Məhkəmə qərarları › İş №2-1(116)-1380/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1380/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1380/2021 06.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi katibliyi ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarilxi 10 nömrəli qərarı ilə İddiaçı və ailə üzvləri X7, X5, X4, X3 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədli verilmiş 4,53 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarilxi 10 nömrəli qərarı ilə İddiaçı və ailə üzvləri X7, X5, X4, X3 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədli verilmiş 4,53 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zərdab rayonunda 1997-ci ildə torpaq islahatı aparılarkən onun yaşadığı Gödəkqobu kəndində hər bir adama təxminən bir hektara yaxın pay torpağı düşmüşdür. Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli, 10 nömrəli nömrəli qərarı ilə İddiaçı və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4,96 ha torpaq payı ayrılmışdır. İddiaçıya həmin torpağın 0,4340 hektarı üçün JN-116 KOD 90509028 nömrəli Dövlət Aktı tərtib edilmişdir. Neçə illərdir ki, qalan 4,53 hektar torpağın Dövlət Aktını ala bilmir. Onu da qeyd edir ki, islahat gedəndən bu günə kimi həmin 4,96 ha torpaq sahəsi onun istifadəsindədir və heç bir mübahisəli hal yoxdur. Dövlət Aktı olmadığına görə dövlət tərəfindən ayrılan subsidiyalardan istifadə edə bilmir. 1997-ci ildən indiyədək dövlət tərəfindən ayrılan subsidiyanı Gödəkqobu kənd icra nümayəndəliyinin arayışı əsasında almışdır. 2020-ci ildən isə yeni qaydalar tətbiq olunur, ona görə də Zərdab Rayon Dövlət X12 sənədin əslini istəyir, o da olmadığına görə subsidiya ala bilmir və məcbur olub məhkəməyə müraciət etmişdir. Ona görə də iddiaçının istifadəsində olan və Dövlət Aktı verilməyən 4,53 hektar torpaq sahəsinin döngə nöqtələri, torpağın sərhədlərinin koordinantları texniki cəhətdən işlənməli və həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ qeydə alınmalıdır. İslahat zamanı sənədlər hazırlanarkən hansısa bir məmurun texniki səhvi ucbatından indiyədək Dövlət Aktı ala bilmir. Torpaqla bağlı Aqrar İslahat Komissiyası, Gödəkqobu bələdiyyəsi tərəfindən verilmiş yuxarıda qeyd olunan sənədlər qüvvədə olduğu halda həmin ərazidəki digər torpaqların hüquqi qeydiyyatının aparıldığı nəzərə alınaraq ərizənin icrasından düzgün imtina edilməmişdir. Cavabdeh 16.08.2021-ci il tarixli **********75 nömrəli imtina məktubunda göstərmişdir ki, Gödəkqobu kəndində yerləşən JN-116 saylı Torpağın mülkiyyətinə dair Dövlət Aktı ilə verilmiş pay torpağının islahat zamanı 4.96 ha olduğu halda səhvən 0,4340 ha qeyd olunması barədə müraciətinizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Müraciətdə qeyd olunan məsələnin həlli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə müraciət etməyi məqsədə müvafiq hesab edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq İddiaçı 13.09.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia ərizəsinə əlavə etdiyi cavabdehin 16.08.2021-ci il tarixli imtinasından görünür ki, cavabdehin imtinası JN-116 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş pay torpağının islahat zamanı 4,96 ha olduğu halda səhvən 0,4340 ha qeyd olunması barədə müraciəti ilə bağlı olmuşdur. Lakin hazırkı iddia tələbi ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli verilmiş 4,53 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Odur ki, iddiaçıya iddia tələbində göstərilən məsələ ilə bağlı cavabdehə müraciət etməsini təsdiq edən sənədi və cavabdehin bu məsələ ilə bağlı münasibətini məhkəməyə təqdim etməsi təklif olunmuş, əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianızın həmin hissədə mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi imkanı izah edilmişdir. Məhkəmənin yardımı iddiaçı tərəfindən 20.09.2021-ci il tarixdə qəbul edilmiş, lakin məhkəmə tərəfindən müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq məhkəmənin yardımına münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə rəsmi müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır. İddia ərizəsinə əlavə edilmiş, mübahisələndirilən imtinaya əsasən isə müəyyən edilir ki, cavabdehin imtinası Gödəkqobu kəndində yerləşən JN-116 saylı Torpağın mülkiyyətinə dair Dövlət Aktı ilə verilmiş pay torpağının islahat zamanı 4.96 ha olduğu halda səhvən 0,4340 ha qeyd olunması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçı mübahisə predmeti ilə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməli olduğu halda, onun tərəfindən belə bir müraciət edilmədiyindən, işin qeyd olunan halı iddiaçının ilkin müraciəti və cavabdehin məhz ona müvafiq imtinası ilə öz təsdiqini tapdığından iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Zərdab rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarilxi 10 nömrəli qərarı ilə İddiaçı və ailə üzvləri X7, X5, X4, X3 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədli verilmiş 4,53 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar