Məhkəmə qərarları › İş №2-1(116)-1378/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1378/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1378/2025 03.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən təsərrüfatbaşına kitaba əsasən qanuni istifadəsində olan 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Hacımahmudlu kəndində iddiaçıya məxsus fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Texniki pasport sənədinin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-1378/2025 nömrəli qərardadı ilə Yevlax rayonu Qaramanlı bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində adi qaydada cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən təsərrüfatbaşına kitaba əsasən qanuni istifadəsində olan 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulmasını xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia ərizəsinin dəqiqləşdirilməsii lə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə Yevlax rayonu Hacımahmudlu kəndində iddiaçıya məxsus fərdi yaşayış evi vardır. Qeyd edilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və "Texniki Pasport "sənədinin alınması barədə cavabdeh inzibati orqana - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, sonuncu isə tələbin icrasında imtina etmişdir. Belə ki, hazırda mübahisə edilən həyətyanı torpaq sahəsi, yəni 0.30 ha torpaq sahəsi, ayrı təsərrüfat olduğu üçün 1994-cü ildə yaşadıqları ərazi üzrə icra nümayəndəliyi tərəfindən ona verilmişdir. 1997-ci ildə Yevlax rayonu Hacımahmudlu kəndində torpaq islahatı keçirilmiş,həmin ərazi tərəfindən zəbt edilmiş ərazi hesab edilərək ,kənd təsərrüfatı təyinatlı torpaq payından çıxılmışdır . İddiaçı qeyd edir ki, 1994-cü ildə həmin ərazidə - 0.30 ha torpaq sahəsində kiçik daxal tikmiş,həmin daxalda yaşamış, sonra isə hazırda iddia tələbi üzrə hüquqi marağı olan mülkiyyət hüququnun tanınmasını istədiyi fərdi yaşayış evini inşa etdirmişdir. Odur ki, hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Cavabdeh orqan iddia tələbinə münasibətdə etirazını belə əsaslandırmışdır ki, aparılan araşdırma nəticəsində, iddiaçının sənədləşdirmək istədiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı və vəkili məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında etirazla eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu;

2. Yevlax şəhər İcra Hakimiyyət Başçısının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışı;

3. Yevlax Dövlət arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı,

4. Cavabdehin xx.xx.2024-cü il tarixli etirazı və ona əlavə edilə sənədlər;

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş Yevlax rayonu, Hacımuradlı kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından İddiaçı adı qeyd edilmiş hissədən çıxarış;

6. Yevlax şəhər İcra Hakimiyyət Başçısının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli cavab məktubu;

7. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilə mütəxəssis rəyi;

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.İddia tələbi mahiyyət etibarilə əsaslıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. Cavabdehin imtinasının əsasını iddia olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olması təşkil etmişdir. İddiaçı tərəfindən iddia tələbinin həcmi azaldılmış,təsərrüfatbaşına kitaba əsasən istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. İddiaçının tələbi üzrə daşınmaz əmlakın reyestrində əmlakın qeydiyyata alınması ilə əlaqədar qanunvericilikdə konkret şərtlər öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, əmlakın reyestrdə qeydiyyata alınması üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri olmalı, əlavə olaraq torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan və cizgisi, həmçinin dövlət rüsumunun ödənilməsi ilə bağlı sənəd təqdim olunmalıdır. Məhkəmə araşdırması zamanı təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, İddia olunan torpaq sahəsində fərdi yaşayış evi olduğu üçün TEKUİS məlumat bazasında faktiki istifadə vəziyyətinə uyğun olaraq təyinatı-yaşayış məntəqələrinin torpaqları, uqodiyası-həytətyanı sahələrin altında olan torpaqlar, mülkiyyətçisi - Qaramanlı Bələdiyyəsi kimi qeyd edilmişdir. Döngə nöqtələri və yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə göstərilmişdir, faktiki istifadəçisi X1r. İddia olunan torpaq sahəsinin bir hissəsi şərti, bir hissəsi isə kol-kosla digər sahələrdən ayrılmışdır, İddia olunan torpaq sahəsində fərdi yaşayış evi vardır. Torpaq islahatı aparılan zaman tərtib edilmiş kompleks yerquruluşu xəritəsinə (DWJ) əsasən iddia olunan torpaq sahəsi JN-57 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə X3 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmişdir. Lakin dövlət aktı ilə verilmiş 4.43 ha torpaq sahəsinin mülkiyyətçiləri elektron uçot işləri aparılan zaman iddia olunan torpaq sahəsindən istifadə emədikləri üçün TEKUİS məlumat bazasında həmin sahə çıxılmışdır. JN-57 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə verilmiş torpaq sahəsinin mülkiyyətçilərinin faktiki istifadə vəziyyətinə uyğun olaraq iki hissəli olmaqla 3.48 ha və 0.96 ha hüquqları dövlət reyestrində qeydiyya alınmışdır. Göründüyü kimi torpaq sahəsi bələdiyyəyə məxsus təyinatı yaşayış məntəqələri torpaqlarıdır. İş materiallarından aydın olur ki, Yevlax rayonu, Hacımuradlı kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı və ailə üzvlərinə 1,5 ha pay torpaq sahəsi ayrıldığı qeyd olunur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi iddiaçıya ayrıldığı və onun qanuni istifadəsində olduğuna görə cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar mülkiyyət hüququ yaradır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçının istifadəsində olan və hazırda iddia etdiyi 0,30 ha torpaq sahısi aqrar islahatdan əvvəl zəbt edilmişdir.İddiaçı həmin torpaq sahəsində yaşayış evi inşa etmişdir. İddiaçının 1991-1995-ci illərdə atasına məxsus təsərrüfatda yaşamış olması,daha sonra 1995-ci ildın etibarən 565 nömrəli təsərrüfata keçirilməsi barədə Yevlax rayon Qaramanlı kənd sovetliyinin təsərrüfatbaşına kitablarında qeydiyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən 0,30 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar