Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1361/2021 19.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdehlər Cavabdeh1nə və Zaqatala regional qaz istismarı idarəsinə qarşı “Zaqatala regional qaz istismarı idarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2021-ci il tarixli ******* nömrəli aktının etibarsız hesab edilməsi, 20 manat məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, Zaqatala regional qaz istismarı idarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2021-ci il tarixli ******* nömrəli aktının etibarsız hesab edilməsi, 20 manat məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İB-nin Zaqatala regional qaz istismarı idarəsinin əməkdaşları tərəfindən 23.04.2021-ci il tarixində Zaqatala rayonu Aşağı Tala kəndində yaşadığı evin qaz xəttinə quraşdırılmış Eltser G-4 tipli ******* nömrəli sayğaca baxış keçirilmiş, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23.04.2021-ci il tarixli ******* nömrəli akt tərtib edilərək Sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün götürülmüş, əvəzində isə **********4 nömrəli G-4 markalı başqa sayğac quraşdırılmışdır. Eltser G-4 tipli ******* nömrəli sayğac Cavabdeh1 İB-nin Metrologiya Departamenti və Qaz sayğazlarına nəzarət komissiyası tərəfindən 27.05.2021-ci il tarixdə növbəti dövlət yoxlamasından Keçirilmiş və Sayğacın hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olduğu müəyyən edilmiş, bununla əlaqədar “Qaz sayğacının yoxlanılması barədə” 31.05.2021-ci il tarixdə təsdiq edilmiş MSK nömrəli 29/1710-02251-1 nömrəli Akt tərtib edilmişdir. Həmin akt əsasında Cavabdeh1 İB-nin Zaqatala regional qaz istismarı idarəsinin Zaqatala XS TBX-nin rəisi İ.Abbasov tərəfindən təsdiq edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.05.2021-ci il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın ödənilməsi iddiaçıdan tələb edilmişdir. Aktda istehlakçıya məxsus yaşayış sahəsində 31.05.2021-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunmasının yoxlanıldığı və istehlakçının istifadəsində G-4 tipli ******* nömrəli sayğacın olduğunun müəyyən edildiyi qeyd edilmişdir. Halbuki, sözügedən sayğac bundan əvvəl 23.04.2021-ci il tarixində Zaqatala regional qaz istismarı idarəsinin əməkdaşları tərəfindən çıxarılaraq dövlət yoxlamasına göndərilməsi üçün götürülmüş, əvəzində isə G-4 markalı **********4 nömrəli başqa sayğac quraşdırılmış və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23.04.2021-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Yəni 31.05.2021-ci il tarixində istehlakçının istifadəsində artıq G-4 markalı "805308 nömrəli sayğac deyil, G-4 markalı **********4 nömrəli başqa sayğac olmuşdur. Bu səbəbdən 31.05.2021-ci il tarixdə istehlakçının istifadəsində G-4 tipli ******* nömrəli sayğacın olduğunun müəyyən edilməsi barədə Aktda göstərilən məlumat həqiqətə uyğun deyildir. Aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” bölməsində qeyd edilmişdir ki, 29/1710-02251-1 saylı akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Yuxarıda göstərilən sayğacdakı zədə faktı 31.05.2021-ci il tarixli ******* nömrəli akta əsasən keçirilimiş baxış zamanı deyil, bundan əvvəl Metrologiya Departamenti və Qaz sayğazlarına nəzarət komissiyası tərəfindən 27.05.2021-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir. Bu səbəbdən 31.05.2021-ci il tarixli ******* nömrəli aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” bölməsində yuxarıdakı zədə faktını müəyyən edən digər bir akta istinad edilməsi məntiqi baxımdan absurd və analşılmazdır. Məhkəmə tərəfindən iddiaçıya 13.09.2021-ci il tarixli yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iş üzrə tərəflər mülki hüquq münasibətlərində olduqlarından iddiaçının tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan iddiaçıya məhkəmənin yardımına münasibət bildirməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubuna iddiaçı 07.10.2021-ci il tarixli ərizə ilə cavab verərək bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-952/2021 nömrəli 19.08.2021-ci il tarixli qərardadı ilə Zaqatala regional qaz istismarı idarəsinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin, işə inzibati məhkəmədə baxılmalı olması əsası ilə, icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin məhkəmə qərardadının tələbinə uyğun olaraq iddiaçı tərəfindən Şəki İnzibati Məhkəməsinə eyniməzmunlu iddia ərizəsi təqdim edilmişdir. Lakin həmin məhkəmənin 2-1(116)- 1361/2021 nömrəli məktubu ilə iddianın mülki xarakter daşıdığı və bu səbəbdən işə mülki məhkəmədə baxılmalı olduğu bildirilmişdir. İddiaçı Ali Məhkəmənin Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 13 və 14-cü bəndlərinin tələblərini nəzərə alaraq Zaqatala rayon məhkəməsinə bundan əvvəl təqdim etdiyi və 20 manat dövlət rüsumunu ödədiyi “Zaqatala regional qaz istismarı idarəsinə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinin Zaqatala Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılmasını və aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyil. Belə ki, iddia tələbi inzibati icraat çərçivəsində deyil, mülki mühakimə icraatı qaydasında yaranan hüquq münasibətinə əsaslanır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 13 və 14-cü bəndləri ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən də göründüyü kimi, tələb təbii inhisar subyektinin, yəni cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarı, hərəkəti və ya hərəkətsizliyi, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı deyildir. İddia tələbi tərəflər arasında yaranmış təbii qazın istehlakı ilə əlaqədar alqı-satqı münasibətlərindən irəli gələn öhdəlik üzrə hüquqların həyata keçirilməsi ilə bağlı olmaqla, mülki xarakter daşımaqdadır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Cavabdeh1nə və Zaqatala regional qaz istismarı idarəsinə qarşı “Zaqatala regional qaz istismarı idarəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.05.2021-ci il tarixli ******* nömrəli aktının etibarsız hesab edilməsi, 20 manat məbləğdə ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1361/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1361/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver