Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1375/2020 24.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "cavabdehin xx.xx.2020-ci il tarixli 1/M-11270 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1966-cı ildə Mingəçevir şəhərində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 4 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək tibb xidməti rəisi vəzifəsinin icrasına başlamışdır. Həmin hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 6 nömrəli əmrində İddiaçı döyüş əməliyyatları bölgəsinə göndərilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivində saxlanılan N nömrəli hərbi hissə komandirinin dekabr N-ci il tarixli əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı ona müharibə veteranı adının verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi xx.xx.2020-ci il tarixli cavab məktubunda bundan imtina etmiş və bildirmişdir ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, eləcə də N nömrəli hərbi hissədə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, xx.xx.N-ci ildən həmin ilin payız aylarınadək N () nömrəli hərbi hissənin tərkibində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Sonradan həmin hərbi hissənin təyinatı dəyişdirilərək hərbi polisə çevrilmiş, hərbi hissənin bir sıra şəxsi heyəti həmin vaxt ölkədə dövlət çevrilişinə cəhd etmək istəyən Surət Hüseynovun dəstəsinə qoşulduğuna görə o, məcbur qalaraq evinə qayıtmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli 11/4950 nömrəli etiraz məktubunda bildirmişdir ki, iddiaçı hərbi xidmətə N nömrəli hərbi hissədə başlamışdır. Lakin N nömrəli hərbi hissə döyüş tapşırığını yerinə yetirən hərbi hissələrin siyahısında yoxdur. Bundan başqa, iddiaçının hərbi biletində hərbi hissənin vəzifəli şəxsləri tərəfindən döyüş zonasında olması qeyd edilməmiş, o, birbaşa döyüşlərdə iştirak etməmiş və onun döyüş tapşırığını yerinə yetirməsi haqqında hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi, özü qərar verib ki, hərbi hissə dağılıb və o, özbaşına evinə gedib. İddiaçının hansısa başqa hərbi hissədə xidmət keçməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat və ya sübut yoxdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 11/4950 nömrəli etiraz məktubundan görünür ki, N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, eləcə də N nömrəli hərbi hissədə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli 1456 nömrəli məktubundan görünür ki, iddiaçı N-1994-cü illərdə Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən səfərbərliklə hərbi xidmətə çağırılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 3/2-514 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.N-ci ildən xx.xx.N-ci ilə kimi N () nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçının xx.xx.N-ci ildən sonra N nömrəli hərbi hissədə xidmət keçməsi haqqında məlumat arxiv sənədlərində aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Lakin aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində deyilir ki, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin dördüncü bəndində deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissədə xidmət etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Yuxarıda istinad edilən Əsasnamənin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İşdən görünür ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur, N nömrəli hərbi hissədə isə hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. X2 Məcəllənin 34.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "cavabdehin xx.xx.2020-ci il tarixli 1/M-11270 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1375/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1375/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver