Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1366/2025 04.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının Məmmədov Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı1 və digərlərinin Cavabdehnə qarşı “xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 749 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “Fəzli” adının “Fazil”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “16.8.1950-ci il tarixdə tərtib edilmiş 749 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “Fəzli” adının “Fazil”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, iddiaçılar Qəbələ rayonunun Böyük Pirəli kəndində anadan olmuşlar. X1, anaları X2r. JN-233F saylı "Torpaq şəhadətnaməsi" üzrə 0.31 hektar torpaq sahəsi üzərində miras paylarının müəyyən edilməsi ilə əlaqədar dövlət orqanlarına müraciət edərkən məlum olmuşdur ki, hər birinin doğum şəhadətnaməsində ata qrafasında ata adı Fəzli kimi, şəxsiyyət vəsiqələrində isə ata adı Fazil kimi qeyd edilmişdir. Eyni zamanda digər şəxsi sənədlərində də ata adı Fazil kimi qeyd edilmişdir. Sənədlərdə qeyd olunan uyğunsuzluq səbəbinden dövlət orqanlarında əməliyyat aparılması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə Cavabdehnə rəsmi ərizə ilə müraciət edərək mərhum atalarının doğum haqqında akt qeydinde uşaq haqqında ad qrafasında adının "Fəzli”dən "Fazil”-ə düzəliş edilməsini xahiş etmişlər. Lakin müraciətləri təmin edilməmiş, cavabdeh orqan tərəfindən təqdim edilmiş cavab məktubunda göstərilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 749 nönmrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında ad "Fəzli" kimi yazılmışdır. İE - 464/38 seriyalı və nömrəli doğum şahadətnaməsində ad "Fezli"dir. Cavabdeh orqan düzəlişin edilməsi üçün hər hansı əsasın mövcud olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətləri, cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, İE - 464/38 seriyalı və nömrəli doğum haqqında şahadətnamə, AZ- İV 791314, AZ-İV 791319, AZ-T 239262, AZ-İV 791224, AZ-İV 791315 saylı doğum haqqında şahadətnamələrin surətləri, Cavabdeh xx.xx.2024-cü il tarixli arayışı, Qəbələ rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Qəbələ rayonu Böyük Pirəli kəndinin təsərrüfatbaşına kitablarından çıxarışların surətləri, xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 749 nömrəli doğum haqqında akt qeydi, xx.xx.2005-ci il tarixli, 08 saylı ölüm haqqında akt qeydi, iddiaçılar barəsində tərtib edilmiş doğum akt qeydlərinin surətləri, Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər.
5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi maraqları mərhum ataları barəsində tərtib edilmiş doğum haqqında akt qeydində ad qrafasında “Fəzli” adının “Fazil”ə düzəliş düzəliş edilməsinə nail olmaqdır. İstinad olunan “Əsas Müddəaların“ tələbləri baxımından vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisənin olmaması müəyyən edilmişdir. Hazırkı iş üzrə aidiyyəti şəxslər arasında mübahisənin olması müəyyən edilmir. “Kifayət qədər əsas” şərtinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İşdə olan sənədlərdən görünür ki, mərhum X4 xx.xx.1931-ci ildə doğulmuş və xx.xx.2005-ci ildə vəfat etmişdir. X5 adı tərtib edilmiş bütün sənədlərdə “Fəzli” olaraq qeyd edilmiş və həmin adın texniki səhv nəticəsində qeyd edilməsinə dair iddiaçlar tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, hətta mərhuma məxsus doğum haqqında şəhadətnamədə belə valideynləri tərəfindən ona verilən ad “Fəzli” olmuşdur. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 4-cü və 5-ci bəndlərində də vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi əsasları və qaydaları müəyyən edilmişdir ki, hər bir halda düzəliş edilməsi tələb edilən akt qeydində mərhumun adının “Fəzli” qeyd edilməsi səhv olmadığından, iddiaçılar cavabdeh orqandan sözügedən akt qeydində “ad” qrafasına dəyişiklik edilməsini tələb etməkdə haqlı olmamışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə
qərara aldı:
İddiaçı1 və digərlərinin Cavabdehnə qarşı “xx.xx.1950-ci il tarixdə tərtib edilmiş 749 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “Fəzli” adının “Fazil”ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.