Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1363/2022 27.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Qəbəbə rayon Böyük Pirəli kənd ƏİD-tərtib edilmiş xx.xx.1985-ci il tarixli 88 saylı doğum haqqında akt qeydində, uşaq qrafasında “Qafqaz” adına düzəliş edilərək, “Hafiz” adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “adına xx.xx.1985-ci il tarixində 88 nömrə ilə qeydiyyatdan keçməklə verilmiş doğum haqqında şəhadətnamədə qeyd olunan Hafiz adının arxiv qeydiyyat jurnalında “Qafqaz” adından Hafiz adına qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım ünvanlayaraq iddia tələbini dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Qəbəbə rayon Böyük Pirəli kənd ƏİD-tərtib edilmiş xx.xx.1985-ci il tarixli 88 saylı doğum haqqında akt qeydində uşaq qrafasında “Qafqaz” adına düzəliş edilərək, “Hafiz” adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.1985-ci il tarixli 88 nömrəli doğum akt qeydində ad qrafasında “Qafqaz” adı qeyd edilmiş və həmin akt qeydi əsasında tərtib edilmiş Xİ-ЖГ 268324 nömrəli doğum haqqında şəhadətnamədə də adı “Qafqaz” qeyd edilmiş, lakin şəhadətnamənin üzərində “uşağın adı Hafiz oxunsun” qeyd edilməklə möhürlə təsdiq edilmişdir. İddiaçı, doğum haqqında şəhadətnamə və digər sənədlərə əsasında ilkin akt qeydində ad qrafasına düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - iddiaçı barəsində tərtib edilmiş fərdi uçot kartoçkasında xx.xx.1985-ci il təvəllüdlü İddiaçı barəsində məlumatlar qeyd edilmişdir. - cavabdeh orqan tərəfindən təqdim edilmiş xx.xx.1985-ci il tarixli 88 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X2 xx.xx.1985-ci il tarixdə doğulması, atasının - X3, anasının - X5 olması ilə bağlı qeydlər icra edilmişdir. - AZ-İİ 737445 və AZ-İİİ 692054 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Ömər Baxışov və Uğur Baxışovun valideynlərinin ata qrafasında “Hafiz” adı qeyd edilmişdir. - Xİ-ЖГ 268324 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, həmin şəhadətnamənin xx.xx.1985-ci il tarixdə 88 № ilə qeydiyyata alındığı, İddiaçı xx.xx.1985-ci ildə doğulması, atası - X3, anası X5 qeyd edilmiş, şəhadətnamənin üzərində “uşağın adı Hafiz oxunsun” qeydi icra edilmişdir. - AZ-İ 590630 №-li nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adı doğum haqqında ilkin akt qeydində “Qafqaz” qeyd edilmiş və ona həmin akt qeydi əsasında verilmiş Xİ-ЖГ 268324 nömrəli doğum haqqında şəhadətnamədə də adı “Qafqaz” qeyd edilmişdir. İnzibati orqan daha sonra şəhadətnamənin üzərində “uşağın adı Hafiz oxunsun” qeydi icra etməklə, iddiaçının doğum haqqında şəhadətnaməsində ad qrafasında “Qafqaz” adının “Hafiz” adına dəyişdirilməsini möhürlə təsdiq etmiş, bununla bağlı həmin dəyişikliklə bağlı ilkin akt qeydinə hər hansı məlumatın daxil edilməsini təmin etməmişdir. Müvafiq dəyişiklik əsasında sonradan tərtib edilmiş iddiaçıya məxsus bütün digər sənədlərdə iddiaçının adı “Hafiz” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. İddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında adının “Hafiz” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, şəxsiyyət vəsiqəsinin verilməsi üçün təqdim edilən doğum haqqında şəhadətnamədə də iddiaçının adı “Hafiz” olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə adının “Hafiz” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Bundan başqa iddiaçının fərdi uçot kartoçkasında olan məlumatlarla da adı “Hafiz” göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə onun adına düzəliş edilməsi ilə birbaşa qeyd olduğundan, ilkin doğum haqqında akt qeydində ad qrafasına düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Bundan başqa işdən görünür ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə doğum akt qeydinin tarixi 27 noyabr 1985, cavabdehin təqdim etdiyi doğum akt qeydində isə 25 noyabr 1985-ci il qeyd edilmişdir. Məhkəmə həmin fərqi texniki xəta hesab edir və iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddiaçının hüquqi marağına uyğun olaraq onun barəsində tərtib edilmiş doğum akt qeydinə düzəliş edilməsini mümkün hesab edir. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Qəbəbə rayon Böyük Pirəli kənd ƏİD-tərtib edilmiş xx.xx.1985-ci il tarixli 88 saylı doğum haqqında akt qeydində, uşaq qrafasında “Qafqaz” adına düzəliş edilərək, “Hafiz” adının qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.