Məhkəmə qərarları › İş №2-1(116)-1382/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1382/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1382/2022 23.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və xx.xx.1992-ci il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək cavabdehin iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmasında ifadə olunan hərəkətlərinin qanunsuz hesab olunması və xx.xx.1992-ci il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli 11/2402 nömrəli “münasibət” məktubundan göründüyü kimi o, aldığı travmanın ağırlıq dərəcəsinin təyin edilməsi barədə müvafiq tibbi sənədi almaq üçün müvafiq göndəriş əsasında aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji-Anatomik Mərkəzinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda hazırkı tələb üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdeh qismində iştirak edə bilmədiyindən iddianın mümkünlüyü məsələsinə qiymət verilməsi zərurəti yaranmışdır. Yardım məktubunda iddiaçıya məhkəmənin hüquqi mövqeyinə dair münasibət bildirməsi təklif olunmuş və bunun üçün ona vaxt verilmişdir. İş materiallarında olan “poçt göndərişlərinin izlənməsi” sənədindən görünür ki, iddiaçı məhkəmənin hüquqi yardım məktubunu xx.xx.2022-ci il tarixdə almışdır. Lakin bu günədək məktubda qeyd olunanlarla bağlı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli 11/2402 nömrəli “münasibət” məktubunda qeyd olunur ki, İddiaçı aldığı travmanın ağırlıq dərəcəsinin təyin edilməsi haqqında müvafiq sənədi almaq üçün müraciət etdiyi ünvanları düzgün təyin etməmişdir. Belə ki, ehtiyatda olduğunu nəzərə alaraq İddiaçı aldığı travmanın ağırlıq dərəcəsinin təyin edilməsi haqqında müvafiq tibbi sənədi almaq üçün qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq rayon idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməli, həmin orqan tərəfindən ona aldığı travmanın ağırlıq dərəcəsini təyin etmək məqsədi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji-Anatomik Mərkəzinə göndəriş verilməli, nəticədə iddiaçı aldığı travma ilə əlaqədar barəsində tərtib edilmiş bütün tibbi sənədlərlə birlikdə (Hərbi Həkim Komissiyanın arayış, travma haqqında arayış və b.) göndəriş məktubu əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji-Anatomik Mərkəzinə müraciət etməlidir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, iddiaçı aldığı travmanın ağırlıq dərəcəsinin təyin edilməsi barədə müvafiq tibbi sənədi almaq üçün müvafiq göndəriş əsasında aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji-Anatomik Mərkəzinə müraciət etməli olduğu halda, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda hazırkı tələb üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddia tələbinə cavab verməli orqan qismində iştirak edə bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyi üçün mümkün sayıla bilməz. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab olunması və xx.xx.1992-ci il tarixdə aldığı travmanın ağırlıq dərəcəsi haqqında müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar