Məhkəmə qərarları › İş №2-1(116)-1371/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1371/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1371/2025 03.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı 06 yanvar 1975-ci ildə əmək fəaliyyətinə başlamışdır və 06 oktyabr 2023-cü il tarixinədək işləmişdir. xx.xx.2023-cü il tarixdə onun 65 yaşı tamam olmuş və həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməli idi. O, yaşa görə əmək pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi guya onun iş stajımın 25 ildən az olması göstərilmişdir. Belə ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Yevlax Rayon Meyvə Tinglik Sovxozunda adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla ümumi sığorta stajının 23 il 3 ay 11 gün təşkil etdiyi göstərilmişdir. Halbuki onun tərəfimdən təqdim edilmiş əmək kitabçasından da göründüyü kimi, o, xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış və 27 aprel 1977-ci ildə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan onun xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək işlədiyi 2 il 3 ay 21 gün müddəti əmək stajına hesablamamışdır. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kombinatın 23 yanvar 1975-ci il tarixli 17/k saylı əmrinə əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən toxucu istehsalatına yağlayıcı qəbul edilmişdir (F. № 192, siy. № 8, sax. vah. № 133, vərəq № 52). Kombinatın 24 dekabr 1976-cı il tarixli 364/k saylı əmrinə əsasən toxucu istehsalatının yağlayıcısı İddiaçı xx.xx.1976-cı il tarixdən yükləyici vəzifəsinə keçirilmişdir (F. № 192, siy. № 8, sax. vah. № 153, vərəq № 240). Kombinatın 27 aprel 1977-ci il tarixli 117/k saylı əmrinə əsasən yükləyici İddiaçı xx.xx.1977-ci il tarixdən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir (F. № 192, siy. № 8, sax. vah. № 168, vərəq № 77). Bundan əlavə, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək "xxxx" MMC-də fəhlə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-nin İstehsalat, Aqrar və X3 üzüm sahəsində fəhlə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-də Yevlax üzüm sahəsində fəhlə vəzifəsində işləmişdir. Lakin cavabdeh inzibati orqan bu 4 il 10 ay 8 gün müddətini əmək stajına hesablamamışdır. Göründüyü kimi, ümumilikdə 7 il 1 ay 29 gün müddət cavabdeh inzibati orqan tərəfindən onun əmək stajına hesablanmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı uzrə mərkəzi filialına (Mərkəzi Filial) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair 2-1(116)-3545/2024 nömrəli inzibati iş vardır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1977ci il tarixədək xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xx.xx.2022-ci iİ tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi illər əmək stajına hesablanmamışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2024 cü il tarixli 3-17-1/2-M- 222402/2024 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi qeyd edilmişdir ki, İddiaçı sosial sığorta stajı (23 il 03 ay 11 gün) qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından azdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən onun xx.xx.1977-cı il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 1989- 1990-cı illər üzrə 1 ıl 8 ay. xx.xx.1991-ci il tarixdən xx.xx.1995-cı ıl tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-cı il tarixədək, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) Pensiya" altsıstemində olan məlumata əsasən (xx.xx.2018-xx.xx.2023-cü illər üzrə) 2 il 7 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 23 il 3 ay 11 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.2018cı ıl tarixdən xx.xx.2021-ci il tarıxdək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi illərin Mərkəzi Filial tərəfindən ümumi iş stajına daxil edilmədiyini qeyd etsə də, göründüyü kimi həmin dövrlər onun sığorta stajına daxıl edilmişdir. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X4 filialının 23 oktyabr 2024-cü il tarixli 3-48-2-434/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1988-ci il üzrə 6 ay, 1989-cu il üzrə 1 ay, 1990-cı il üzrə 3 ay, 1995-cı il üzrə 2 ay əməkhaqqı ödənilməmişdir. Həmçinin arayışda Yevlax rayon Meyvə Tinglik sovxozunun 1988-ci ilin iyul dekabr və 1997-ci ilin əməkhaqqı sənədləri X5 təhvil verilmədiyi qeyd edilmişdir. Qanunvericiliyə uyğun olaraq İddiaçı adına əməkhaqqı hesablanmayan dövrlər onun sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 ıl) az olduğu üçün ona yaşa gorə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, X4 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı, Н3 ******* nömrəli Hərbi bilet, Aqro-Azərinvest MMC-nin xx.xx.2024-cü il tarixli 127,126 və 15 nömrəli arayışları, ИT-İ ******* nömrəli əmək kitabçası. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub). Cavabdeh orqan iddiaçının xx.xx.1977-cı il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrünü, əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 1989-1990-cı illər üzrə 1 ıl 8 ay. xx.xx.1991-ci il tarixdən xx.xx.1995-cı ıl tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1997cı il tarixədək, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) Pensiya" altsıstemində olan məlumata əsasən (xx.xx.2018-xx.xx.2023-cü illər üzrə) 2 il 7 ay əmək fəaliyyəti dövrlərini nəzərə alınmaqla ümumilikdə 23 il 3 ay 11 gün sığorta stajını mübahisələndirmir. Bununla belə cavabdeh orqan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X4 filialının 23 oktyabr 2024-cü il tarixli 3-48-2-434/2023 nömrəli arxiv arayışına istinad edərək iddiaçının 1988-ci il üzrə 6 ay, 1989-cu il üzrə 1 ay, 1990-cı il üzrə 3 ay, 1995-cı il üzrə 2 ay əmək haqqı ödənilməyən və Yevlax rayon Meyvə Tinglik sovxozunun 1988-ci ilin iyul dekabr və 1997-ci ilin əməkhaqqı sənədləri mövcud olmayan dövrləri onun sığorta stajına daxil edilməmişdir. Məhkəmə qeyd edir ki, oxşar inzibati mübahisələr üzrə dəfələrlə vurğulanmışdır ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li qərarında əks olunmuş hüquqi mövqe). Hazırkı iş üzrə sənədlərlə iddiaçının ümumi sosial sığorta stajının 25 il, 2 ay, 17 gün olmaqla tələb olunan 25 ildən artıq olması müəyyən edilir. Cavabdeh orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd edilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil irəli sürülməmişdir. Ümumiyyətlə mübahisələndirilən dövrlə bağlı əmək haqqı ödənilməyən ayların və əmək haqqı cədvəllərinin yoxlanılmasına dair lüzumsuz inzibati icraatın hansı məqsədlə aparılması aydın deyil. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçının ümumi sosial sığorta stajı hər 25 ildən artıq olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar