbləğlərinə münasibətdə "xxxx" MMC (VÖEN **********) tərəfindən dövlət büdcəsinə sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə həyata keçirilmişdir. Bildiririk ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Lakin vergi ödəyicisi Məcəllənin 85.5-ci maddəsində nəzərdə tutulmuş tələbetmə müddətini ötürmüş və məhz buna görə də şəxsi hesab vərəqəsində olan artıq ödəmə məbləğləri haqlı olaraq vergi orqanı tərəfindən əsaslandırılmış şəkildə müvafiq tarixli və nömrəli qərarlarla silinmişdir. Həmçinin bildirilir ki, qeydiyyata alındığı tarixdən (fəaliyyətə başladığı) bugünə qədər vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ümumilikdə 3348,12 manat məbləğində ödəniş edilmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia tələbi əsassızdır. Tətbiq edilən hüquq: Vergi Məcəlləsi: Maddə 85.5 Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 87.4 Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 48 nömrəli qərarı. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 2260428,4 manat məbləğində artıq ödənilmiş vergi məbləğinin cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsinə və qaytarılmasına nail olmaqdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixə artıq ödəməsi üzrə müəyyən edilən 1965442,20 manat məbləğ həmin ödəyici tərəfindən xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək təqdim etdiyi ƏDV bəyannamələrinə, eyni zamanda xx.xx.2020-ci il tarixə artıq ödəməsi üzrə müəyyən edilən 443662,30 manat məbləğ həmin ödəyici tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən formalaşmışdır. Hər iki artıq ödəmə məbləğlərinə münasibətdə sonuncu ödəniş xx.xx.2016-cı il tarixdə həyata keçirilmişdir. Cavabdeh orqan bildirir ki, vergi ödəyicisi əldə etdiyi vergi hesab fakturaları əsasında müəyyən edilən ƏDV məbləğlərini müvafiq dövrlərdə ƏDV bəyannamələrində əvəzləşdirmiş və nəticədə şəxsi hesab vərəqəsində artıq ödəməsi yaranmışdır. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsinə və “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 48 nömrəli qərarı ilə tənzimlənir. Göründüyü kimi iddiaçının qaytarılmasını tələb etdiyi artıq ödəmə xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək və xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən formalaşmışdır və vergi ödəyicisi tərəfindən artıq ödəmənin qaytarılmasını ilk dəfə tələb etdiyi xx.xx.2023-cü il tarixdə həmin məbləğin qaytarılmasını tələb etmək hüququ olmamışdır. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən sonuncu ödəmə üzrə (xx.xx.2016-cı il tarixdə) artıq ödəmənin qaytarılmasını, yaxud digər vergilər üzrə borcların hesabına aid edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 5 illik müddət 2021-ci ilin sentyabr ayından etibarən başa çatmış və sözügedən məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən iddiaçının şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 40, 43 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmiş 2260428,4 manat məbləğində artıq ödəmənin cəmiyyətin şəxsi hesab vərəqəsinə bərpa edilməsi və bərpa edilmiş artıq ödəmə məbləğinin qaytarılması öhdəliyinin cavahdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar