Məhkəmə qərarları › İş №2-1(116)-138/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-138/2022

14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-138/2022 14.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (X3) “DT və XK-nın Qax rayon Şöbəsi tərəfindən adına tərtib edilmiş A seriyalı 495291 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini bütövlükdə, o cümlədən X1 adına tərtib edilmiş A seriyalı 424259 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus 0.07 ha hissəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi və qanuni istifadəsində olan ölçülərdə, yəni Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş xəritədə (elektron xəritə) qeyd olunan ölçülərdə, Qax rayonu, Güllük kəndində yerləşən 0,07 ha torpaq sahəsini sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X3) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “DT və XK-nın Qax rayon Şöbəsi tərəfindən adına tərtib edilmiş A seriyalı 495291 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini bütövlükdə, o cümlədən X1 adına tərtib edilmiş A seriyalı 424259 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus 0.07 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və qanuni istifadəsində olan ölçülərdə, yəni Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş xəritədə (elektron xəritə) qeyd olunan ölçülərdə, Qax rayonu, Güllük kəndində yerləşən 0,07 ha torpaq sahəsini sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli, 2(024)-45/2011 iş nömrəli qətnaməsi ilə iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Qax rayonu, Güllük kəndində yerləşən 0,28 ha torpaq sahəsinə dair JN seriaylı 292F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, o cümlədən, X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,15 ha (sənəddə 0,11 ha) torpaq sahəsinə dair JN seriaylı 290F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və yeni sənədlərin tərtib edilməsi qət edilmişdir. Bundan sonra 0,06 ha, 0,07 ha və 0,15 ha həyətyanı torpaq sahəsinə keçmiş DT və XK-nın Qax Rayon Şöbəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Lakin 0,07 ha həyətyanı torpaq sahəsinə tərtib olunmuş A seriyalı 495291 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən müəyyən edilir ki, həmin torpaq sahəsi tam fərqli ərazidə yerləşir. Halbuki, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş 0,28 ha həyətayanı torpaq sahəsi bir yerdə və birləşik vəziyyətdədir. İddiaçının apardığı araşdırma zamanı ona məlum olmuşdur ki, Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən onun mülkiyyətinə verilmiş 0,28 ha həyətayanı torpaq sahəsinin 0,07 ha hissəsini də daxil etməklə, ümumilikdə 0,25 ha torpaq sahəsinə keçmiş DT və XK-nm Qax Rayon Şöbəsi tərəfindən X1 adına A seriyalı 424259 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi X1 adına tərtib edilmiş A seriyalı 424259 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən 0,25 ha torpaq sahəsinin 0,07 ha hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsidir. Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 05 saylı qərarı hal-hazıradək də qüvvədədir və heç bir orqan və yaxud məhkəmə tərəfindən ləğv edilməmişdir. Həmin qərara əlavə edilmiş siyahıdan da göründüyü kimi iddiaçı və ailə üzvünün mülkiyyətində 0,28 ha həyətyanı torpaq sahəsi vardır. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya 29.11.2021-ci il tarixdə yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, qaldırdığı iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli, 2(024)-45 saylı qətnəməsi ilə kod 40306018, JN-292F saylı və kod 40306018, JN-290F saylı “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr ləğv edilmiş, qanuni əsaslarla, yəni qaytanlanmış torpaq kitabı üzrə İddiaçı və Y.Qurbanovun adında olan torpaq sahələrinə uyğun olaraq yeni şəhadətnamələrin işlənməsi, həmçinin mərhum X1 adına qaytanlanmış torpaq kitabı üzrə 0.25 ha torpaq sahəsinə dair şəhadətnamənin verilməsi, yeni verilmiş şəhadətnamələr üzrə torpaq sərhədlərinin ölçülərək dəqiqləşdirilməsi, şəhadətnamələrin işlənməsinin DT və XK Qax rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qətnamə əsasında ləğvi tələb edilən, A seriyalı 495291 №-li və A seriyalı 424259 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli, 2(024)-45 saylı qətnəməsi hal-hazırda qüvvədədir və iş üzrə preyudisial əhəmiyyətə malikdir. Ləğvi tələb edilən sənədlər - A seriyalı 495291 №-li və A seriyalı 424259 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədləri məhz həmin qətnamənin icrası qaydasında tərtib edilmişdir (müvafiq qətnamə 21.05.2011-ci il tarixdə icraya yönəldilmişdir) və həmin plan-ölçü sənədlərinin ləvği ilə bağlı iddia tələbinə inzibati icraat qaydasında baxılaraq hüquqi qiymət verilməsi mümkün deyildir. Digər tərəfdən kod 40306018, JN-292F saylı və kod 40306018, JN-290F saylı “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr müvafiq qətnamə əsasında ləğv edildiyindən, həmin şəhadətnamələrə istinad olunmaqla plan-ölçü sənədinin tərtibinin tələb edilməsi yolverilməzdir. İddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi haqqında iddiaçının ərizəsinin məzmunundan bəlli olur ki, o, müvafiq plan-ölçü sənədlərinin düzgün-tərtib edilməməsini bildirir. Hesab edir ki, plan-ölçü sənədlərindəki koordinatlarla qeyd edilən torpaq sahələrinin coğrafi yerləşməsi onu qane etmir. Yəni, iddiaçı əslində Qax Rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli, 2(024)-45 saylı qətnəməsinin düzgün icra edilməməsini, plan-ölçü sənədlərinin düzgün tərtib edilməməsini bildirirərək, müvafiq sənədlərin Qax rayon AİK-nın 22.04.1998-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş xəritələrə uyğun tərtib edilməsini xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qaldırdığı məsələ icra sənədini vermiş və qətnamənin icrasına nəzarət edən ümumi rayon məhkəməsinin (Qax rayon Məhkəməsinin) səlahiyyətinə aiddir. Belə ki, Qax rayon Məhkəməsinin 21 aprel 2011-ci il tarixli, 2(024)-45 saylı qətnəməsindən görünür ki, cavabdeh inzibati orqanın üzərinə yeni verilmiş şəhadətnamələr üzrə torpaq sərhədlərinin ölçülərək dəqiqləşdirilməsi vəzifəsi qoyulmuşdur. Buna görə də həmin vəzifələrin hansı qaydada yerinə yetirilib-yetirilməməsinə, müvafiq sənədlərin düzgün tərtib edilibedilməməsinə nəzarət funksiyası da icra sənədini vermiş məhkəmənin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli qərarının əsaslandırıcı hissəsinə nəzər saldıqda aydın olur ki, məhkəmə həmin qənaətə gələrkən “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən məhkəmənin öz verdiyi icra sənədinin icra vəziyyətinə nəzarət etmək səlahiyyətinin olması mövqeyindən çıxış etmiş, icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsinin müəyyən edildiyi “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə (icra sənədinə izah verilməsi), eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarında öz əksini tapmış, (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələrlə bağlı digər maddələrə istinad etmişdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “DT və XK-nın Qax rayon Şöbəsi tərəfindən adına tərtib edilmiş A seriyalı 495291 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədini bütövlükdə, o cümlədən X1 adına tərtib edilmiş A seriyalı 424259 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus 0.07 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və qanuni istifadəsində olan ölçülərdə, yəni Qax rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş xəritədə (elektron xəritə) qeyd olunan ölçülərdə, Qax rayonu, Güllük kəndində yerləşən 0,07 ha torpaq sahəsini sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar