Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1381/2020 08.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı "Zaqatala rayonu Yengiyan kəndində yerləşən qəzalı vəziyyətdə olan yaşayış evinin tikilib bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və Qafulova X3 rayonunun Yengiyan kəndində yaşayırlar. Həmin kənddə onların fərdi yaşayış evi vardır. 2012-ci ildə Azərbaycan Respublikasının şimalqərb bölgəsində baş vermiş zəlzələ nəticəsində həmin ev qəzalı vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 117s nömrəli sərəncamına əsasən, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyaları tərəfindən Zaqatala rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. İddiaçı2 adına tərtib olunmuş akta əsasən, fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. Lakin ötən müddət ərzində iddiaçıya məxsus olan evə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçı evə dəymiş ziyanın aradan qaldırılması üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2020-ci il tarixli 37/Q-03150 nömrəli cavab məktubu ilə bildirmişdir ki, İddiaçı2 adına tərtib olunmuş akta əsasən, fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir və bununla əlaqədar müvafiq tədbirlər görüləcəkdir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı "Zaqatala rayonu Yengiyan kəndində yerləşən qəzalı vəziyyətdə olan yaşayış evinin tikilib bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Cavabdeh iddiaya dair xx.xx.2020-ci il tarixli xx/xx-07244 nömrəli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci və 16.2-ci maddələrinə əsasən, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Hazırkı iş üzrə şifahi məhkəmə baxışı xx.xx.2020-ci il saat 12-yə təyin edilərək tərəflərə bu barədə məhkəmə bildirişi göndərilmiş, eyni zamanda, həmin bildirişdə tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci və 16.2-ci maddələrinin məzmunu çatdırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarından irəli gələn məhkəmə iclasının keçirilməsi ilə bağlı hər hansı məhdudiyyət olmayacağı halda, hazırkı işə yuxarıda göstərilən vaxtda şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına görə həmin tarixdə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda isə işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılacaqdır. Tərəflərə yuxarıda göstərilən tarixədək işə məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılmasının mümkünlüyünə dair mövqelərini yazılı (o cümlədən, elektron üsulla) və ya şifahi qaydada (o cümlədən, telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif edilmiş və izah olunmuşdur ki, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəkdir. Tərəflər işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilməklə baxılmasını tələb etdikdə, işə baxılması sanitar-epidemioloji vəziyyətin imkan verdiyi münasib vaxtadək təxirə salınmaqla məhkəmə iclasının (şifahi dinləmələrin) vaxtı barədə əlavə məlumat veriləcəkdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə yazılı şəkildə müraciət edərək, mübahisənin şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən həll olunmasına razı olduqlarını bildirmişlər. Cavabdeh isə təyin olunmuş tarixədək qeyd olunan məsələyə dair hər hansı münasibət bildirmədiyinə görə məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün onun razılığının mövcud olmasını qəbul etdi. Bu səbəbdən də hazırkı qərar şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən çıxarıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Fövqəladə Hallar Nazirliyi X2 Dövlət Agentliyi mühəndislərinin, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Zaqatala Rayon Yengiyan Bələdiyyəsinin sədri tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli aktdan görünür ki, İddiaçı2 məxsus fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. - İşdə olan, Cavabdeh xx.xx.2020-ci il tarixli xx/xx-07244 nömrəli etiraz məktubundan görünür ki, Agentlik tərəfindən 2012-ci ildə Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən Zaqatala rayonu ərazisində zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. İddiaçı2 adına tərtib olunmuş akta əsasən, fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir və bununla əlaqədar Agentlik tərəfindən müvafiq tədbirlər görüləcəkdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə görə, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdən göründüyü kimi, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində iddiaçılara məxsus olan fərdi yaşayış evinə ziyan dəymişdir. Cavabdeh tərəfindən həmin evə baxış keçirilərək evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş, lakin hal-hazıradək ziyanın aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 117s nömrəli sərəncamından görünür ki, 2012-ci il mayın 7-də episentri Zaqatala rayonunun ərazisində olan zəlzələ nəticəsində Şəki şəhərində, Zaqatala, Balakən, Qax və digər rayonlarda yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20000000 (iyirmi milyon) manat məbləğində vəsait ayrılması qərara alınmışdır. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Dövlət Agentliyi haqqında Əsasnamə"nin 7.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Dövlət Agentliyi Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir. "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 511 nömrəli Fərmanına əsasən, X2 Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilmiş və həmin əsasnaməyə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı kimi təsbit edilmişdir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən, Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əmr və göstərişlərini rəhbər tutur. Göründüyü kimi, fəaliyyətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını da rəhbər tutmalı olan cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 117s nömrəli sərəncamından irəli gələn məsələləri hələ də həll etməmiş və iddiaçıların bununla bağlı irəli sürdüyü tələbin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Beləliklə, məhkəmə bu qərara gəldi ki, iddiaçılara məxsus olan fərdi yaşayış evi zəlzələ nəticəsində yararsız vəziyyətə düşdüyünə görə, onlar fərdi yaşayış evinin tikintisini cavabdehdən tələb etməkdə haqlı olmuşlar. Bu səbəbdən də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olan, Zaqatala rayon Yengiyan kəndində yerləşən qəzalı vəziyyətdə olan yaşayış evinin tikilib bərpa edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-1381/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1381/2020
08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver