Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1374/2023 25.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl eyni məzmunlu tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddia tələbində iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunmasına baxmayaraq, cavabdeh orqana əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, **********6 nömrəli imtina məktubundan da göründüyü kimi müraciət iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olmuşdur. Həmçinin cavabdeh orqan iddia tələbinə münasibət bildirilməsi barədə ərizəsində də, ona hazırkı iddia tələbi, yəni yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı deyil, əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət edildiyini qeyd etmiş və bu səbəblə iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən iddiaçıya əgər hüquqi marağı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdırsa, o halda hazırkı iddia tələbinə müvafiq dəyişiklik edərək, “əlilliyə görə əmək pensiyasının təyin olunması” kimi qeyd etmək və iddianın dəyişdirilməsinə dair ərizəni məhkəməyə təqdim etmək təklif olunmuşdur. Əgər hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdırsa, o halda cavabdehə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etməyini təsdiq edən sənədi və ya cavabdehin müvafiq imtina məktubunun əslini məhkəməyə təqdim etməsi iddiaçıdan xahiş olunmuşdur. Məhkəmə yardım məktubunda zəruri qaydada tələb etmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixdən əvvələ aid olmalıdır. Məhkəmənin yardım məktubunda iddiaçıya məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, iddia tərəfi məhkəmənin yardım məktubunu xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq, məktubda göstərilən müddət ərzində, həmçinin bu günədək qeyd olunanlara münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. Aşkar edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdeh orqana ona əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmiş, cavabdehin imtinası iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması ilə əlaqədar olmuş, məhkəmədə isə iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia qaldırmışdır. Cavabdeh iş materiallarında olan “iddianın mümkünsüzlüyünə dair” xx.xx.2023-cü il tarixli ərizəsində də yuxarıda qeyd olunanları əsas gətirməklə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1374/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1374/2023
25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver