Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1373/2022 24.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “iddiaçının istifadəsində olan 0,06 ha bağ torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nöqsanların aradan qaldırılması və ona məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı uzun müddət “X6”nda kimyəvi maddələr sexində işlədiyinə görə ona “İpəkçi” (Ağ qaya) kollektiv bağçılıq təsərrüfatlarına meşə fondundan ayrılmış 60 hektar torpaq sahəsinin tərkibində bağ sahəsi verilmişdir. Ona vaxtilə verilmiş bağ sahəsinin üzvlük kitabçası naməlum səbəbdən itmişdir. Bağ sahəsi Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq olunmuş sxematik planda öz əksini tapmışdır. İddiaçı cavabdehə müraciət edərək, 0,06 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********69 nömrəli imtina məktubunda qeyd etmişdir ki, 2007-ci il may ayının 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ torpaq sahələrinin qeydiyyatı üçün əsasdır. Müraciətə kollektiv bağçılıq təsərrüfatı yaradılması üçün ipək kombinatı fəhlə və qulluqçularına 60 ha torpaq sahəsinin ayırılması barədə Nuxa ZDS-in 25 aprel 1966-cı il tarixli, 04 saylı qərarı, baş memar tərəfindən təsdiqlənmiş sxem, təsdiqlənməyən “İpəkçi” (ağ qaya) bağçılıq şirkəti üzvlərinin siyahısı əlavə edilsə də, təqdim edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinin tələblərinə cavab vermədiyindən iddiaçının müraciətinin icrası mümkün olmamışdır. İddiaçıya məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və iddia tələbini dəqiq qeyd etməklə dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş iclasında iddiaçı ərizə təqdim edərək “istifadəsində olan 0,06 ha bağ torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********62 nömrəli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etməklə hazırkı iddia tələbinə münasibətini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bağ sahəsi ilə bağlı üzvlük kitabçasını itirdiyini bildirmiş, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubuna uyğun izahat vermiş, mübahisəli torpaq sahəsinin meşə fondu torpaqlarına aid olduğunu bildirmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İşdə olan: "xxxx" ASC tərəfindən iddiaçıya verilmiş arayışda qeyd olunur ki, iddiaçı həqiqətən "xxxx" ASC-nin (Şəki istehsal ipək birliyinin) xx.xx.1984-cü il tarixli 690 1s saylı əmrinin 3cü paraqrafı ilə xx.xx.1984-cü il tarixdən boyaq bəzək istehsalatına mexaniki barkalarda boyaqçı şagirdi peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli 1150 1s saylı əmrinin 25-ci paraqrafı ilə xx.xx.1984-cü il tarixdən həmin istehsalatda 4 t dərəcəli boyaqçı peşəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixli 86 ks saylı əmrinin 8-ci paraqrafı ilə xx.xx.1991-ci il tarixdən həmin istehsalatda 4 t dərəcəli usta köməkçisi peşəsinə keçirilmiş və xx.xx.1995ci tarixli 27 kş saylı əmrinin 5-ci paraqrafı ilə xx.xx.1995-ci il tarixdən 2-ci qrup əlilliyə çıxdığı üçün öz xahişi ilə işdən azad edilmişdir. X5 filialının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubuna əlavə olunmuş xx.xx.1966-cı il tarixli, 174 nömrəli müraciətdən görünür ki, “V.İ.Lenin” adına X4 direktoru T.Əfəndiyev Nuxa şəhər ZDS İcraiyyə Komitəsinə məktubla müraciət etmiş və fəhlə və qulluqçuların bağ salmaları üçün hər bir ailə hesabına 9-10 sot (6 sot yararlı olmaqla) uşaq meydançası, fəhlə və qulluqçular üçün istirahət sahəsi, turist bazası, meyvə, giləmeyvə və dekorativ kolluqlar, çiçək şitilliyi üçün 2 hektar olmaqla Kombinata Oxut yolunun üst tərəfindən 50-60 hektar sahə ayrılmasını xahiş etmişdir. X5 filialının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubuna əlavə olunmuş Nuxa şəhər ZDS İcraiyyə Komitəsinin xx.xx.1966-cı il tarixli, 4 nömrəli iclas protokolundan görünür ki, həmin iclasda Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan Həmkarlar İttifaqı Mərkəzi Şurasının 05 fevral 1966-cı il tarixli, 78 nömrəli qərarı əsasında “V.İ.Lenin” adına X4 fəhlə və qulluqçularına kollektiv bağçılıq təsərrüfatının təşkili üçün X7 torpaqlarından Kiş çayının sağ sahilində-Oxud kənd yolunun yuxarı hissəsindən 60 hektar torpaq sahəsinin ayrılması məsələsi müzakirə olunmuş və Nuxa şəhərinin inzibati ərazisinə daxil olan, X7 torpağından-Kiş çayının sağ sahilində İpək Kombinatından 1,5 km məsafədə olan Oxud kənd yolunun yuxarı hissəsindən 60 hektar kəsilərək “V.İ.Lenin” adına X4 fəhlə və qulluqçularına kollektiv bağçılıq təsərrüfatı, istirahət zonası, turist bazası və uşaq meydançası yaradılması üçün təhkim edilməsi qərara alınmışdır. X5 filialının xx.xx.2022-ci il tarixli, 162 nömrəli məktubunda qeyd olunmuşdur ki, protokolun əlavələrində təsərrüfat üzvlərinin siyahısı, texniki sənədlər aşkar edilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, iddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi X7 torpaqları olub topoqrafik xəritədə uqodiyası kolluq, biçənək kimi göstərilmişdir. İddiaçı bidlirdiyinə görə onun tərəfindən istifadə olunub. İddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə məhkəmə tərəfindən təqdim edilmiş sxemdə ayrılmış sahənin göstərildiyi ərazinin coğrafi yerləşməsində uyğunsuzluq vardır, üst-üstə düşmür. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları ( 9-cu maddə). 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir (31-ci maddənin 1-ci bəndi). Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir (31-ci maddənin 2-ci bəndi). Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir (31-ci maddənin 5-ci bəndi). Meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətində olan torpaqlara daxildir (46-cı maddənin 1-ci bəndi). 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, iddia tələbində dövlət reyestrində qeydiyyata alınması tələb olunan torpaq sahəsi meşə fonduna aiddir. Qanunvericiliyin tələblərinə əsasən meşə fonduna məxsus torpaqlar dövlət mülkiyyətinə daxildir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir Həmçinin mütəxəssis rəyinə əsasən aşkar olunmuşdur ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş və ərizəyə əlavə olunmuş sxematik planda ayrılmış sahə ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin coğrafi yerləşməsində uyğunsuzluq vardır, torpaq sahələri üst-üstə düşmür. Bununla yanaşı iddiaçı bağ sahəsi ilə bağlı üzvlük kitabçasına malik deyildir. Məhkəmə həmçinin zəruri olaraq qeyd edir ki, iddiaçı iddia tələbində qeyd olunan torpaq sahəsinə dair hüquqi və texniki sənədlərə malik deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğu təsbit edilməsinə baxmayaraq, iddiaçı göstərilən sənədlərə malik deyil və eləcə də, məhkəmə araşdırması nəticəsində həmin sənədlərin mövcudluğu aşkarlanmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “istifadəsində olan 0,06 ha bağ torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1373/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1373/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver