Məhkəmə qərarları › İş №2-1(116)-1361/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1361/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1361/2022 23.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin X1rşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DSMF PHŞ-in Sosial Ödənişlərin X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ona təyin edilmiş sosial pensiyanın yaşa görə əmək pensiyası ilə əvəzlənməsi, yaşa görə təyin ediləcək əmək pensiyasının pensiya yaşına çatdığı vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət, təhsil və əmək fəaliyyəti müddətlərini nəzərə almaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, iddiaçının 22 il 11 ay 2 gün sığorta stajının olmasını və bu müddətin tələb olunan 25 ildən az olmasını, əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.1976-cı illər üzrə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmasını, İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 33 saylı məktubuna əsasən “Cavanşir” adına kolxozun 1950-1975-ci illər üzrə əmək haqqının hesablaşma kitablarında iddiaçının adının qeyd olunmamasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina məktubunun dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir. - Dövlət Üzümüçülük və Şərabçılıq Komitəsinin xx.xx.1983-cü il tarixli 04/7-686 nömrəli məktubundan görünür ki, iddiaçının, İsmayıllı rayonunda “Cavanşir” adına sovxozda ixtisasına uyğun işlə təmin olunması tələb edilmişdir. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus, xx.xx.1977-cü ildə tərtib edilmiş əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1973-xx.xx.1977 (4 il 2 ay 4 gün), xx.xx.1983-xx.xx.2001 (17 il 6 ay 5 gün) - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. - ИВ 045080 nömrəli diplomdan və xx.xx.1977-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının 21-ci səhifəsindən görünür ki, iddiaçı, xx.xx.1978 – xx.xx.1983-cü illərdə (4 il 8 ay 20 gün) Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 80 saylı məktubunda qeyd edilmişdir ki, İsmayıllı rayon Təzəkənd Cavanşir adına kolxozun 124 №-li Arxiv fondunda saxlanan 1950-1975-ci illərin kolxoz üzvlərinə əmək haqqının ödənişi üzrə hesablaşma kitablarında (icmal) İddiaçı adı aşkar edilməmişdir. Adam günü norması 1950-1975-ci illərin kitablarında (icmal) 1967-1968-ci illərdə kişilər üçün 160, qadınlar üçün 120 gün qeyd olunub, digər illərdə isə adam günü norması qeyd olunmayıb. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlilləri aşağıdakılardan ibarətdir: - iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. - iddiaçının 22 il 11 ay 2 gün sığorta stajı var və bu müddət tələb olunan 25 ildən azdır. - iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.1976-cı illər üzrə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Lakin, İsmayıllı rayon Dövlət Arxivi, “Cavanşir” adına kolxozun 1950-1975-ci illər üzrə əmək haqqının hesablaşma kitablarında iddiaçının adının qeyd olunmadığını bildirmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmasa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hərbi xidmət (2 il), təhsil (4 il 8 ay 20 gün) və əmək fəaliyyəti (21 il 8 ay 9 gün) müddətləri nəzərə alındıqda, onun ümumi sosial sığorta stajı 28 il il 5 ay olmaqla, tələb olunan 25 ildən çoxdur. İsmayıllı rayon “Cavanşir” adına kolxozda iddiaçının əmək fəaliyyəti müddətinə gəldikdə isə müəyyən edilir ki, iddiaçı əmək fəaliyyətinə başlayarkən sözügedən təsisat kolxoz olsa da, xx.xx.1976-cı ildən sonra kolxoz – sovxoza çevrilmiş və iddiaçı, fəhlə olaraq əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının “Cavanşir” adına kolxozda işlədiyi müddət ərzində yerinə yetirdiyi əmək günlərinin və minimum adam günlərinin miqdarı bəlli olmasa da, iddiaçının əmək fəaliyyətini işdə olan əmək kitabçası sübuta yetirdiyindən, qeyd olunan dövr ərzində iddiaçının minimum adam günü normasından az işləməsi, ümumiyyətlə əmək günlərinin yetərli olmaması ilə bağlı sübutu cavabdeh orqan təqdim etməlidir. Yəni, cavabdeh orqan həmin müddətin əmək stajına hesablanmalı olmadığını bildirirsə, əmək kitabçasındakı qeydlərin mötəbərliyi ilə razılaşmadığını əsaslandırmalı və buna dair sübutlar təqdim etməlidir. İşin hallarından görünüdüyü kimi, cavabdeh orqan tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. İsmayıllı rayon Dövlət Arxivinin, “Cavanşir” adına kolxozun 1950-1975-ci illər üzrə əmək haqqının hesablaşma kitablarında iddiaçının adının qeyd olunmaması ilə bağlı qeydlərinə münasibətdə isə məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq qeydiyyatın aparılması və saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, onun ziyanına şərh edilə bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta “Cavanşir” adına kolxozun xx.xx.1976cı ildə sovxoza çevrildiyi vaxtadək olan dövr nəzərə alınmasa belə, yenə də iddiaçının 25 il 5 ay olmaqla əmək stajı yaranacaqdır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur”. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olmadığından, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İddiaçıya, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 130 manat, xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq 180 manat məbləğində yaşa görə müavinət təyin edildiyindən, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bərabər, əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərq də ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinat X4 üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar