Məhkəmə qərarları › İş №2-1(116)-137/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-137/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-137/2021 29.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8 İddiaçı Ağamməd oğlunun iştirakı ilə İddiaçı Ağamməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X5) "X3 verilmiş RX seriyalı ******* nömrəli çıxarış və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” və İddiaçı Ağamməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayon Aqrar İslahat Komissiyasının 24.08.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinə texniki pasport və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Ağamməd oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3 verilmiş texniki pasport və çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 30.06.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zərdab rayon AİK-nın 24.08.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə rayonun Çallı kənd sakini X9 mülkiyyətinə 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. C.Əliyevanın övladı olmamış, bu səbəblə bütün mülkiyyətini 16.01.2008-ci il tarixdə X3 vəsiyyət etmiş, C.Əliyeva isə 24.06.2009-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra S.Əhmədova vəsiyyətnamə üzrə yeganə vərəsə olduğu üçün C.Əliyevanın bütün mülkiyyətini öz adına keçirmiş və bununla bağlı onun adına RX seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Bir müddət sonra S.Əhmədova müəyyən etmişdir ki, qonşusu İddiaçı onun torpaq sahəsini zəbt etmiş, S.Əhmədova İddiaçı dəfələrlə torpaq sahəsindən çıxması üçün xəbərdarlıq etsə də, iddiaçı həmin torpaq sahəsindən çıxmamış və beləliklə tərəflər arasında məhkəmə qaydasında mübahisə yaranmışdır. Belə ki, Zərdab Rayon Məhkəməsinin 20.09.2011-ci il tarixli, 2(036)-221/2011 nömrəli qətnaməsi ilə həmin iş üzrə İddiaçı Ağamməd oğlunun cavabdeh X3 qarşı “zəbt edilmiş 0.06 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması” tələbinə dair iddiası təmin edilmişdir. S.Əhmədova tərəfindən verilən apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.07.2012-ci il tarixli, 2(106)47/2012 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14.12.2012-ci il tarixli, 2(102)-4244/12 nömrəli qərarı ilə təmin edilməmişdir. İddiaçı S.Əhmədovanın adına tərtib edilmiş texniki pasport və RX seriyalı ******* nömrəli çıxarışın onun mülkiyyət hüquqlarını pozduğunu hesab edərək, cavabdeh orqana müraciət edərək, həmin sənədlərin etibarsız hesab edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya 03.07.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, çıxarış və texniki pasport inzibati akt olmadığı üçün etibarsız hesab edilə bilməz. Bu səbəblə o, iddia tələbini çıxarış və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi göstərməlidir. İddiaçı 22.07.2020-ci il tarixdə iddia tələbində dəqiqləşdirmə aparmış və "X3 verilmiş RX seriyalı ******* nömrəli çıxarış və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27.07.2020-ci il tarixli, 2-1(116)-1161/2020 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmişdir. 18.12.2020-ci il tarixdə İddiaçı Ağamməd oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “Zərdab rayon Aqrar İslahat Komissiyasının 24.08.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinə texniki pasport və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iş nömrəsi: 2-1(116)-467/2021). Məhkəmənin 04.03.2021-ci il tarixli, 2-1(116)-467/2021 nömrəli qərardadı ilə İddiaçı Ağamməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayon Aqrar İslahat Komissiyasının 24.08.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinə texniki pasport və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(116)-467/2021 nömrəli iş İddiaçı Ağamməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X5) "X3 verilmiş RX seriyalı ******* nömrəli çıxarış və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(116)-137/2021 nömrəli işlə bir icraatda birləşdirilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 18.08.2020-ci il tarixli, **********69 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Zərdab rayon, Çallı kənd sakini X1 rayon Çallı kəndində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində mərhum bibisi X9 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinə müayinə baxışı keçirilən zaman həyətyanı sahəsinin faktiki məziyyətinin konfiqurasiyasının, təqdim edilmiş Zərdab rayon Aqrar İslahat Komissiyasının 24.08.1997-ci il tarixli 06 nömrəli qərarı ilə hazırlanmış JN-058A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş həyətyanı sahənin konfiqurasiyası iə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də X1 rayon İHB-nın Çallı kənd üzrə nümayəndəsinin, DTXK-nin Zərdab rayon şöbəsinin nümayəndəsinin, Zərdab rayon Çallı bələdiyyəsinin sədrinin və qonşularının iştirakı ilə mövcud vəziyyətə uyğun tərtib edilmiş 14.02.2013-cü il tarixli aktı və sxematik planı təqdim etmişdir. JN-058A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə arxiv sənədlərində mövcud olmasına baxmayaraq, həmin kəndin DWG məlumatlarında kəndaltı hissəsi mövcud deyildir. Təqdim edilmiş sənədlərə əsasən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin naturada faktiki vəziyyətinə (mövcud hasar daxilində) uyğun mərhum X9 adına 26.02.2013-cü il tarixdə qanunvericiliyə uyğun olaraq **********05-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir Sonradan Zərdab rayon Dövlət Notariat Kontorunun 28.03.2013-cü il tarixli 2V-09 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında X2 adına 02.04.2013-cü il tarixdə **********05-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və daşınmaz əmlaklar üzərində hüquqların dövlət qeydiyyatını aparan orqandır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş üzrə üçüncü şəxs X4 24.08.2020-ci il tarixli iddia tələbinə etiraz məktubunda qeyd edilir ki, İddiaçı Ağəmməd oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "X3 verilmiş RX seriyalı ******* nömrəli çıxarış və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə vermiş olduğu şikayət əsassızdır. Belə ki, o, yeganə varis olaraq bibisi X9 evini, tövləsini və həyətyanı torpaq sahəsini öz adına qanuniləşdirərkən məlum oldu ki, bibisinin adına verilmiş JN-058A saylı şəhadətnamədə göstərilən plan-ölçü cizgiləri - konfiqurasiya naturadan, yəni həyətyanı torpaq sahəsinin faktiki formasından təmamilə fərqlənir. Bu uyğunsuzluğu aradan qaldırmaq məqsədilə S.Əhmədova tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət olunmüşdur. Müraciətinə cavab olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Zərdab rayon şöbəsinin mütəxəsisləri sözügedən əraziyə baxış keçirmiş, tərəflərindən lazımi sənədlər hazırlanaraq ona təqdim olunmuşdur. Bu sənədlər əsasında da tam qanunauyğun şəkildə texniki pasport və çıxarış hazırlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan JN-150A nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayon AİK-nın 24.08.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə 0.22 ha həyətyanı torpaq sahəsi İddiaçı Ağamməd oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan cavabdeh orqanın etiraz məktubuna əlavə edilən sənədlərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, JN-058A nömrəli şəhadətnamə ilə Zərdab rayon AİK-nın 24.08.1997-ci il tarixli, 06 nömrəli qərarına əsasən 0.24 ha həyətyanı torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. Onun vəfatından sonra vərəsəlik işi açılmış və 28.03.2013-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 C.Əliyevanın vərəsəsi olaraq müəyyən edilmişdir. DTXK-nin iddiaçıya ünvanladığı 30.01.2013-cü il tarixli, 1710/63 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 14.02.2013-cü il tarixli akta əsasən X12 məxsus həyətyanı torpaq sahəsinin xəritəsinin hal-hazırda mövcud olduğu vəziyyətdə çəkilməsinə qonşular etiraz etməmişdir. Bundan sonra torpaq sahəsinin xəritəsi mövcud vəziyyətə uyğun çəkilmiş və üçüncü şəxsin adına 02.03.2013-cü il tarixli texniki pasport və RX seriyalı ******* nömrəli, 02.04.2013-cü il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin 28.08.2020-ci il tarixli, **********55 nömrəli məktubuna əlavə edilmiş Siyahının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı və onun ailə üzvlərinin adına 0.25 ha həyətyanı torpaq sahəsi, üçüncü şəxs Siyasət Əhmədovanın adına 0.08 ha həyətyanı torpaq sahəsi və mərhum Cəmilə Əliyevanın adına 0.23 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Həmçinin məktuba əlavə edilən Cədvəlin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı və onun ailə üzvlərinin qanuni istifadəsində 0.20 ha həyətyanı sahə, mərhum Cəmilə Əliyevanın qanuni istifadəsində 0.18 ha torpaq sahəsi və üçüncü şəxs Siyasət Əhmədovanın qanuni istifadəsində isə 0.08 ha torpaq sahəsi qeyd edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10.03.2020-ci il tarixli, 2(107)-568/2020 nömrəli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X5 cavabdeh (hazırkı iş üzrə iddiaçı) İddiaçı Ağamməd oğluna qarşı iddia tələbi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, “cavabdehin zəbt etdiyi ona məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 29.01.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin MKnın 10.03.2020-ci il tarixli, 2(107)-568/2020 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 18.08.2020-ci il tarixli, 2(102)-4281/2020 nömrəli qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10.03.2020-ci il tarixli, 2(107)- 568/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan 19.03.2021-ci il tarixli, 113 nömrəli ekspert rəyində qeyd edilir ki, JN-058A nömrəli Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsi 02.03.2013cü il tarixdə tərtib edilmiş 905-5/23 inventar nömrəli Texniki pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, JN-058A nömrəli şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin konturu ilə həmin torpaq sahəsinin faktiki vəziyyətinin konfiqurasiyası ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Bu uyğunsuzluq barədə Zərdab Rayon İHBnın Çallı kəndi üzrə nümayəndəsinin, DTXK-nin Zərdab rayon şöbəsinin nümayəndəsinin, Zərdab rayon Çallı bələdiyyəsinin sədrinin və qonşularının iştirakı ilə mövcud vəziyyətə uyğun 14.02.2013-cü il tarixli Akt və sxematik plan tərtib edilmişdir. DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən 26.02.2013-cü il tarixdə **********05-10301 reyestr nömrəli çıxarış (X14), 02 mart 2013-cü il tarixdə 905-5/23 inventar nömrəli **********05-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportu, 02.04.2013-cü il tarixdə **********05- 10301 reyestr nömrəli çıxarış sənədləri verilmişdir. Bu barədə DƏDRX-nin 16 saylı Ucar Ərazi idarəsinin məlumat xarakterli 18 avqust 2020-ci il tarixli məktubu işə əlavə olunmuşdur. Lakin Akt və sxem tərtib olunarkən torpaq sahəsinin şərq tərəf qonşusu olan İddiaçı Ağamməd oğlu və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsinin JN-150A saylı şəhadətnamədə göstərilən konturu üzrə faktiki istifadə vəziyyəti və onlara verilən JN-150A saylı şəhadətnamənin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır. Mübahisəli torpaq sahələri AutoCad və ArcMap proqramları vasitəsilə tərtib olunan plan-sxemdə aydın şəkildə göstərilmişdir. JN-150A nömrəli Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsi ilə 905-5/23 inventar nömrəli “Texniki pasport"da qeyd olunan torpaq sahəsi üst-üstə düşür. İddiaçı Ağamməd oğlu və onun ailə üzvlərinin faktiki istifadəsində olan və onlara məxsus JN-150A saylı şəhadətnamədə göstərilən 0.22 ha torpaq sahəsinin 0.0782 ha hissəsi cavabdeh X3 verilmiş RX seriyalı ******* nömrəli çıxarış və onun 905-5/23 inventar nömrəli Texniki Pasportunda göstərilən 0.24 ha torpaq sahəsinin konturunun daxilində göstərilməsi müəyyən edilmişdir. İddiaçı Ağamməd oğlu və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsinin JN-150A saylı şəhadətnamədə göstərilən konturu ilə həmin torpaq sahəsinin faktiki istifadə hüdudları uyğun gəlir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə JN-058A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşmür. Lakin sonradan 14.02.2013-cü il tarixdə tərtib edilən Akt və sxematik planla, o cümlədən cavabdehə verilən 02 mart 2013cü il tarixli, 905-5/23 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunda göstərilən torpaq sahəsinin konturu ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşür. Əsaslandırma hissəsi: Üçüncü şəxs və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia qismən əsaslıdır. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddənin beşinci hissəsində "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları»təsdiq edilmiş və həmin Qaydaların 2.1-ci bəndində müəyyən olunmuşdur ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. İPM-in 14.2-ci maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsinin JN-150A saylı şəhadətnamədə göstərilən konturu ilə həmin torpaq sahəsinin faktiki istifadə hüdudları uyğun gəlir və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə JN-058A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşmür. Cavabdeh inzibati orqan ləğvi tələb olunan çıxarışı və onun texniki pasportunu tərtib edərkən qeyd olunan halı araşdırmamış, nəticədə iddiaçı və ailə üzvlərinin mülkiyyət hüququnun məhdudlaşdırlmasına gətirib çıxaran qanunsuz hərəkətlərə yol vermişdir. JN-058A nömrəli şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin konturu ilə həmin torpaq sahəsinin faktiki vəziyyətinin konfiqurasiyası ilə uyğunsuzluq təşkil etməsi iddiaçının təqsiriindən baş verən hal olmamışdır və sonradan uyğunsuzluq barədə Zərdab Rayon İHB-nın Çallı kəndi üzrə nümayəndəsinin, DTXK-nin Zərdab rayon şöbəsinin nümayəndəsinin, Zərdab rayon Çallı bələdiyyəsinin sədrinin və qonşularının iştirakı ilə mövcud vəziyyətə uyğun 14.02.2013-cü il tarixli Akt və sxematik planın tərtib edilməsi cavabdeh inzibati orqanı reyestrdə qeydiyyat aparılan zaman həyata keçirilməli olan inzibati araşdırma aparmaq vəzifəsindən azad etməmişdir. Akt və sxem tərtib olunarkən torpaq sahəsinin şərq tərəf qonşusu olan iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsinin JN-150A saylı şəhadətnamədə göstərilən konturu üzrə faktiki istifadə vəziyyəti və onlara verilən JN-150A saylı şəhadətnamənin coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı iddiaçı və ailə üzvlərinin mülkiyyətin olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə 3-cü şəxsin adına tərtib olunmuş çıxarış və texniki pasportun ləğv olunması öhdəli cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin olunsa da, təmin edilməyən hissənin tələbin ümumi mahiyyətinə təsir etmədiyi (nəticə etibarı ilə iddiaçının arzuladığı nəticəyə tam çatması) üçün ekspert rəyinin verilməsinə çəkilən xərc cavabdehə aid edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə X6 adına tərtib edilmiş 30.05.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə üçüncü şəxs X2 adına tərtib edilmiş RX seriyalı, ******* nömrəli, 02.04.2013-cü il tarixli çıxarış və reyestr nömrəsi **********05-10301 olan, 02.03.2013-cü il tarixli fərdi yaşayış evinin Texniki pasportu İddiaçı Ağamməd İddiaçı Ağamməd oğlu və onun ailə üzvlərinin faktiki istifadəsində olan və onlara məxsus JN-150A saylı şəhadətnamədə göstərilən 0.22 ha torpaq sahəsinin 0.0782 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi qoyulur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayon Aqrar İslahat Komissiyasının 24.08.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı Ağamməd oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş, JN-150A saylı şəhadətnamədə göstərilən 0.22 ha həyətyanı torpaq sahəsinə texniki pasport və çıxarışın verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Ekspert rəyinin verilməsinə çəkilən xərc cavabdehə aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 300 manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən tutularaq “X11“ MMC-nin hesabına (Kapital Bank ASC Sahil filialı, kod: 201218 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ**********0000001944, SWİFT: AİİBAZ2X, “X11” MMC hesab AZ64AİİB400900C**********208 VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar