Məhkəmə qərarları › İş №2-1(116)-1361/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1361/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1361/2023 19.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli qərarla xüsusi xəstəlik səbəbli müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, həmin vaxtdan 180 manat müavinət verilmişdir.Lakin iddiaçı ümumilikdə 20 ildən çox olan iş stajı nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməli olduğunu hesab edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ilkin tələbinin icrasından imtina etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi 10 mart 2023-cü il tarixli etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1 -ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qyedə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Təqdim edilən sənədlərə əsasən əmək iddiaçının fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1973-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla sığorta stajı 18 il 6 ay 12 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (16 il 8 aydan) çox olmasına baxmayaraq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını 18 il 6 ay 12 gün sığorta stajına uyğun 15.069,51 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından (65 yaşına uyğun olaraq) azdır və minimum pensiya təminatına (240 manat) imkan vermir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İT-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1994-cü ilədək müxtəlif yerlərdə işləmişdir. - İşdə olan, Ю seriyalı 018235 nömrəli diplomdan görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək Şəki Pedoqoji məktəbində təhsil almışdır. - İşdə olan, SHXÇDX-nin Şəki Rayon şöbəsinin 16 fevral 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan,cavabdehin 01 fevral 2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbi təmin olunmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 12.1-ci maddəsində deyilir ki, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin maddəyə əsasən, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün eyni vaxtda 2 şərtin təmin olunması tələb olunur: 1) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, 2) iddiaçının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalıdır. İddiaçıya əlilliyin təyin olunduğu tarixə onun 64 yaşı olduğuna görə əmək qabiliyyətli yaş dövrü (64-15=49) 49 il təşkil edir. Həmin 49 ilin hər ili üçün 4 ay olmaqla (49 il x 4 ay = 196 ay = 16 il 4 ay 16 il 4 ay sığorta stajının olması tələb olunur. Tələb olunan pensiya kapitalı isə 29400 manat təşkil edir və belə hesablanır: 64 yaş - 15 yaş = 49 il x 4 ay = 196 ay :192 = 1,0208; 1,0208 x 144 ay = 147 x 200 manat = 29400 manat. Deməli, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29400 manat pensiya kapitalı və eyni zamanda 16 il 4 ay sığorta stajı olmalıdır. İddiaçının əmək kitabçasından görünür ki, onun ümumi iş stajı 20 il 09 ay 08 gündür. (xx.xx.1973-cü ildən xx.xx.1977-ci ilədək Şəki Pedoqoji məktəbi- 03 il 10 ay, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Şəki rayon Baş Zəyzid kənd orta məktəbi-10 ay 13 gün,xx.xx.1978-xx-xx.1980-ci ilədək hərbi xidmət dövrü-02 il 25 gün, xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək- Şəki rayon Vərəzət kənd orta məktəbi 14 il). Beləliklə, iddiaçının sosial sığorta stajına daxil olan əmək fəaliyyəti, hərbi xidmət, təhsil dövrlərini və işsizlik müavinəti aldığı dövrləri topladıqda müddətin cəmi 20 il 9 ay 8 gün təşkil edir. Həmin müddət iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 16 ildən artıqdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı ilə əlaqədar isə məhkəmə aşağıdakıları qeyd edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-1-ci maddəsinə görə, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Müəyyən edildi ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunan 29400 manatdan azdır və cəmi 19207,04 manat təşkil edir. Həmin məbləğ bu qaydada hesablanmışdır: (20 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 9 ay 08 gün) = 6353,06 manat + 8,3 % + 16,7 % + 20,8 % + 1,5 % + 5,7 % + 7,9 % + 1,1 % + 2,4 % + 1,4 % + 4 % + 12,4 % + 5,7 % + 3 % = 15000,73 manat. İddiaçıya əlillik təyin olunan xx.xx.2022-ci ildə minimum pensiya 200 manat olmuşdur. Göründüyü kimi, iddiaçının kifayət qədər sosial sığorta stajı olsa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının miqdarı tələb olunandan azdır. Belə olan halda isə, ona əlilliyə görə əmək pensiyası təyin edilə bilməz. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar