Məhkəmə qərarları › İş №2-1(116)-1371/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1371/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1371/2023 01.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Balakən rayon Qullar bələdiyyəsinə qarşı “cavabdehin X3 torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli 05 saylı qərarlarının etibarsızlığının tanınması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Balakən rayon Qullar bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin X3 torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2015ci il tarixli və xx.xx.2008-ci il tarixli 05 saylı qərarlarının etibarsızlığının tanınması” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddia ərizəsindən görünür ki, Balakən rayon Qullar bələdiyyəsinin xx.xx.2015-ci il tarixli və xx.xx.2008-ci il tarixli 05 saylı qərarlarının etibarsızlığının tanınmasını xahiş edilmişdir. Müəyyən edilir ki, iddiaçı faktiki olaraq Balakən rayon Qullar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 05 saylı qərarını yox, xx.xx.2018-ci il tarixli 05 saylı qərarının etibarsızlığının tanınmasında maraqlıdır. Etibarsız sayılması xahiş edilən Balakən rayon Qullar bələdiyyəsinin xx.xx.2015-ci il tarixli qərarına münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il tarixli qərar ümumiyyətlə X3 torpaq sahəsinin satılması ilə bağlı deyil. Qərarın məzmunundan görünür ki, sözügedən qərarda Qullar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0,10 ha olmaqla 1 sahə üçün ayrı-ayırılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanmasının və bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsini qeydiyyata alıb çıxarışın və məhdudlaşdırmaya (yüklülüyə) dair arayışın verilməsini təmin edilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Zaqatala ərazi idarəsindən xahiş edilməsi barədədir. Cavabdehin xx.xx.2018-ci il tarixli 05 saylı qərarı isə Qullar kənd sakini X2 5 ildən artıq daimi qeydiyyatda olması nəzərə alınaraq həyətyanı məqsədilə 0.0993 ha torpaq sahəsinin hər 0.01 hektarı 150 manat olmaqla, cəmi 1500 manat bilavasitə hərracdan kənar qaydada satılması barədədir. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir və iddia, tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Hazırda etibarsız sayılmasını xahiş edilən cavabdehin xx.xx.2015-ci il tarixli qərarının qəbulundan 8 ilə və xx.xx.2018-ci il tarixli qərarın qəbulundan isə 5 ilə yaxın müddət keçmişdir. Odur ki, həmin qərarların etibarsızlığının qısa müddətdə tanınması və inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağın olması müəyyən edilmir. İddia tələbində qeyd edilmişdir ki, “cavabdehin xx.xx.2013-cü il tarixli 04 saylı qərarı ilə iddiaçıya ərizədə göstərdiyi yerdən həyətyanı sahəsinə bitişik, 15 il istifadə etdiyi, sökülmüş sarayaltı ərazidən 0.10 ha həyətyanı torpaq sahəsinin satılması və ayrılması haqqında qərar çıxarılmışdır”. İş materiallarında olan cavabdehin xx.xx.2013-cü il tarixli 04 saylı iclas protokolundan çıxarışdan görünür ki, Qullar bələdiyyəsinin mülkiyyətində olan, K.P.İ. fonduna aid torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0,10 ha olmaqla 1 sahə üçün ayrı-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması məqsədilə DTXK-nin Balakən rayon şöbəsinə müraciət edilməsi barədə Qullar bələdiyyəsinin sədri R.M.Ömərovun verdiyi məlumat nəzərə alınmış, Qullar bələdiyyəsinin mülkiyyətində olan X.Saramanovun həyətyanı sahəsinə bitişik sökülmüş saray altı torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0.10 ha olmaqla 1 sahə üçün ayn-ayırılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması DTXK-nin Balakən rayon şöbəsindən xahiş edilmişdir. Yəni, sözügedən qərar torpaq sahəsinin bilavasitə satışa çıxarmaqdan ötrü plan və ölçülərin (kadastr) işlənib hazırlanması barədə olmaqla torpaq sahəsinin kimə satılmalı olması məsələsini həll etməmişdir. İddiaçı, cavabdehin orqanın xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli 05 saylı qərarlarının etibarsızlığını tələb edərək həmin qərarda qeyd edilmiş torpaq sahəsinin cavabdehin xx.xx.2013-cü il tarixli 04 saylı qərarı ilə özünə satılmış torpaq sahəsi ilə eyni torpaq sahəsi olduğunu iddia edir. Lakin, yuxarıda qeyd edildiyi kimi sözügedən xx.xx.2013-cü il tarixli qərar iddiaçıya torpaq sahəsinin ayrılması və satılması ilə bağlı yox, Qullar bələdiyyəsinin mülkiyyətində olan X.Saramanovun həyətyanı sahəsinə bitişik sökülmüş saray altı torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0.10 ha olmaqla 1 sahə üçün ayn-ayırılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması barədə olmuşdur. İddia tələbi “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsi ilə əsaslandırılsa da, qeyd edilən inzibati aktların həmin maddədə qeyd edilən hansı əsasla etibarsız hesab edilməsi ilə bağlı mövqe aydın qeyd edilməmiş, iddiaçı bunu Balakən rayon Qullar bələdiyyəsinin X3 torpaq sahəsi satılması ilə bağlı xx.xx.2015-ci il tarixli qərarının mövcud olmaması və buna görə də müvafiq qərarın saxtalaşdırıldığını güman etməsi ilə izah etmişdir Lakin, yuxarıda qeyd edildiyi kimi həqiqətən də xx.xx.2015-ci il tarixli qərar X3 torpaq sahəsi satılması ilə bağlı olmamış, fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0,10 ha olmaqla 1 sahə üçün ayrı-ayırılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması və digər məsələlərin həllini nəzərdə tutmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Göründüyü kimi əslində iddiaçı sözügedən torpaq sahəsinin bələdiyyənin xx.xx.2013-cü il tarixli 04 saylı iclas protokolu ilə özünə satıldığını, sonradan isə həmin torpaq sahəsinin cavabdehin orqanın xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli 05 saylı qərarları ilə X1 bildirərək həmin qərarları qanunsuz inzibati akt hesab etsə də, hazırkı tələbdə həmin qərarların etibarsız hesab edilməsini xahiş etmişdir. Hazırkı iddianın, yəni inzibati aktın etibarsız hesab edilməsi haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağına uyğun olaraq əlverişli iddia növü “mübahisələndirmə haqqında” iddiadır. İPM-nin 38.1-ci maddəsinə əsasən “mübahisələndirmə haqqında” iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının “mübahisələndirmə haqqında” iddia növünün müddətlə bağlı xüsusi mümkünlük şərtindən yan keçmək üçün hazırkı məzmunda qaldırdığı iddia tələbi mümkün sayıla bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ilə iddiaçıya izah edilmiş, iddiaçı xx.xx.2023cü il tarixli ərizəsində bələdiyyənin etibarsız hesab edilməsini xahiş etdiyi qərarın tarixinin xx.xx.2018-ci il tarixli 05 saylı qərar olduğunu bildirmiş, etibarsızlıq əsası olaraq xx.xx.2015-ci il tarixli qərarın mövcud olmamasına istinad etmiş, xx.xx.2018-ci il tarixli qərara münasibətdə isə məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Balakən rayon Qullar bələdiyyəsinə qarşı “cavabdehin X3 torpaq sahəsinin satılması ilə bağlı xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli 05 saylı qərarlarının etibarsızlığının tanınması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar