Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1376/2025 19.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialınına qarşı “İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidenti təqaüdünün təyin edilməsi, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün xx.xx.2007-ci il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-ə qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidenti təqaüdünün təyin edilməsi, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün xx.xx.2007-ci il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialı göstərilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdü’'nün təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 26 fevral 2023-cü il tarixli məktubu ilə ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun imtinası əsassız olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-l(84)- 720/2018 saylı 24 may 2018-ci il tarixli qərarından da göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəhid Məmməd Mahmudov xx.xx.1973-cü il tarixdə Şəki şəhərində doğulmuş və İddiaçı şəhidin atası İlə xx.xx.1981ci il tarixdə nikaha daxil olmuş, şəhidin atası ilə nikaha daxil olarkən şəhidin 7 yaşı olmuşdur ki, iddiaçı həmin vaxtdan Məmməd Məmmədov hərbi xidmətə getdiyi xx.xx.1992-ci il tarixədək onu tərbiyə etmiş və bu işin mübahisəsiz halı olmuşdur. Şərh olunan qanunvericiliyin tələbi baxımından iddiaçı şəhidin ögey anası kimi onu 5 ildən artıq tərbiyə etdiyindən o, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdir. Qeyd edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (84)-720/2018 saylı 24 may 2018ci il tarixli qərarı ilə mənim şəhid anası kimi tanınmağım hal-hazırkı işin mübahisəsiz halıdır. Ona görə də hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydalarının 2-ci bəndinə əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü şəhidin ailə üzvlərinin - ər-arvadın, valideynlərin, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqların, uşaq evlərində tərbiyə olunan qardaş və bacıların, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrin, eyni zamanda tədris müəssisələrində əyani təhsil aldıqda, təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək uşaqlarının və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarının almaq hüququ vardır. Bildirilir ki, İddiaçı sözügedən Qaydaların 2-ci bəndinə əsasən imtiyazlı şəxslər kateqoriyasına aid olmadığından ona “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Həmçinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il 10 nömrəli Qərarının 2.1-ci bəndinə əsasən, şəhidin arvadı (əri), valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar, babalar və nənələr (qanunla onları saxlayan şəxs yoxdursa) şəhid ailəsinin üzvləri hesab olunurlar; İddiaçının ərizəyə qoşma kimi təqdim etdiyi məhkəmə qərarı hazırkı mübahisə üçün preyudisial əhəmiyyət daşımamaqdadır. Belə ki, həmin iş üzrə məhkəmə qərarı iddiaçının “pensiya məbləğinin üzərinə şəhid anası kimi hesablanmış əlavənin dayandırılması barədə hərəkətin qanunsuz hesab edilməsi və əlavənin bərpa edilməsi" tələbinə dair məhkəmənin gəldiyi nəticədir. Məhkəmə həmin tələb üzrə yekun nəticəyə gələn zaman iddiaçının şəhidi beş ildən artıq tərbiyə etməsinə və onun doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malik olmasına əsaslanmışdır. Yəni, qeyd olunan qərardakı tələbə Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsi aspektindən hüquqi qiymət verilmişdir.. Lakin həmin əsas hazırkı mübahisənin həlli üçün tətbiq edilə bilməz. Çünki, Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququna malik şəxslər sferası açıqca Qaydalarda göstərilmiş, ögey valideynlərə bu hüquq şamil edilməmişdir. Yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olur ki, iddiaçının həmin təqaüdü almaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
2. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surəti;
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ona şəhid ailəsi kimi Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi, həmin təqaüdün xx.xx.2007-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində qeyd edilir ki, Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəhid Məmməd Mahmudov xx.xx.1973-cü il tarixdə Şəki şəhərində doğulmuşdur. İddiaçı isə şəhidin atası Məmməd Mahmudovla xx.xx.1981-ci il tarixində nikaha daxil olmuşdur.İddiaçı tərəfindən şəhidin övladlığa götürülməsi baş verməmişdir. Ailə Məcəlləsinin müddəalarının şərhinə əsasən “valideyn” dedikdə şəxsin öz doğma ana-atası, həmçinin, onu övladlığa götürən şəxslər nəzərdə tutulur.Bundan başqa həmin Məcəllədə nəzərdə tutulmuş “ögey valideyn” anlayışı hazırkı iş üzrə iddiaçının faktiki statusunu ifadə edir.Nəticə etibarı ilə iddiaçı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər” haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş ailə üzvü hesab edilmir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmişdir):
1. Bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir.
2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); ... 2.2. valideynlərinə; 2.3. 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına;[1] 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. ...
5. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququna malik şəxslər Qaydalarda göstərilmiş, ögey valideynlərə bu hüquq şamil edilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (84)-720/2018 saylı 24 may 2018-ci il tarixli qərarı ilə iddiaçının şəhid anası kimi tanınmasına dair iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki,iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 15-ci maddəsinin müddəaları baxımından pensiyanın əlavəsinin ödənilməsi təmin edilmişdir.Həmin müddəaya əsasən ögey ata və ögey ana vəfat etmiş ögey oğlunu və ya ögey qızını azı beş il tərbiyə etmiş və saxlamışdırsa, doğma valideynlərlə bir səviyyədə əmək pensiyası hüququna malikdirlər. Odur ki, yuxarıda qeyd olunan normaların məzmunundan da aydın olduğu kimi iddiaçının həmin təqaüdü almaq hüququ qanunvericilikdə nəzərdə tutulmadığından cavabdeh orqanın imtinası haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 üzrə Mərkəzi Filialınına qarşı “İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikası prezidenti təqaüdünün təyin edilməsi, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidenti təqaüdünün xx.xx.2007-ci il tarixdən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə