Məhkəmə qərarları › İş №2-1(116)-1368/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1368/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1368/2024 27.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Yevlax rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçının qızı kimi adına yazılmış xx.xx.2011-ci il təvəllüdlü X1 adına 2012-ci ilin dekabr ayının 18-də Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1126 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının qızı kimi adına yazılmış xx.xx.2011-ci il təvəllüdlü X1 adına 2012-ci ilin dekabr ayının 18də Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1126 nömrəli doğum akt qeydinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçının qızı kimi adına yazılmış xx.xx.2011-ci il təvəllüdlü X1 adına 2012-ci ilin dekabr ayının 18-də Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 1126 nömrəli doğum akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1989-cu il təvəllüdlüdür. Onun ilk evliliyi (faktiki nikah münasibətində) X6 adlı şəxslə olmuşdur. X6 ilə birgə faktiki nikahından xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü X9 adlı iki övladı olmuşdur.Övladlarının atası Məmmədov Anar ismayıl oğlu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Hazırda adları göstərilən hər iki övladı onun yanında, himayəsində qalırlar. Məmmədov Anar ismayıl oğlu ilə ayrıldıqdan sonra, o yenidən başqa şəxslə rəsmi nikah münasibətinə girmiş və həmin nikahdan 5 övladı vardır onlardan birinin doğum akt qeydi vardır. Dörd övladının isə doğum akt qeydi yoxdur, ikinci rəsmi nikahdan olan , o cümlədən doğum akt qeyd, rəsmiləşdirilmiş övladı - X2r. Onun təvəllüdü xx.xx.2011-ci ildir. Hazırda ona məlum olmuşdur ki,qaynatasının təşəbbüsü ilə xx.xx.2011- ci il təvəllüdlü X10 adlı şəxsin doğum akt qeydinin ana qrafasında iddiaçının adı qeyd edilmişdir: Xüsusi olaraq bildirir ki, onun Şəmsiyyə adlı övladı olmamışdır. Və saxta sənədləşmədən də göründüyü kimi doğum tarixi ilə, ikinci nikahdan olan övladı Aynurun doğum tarixləri arasında 4 ay vaxt vardır. Təbii ki, dörd aydan bir uşaq dünyaya gətirə bilməz. Habelə, saxta olaraq qızı kimi adına sənədləşdirilmiş X1 doğum tarixi, ilk həyat yoldaşı ölümündən altı gün sonraya təsadüf edir. Halbuki, o, övladları Cəmilə və İsmayılın ataları X6 ilə onun ölümündən iki il öncə ayrılmışdı və başqa şəxslə artıq ailə həyatı qurmuşdur. Bunu qızı Aynurun doğum tarixi də təsdiq edir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı münasibət (etiraz) bildirməmiş, xx.xx.2024-cü il tarixli məktub göndərərək məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub göndərərək nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina etmişdir.

2. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 145 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı.

3. AZ-İİ seriyalı 115124 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə X11 anadan olmuşdur.

4. AZ-İİ seriyalı 105284 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə X9 anadan olmuşdur.

5. AZ-İİ seriyalı 907488 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə X7 anadan olmuşdur.

6. X3 məxsus AA5525275 nömrəli şəxsiyyət vəsiqəsi;

7. X9 barəsində xx.xx.2012-ci il tarixli 1125 nömrəli doğum aktı;

8. X7 barəsində xx.xx.2012-ci il tarixli 619 nömrəli doğum aktı qeydi;

9. X11 barəsində xx.xx.2012-ci il tarixli 1124 nömrəli doğum aktı qeydi ;

10. X10 barəsində xx.xx.2012-ci il tarixli 1126 nömrəli doğum aktı qeydi;

11. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 doğulması barədə hər hansı bir qeyd və İddiaçı 2011-2012-ci illərdə Yevlax rayon Mərkəzi Xəstəxanasında doğuşu ilə bağlı hər hansı bir sənəd aşkar edilməmişdir.

Əsaslandırma hissəsi:

Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adına düzəlişin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır.İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia mahiyyət etibarı ilə də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi (Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması) : 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası:

2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. İddiaçının hüquqi marağı X10 barəsində tərtib edilmiş xx.xx.2012-ci il tarixli 1126 nömrəli doğum aktı qeydinin ləğv edilməsindən ibarətdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki,iddiaçının mərhum X6 faktiki nikah münasibətindən xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X9 adlı iki övladı olmuşdur.Həmçinin,iddiaçının sonradan rəsmi nikaha daxil olduğu X13 ilə faktiki nikahından xx.xx.2011-ci il tarixində X7 anadan olmuşdur.Hazırda mübahisələndirilən X1 barəsində Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci ilin tarixli, 1126 nömrəli doğum akt qeydində uşağın doğum tarixi “xx.xx.2011-ci il” kimi qeyd edilmişdir.Göründüyü kimi iddiaçının ikinci faktiki nikahdan doğulan övladı Aynurun doğum tarixi ilə X1 doğum tarixi arasında 4 aydan da az müddət vardır ki,bu da tibbi olaraq mümkün deyildir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Yevlax Şəhər icra Hakimiyyəti Başçısının 30.01. 2013-cü il tarixli 16 nömrəli Sərəncamı ilə xx.xx.2007-ci ildə anadan olmuş Abdullayeva (Məmmədova ) Cəmilə Anar qızının və xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 üzərində babaları X5 qəyyum təyin edilmişdir.Həmin Sərəncam da isə Şahismayıl Məmmədovun mərhumun oğlunun iki övladı barəsində qəyyumluq müəyyən edilmiş, X1 barəsində qeyd aparılmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən X1 barəsində aparılan qeydiyyatın heç bir hüquqi əsası olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. X10 barəsində tərtib edilmiş xx.xx.2012-ci il tarixli,1126 nömrəli doğum aktı qeydinin ləğv edilməsi öhdəliyi Yevlax rayon qeydiyyat şöbəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar