Məhkəmə qərarları › İş №2-1(116)-1382/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1382/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1382/2025 22.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı “Qədirova (Rüstəmova) Afət Şücaət qızına məxsus “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı etibarsız hesab edilməsi” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qədirova (Rüstəmova) Afət Şücaət qızına məxsus “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən X1 (sonradan Rüstəmova soyadın qəbul etmişdir) müraciəti əsasında Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən özəlləşdirilmiş mağazanın altı və ətrafındakı 237.5 kv. m torpaq sahəsi alqı-satqı əsasında xüsusi mülkiyyətə verilmişdir. İddiaçı Maraqlı şəxs2 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanında yerləşən 237.5 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Aşağıdakı səbəblərdən hesab edilir ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı əsassızdır və etibarsız hesab edilməlidir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən bələdiyyə qərarı ilə Maraqlı şəxs2 satılmış mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmamış, dövlət mülkiyyətində olmaqla buna dair dövlət əmlakının Registrində aparılmış müvafiq qeydiyyat mövcuddur. Bununla bağlı bildiririk ki, mübahisə predmeti olan torpaq sahəsində (Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanı) yerləşən qeyri-yaşayış sahəsi ilkin olaraq dövlət mülkiyyətində olmuş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Qədirova (Rüstəmova) Afət Sücaət qızı arasında bağlanmış 11 fevral 1999-cu il tarixli, 1296 nömrəli icarə müqaviləsi əsasında sonuncunun icarəsinə verilmişdir. Qeyd olunan dövlət əmlakına dair Afət Qədirovanın adına tərtib edilmiş 02 fevral 1999-cu il tarixli “Texniki pasportda” qeyri-yaşayış binasının yerləşdiyi ümumi torpaq sahəsinin 237.5 kv.m təşkil etdiyi qeyd olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Qədirova (Rüstəmova) Afət Sücaət qızı arasında bağlanmış 27 avqust 1999-cu il tarixli, 1238 nömrəli “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” və xx.xx.1999-cu il tarixli, 013060 nömrəli şəhadətnamə əsasında, Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanında yerləşən 165.1 kv.m qeyri-yaşayış sahəsi Afət Qədirovanın (Rüstəmova) mülkiyyətinə verilmişdir. Eyni zamanda bildiririk ki, Maraqlı şəxs2 müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, qeyd olunan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktına əsasən Mingəçevir şəhəri, X3 küçəsi 1/45 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinin faktiki olaraq 244.7 kv.m təşkil etməklə, dövlət mülkiyyətində olması müəyyən olunmuş və akt ərizəçi tərəfindən imzalanmışdır. Daha sonra Əmlak Məsələləri Dövlət Xidməti ilə Maraqlı şəxs2 arasında bağlanmış “Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 6003 №-li icarə müqaviləsinə əsasən, Mingəçevir şəhəri, X3 küçəsi 1/45 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 244.7 kv. m torpaq sahəsi Maraqlı şəxs2 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətindədir. Həmin Məcəllənin 60-cı maddəsinin birinci hissəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Buna baxmayaraq Maraqlı şəxs2 iddiası əsasında yuxarıda qeyd olunan məhkəmə mübahisələrinə baxılan zaman işin qeyd olunan faktiki halları məhkəmədən gizlədilmiş və dövlət müəssisəsinin yerləşdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən, məhkəmə tərəfindən əsassız olaraq həmin torpaq sahəsinə dair hər hansı bağlılığı müəyyən edilməyən mübahisələndirilən bələdiyyə qərarı əsasında Maraqlı şəxs2 mülkiyyət hüquqlarının qeydə alınması barədə qərar qəbul edilmişdir. Qeyd olunan bələdiyyə qərarının mübahisəli torpaq sahəsinə aidiyyətinin olmaması yuxarıda qeyd olunan məhkəmə çəkişmələri zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə sübut olunur. Bildiririk ki, Azərbaycan Respublikasında bələdiyyələr 2000-ci ildən fəaliyyətə başlamışdır və qeyd olunan tarixədək keçmiş sovet dönəmində istismara verilmiş dövlət mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair bələdiyyə tərəfindən qərar qəbul edilməsi torpaq və mülki qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya və onun vəkilinə şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının nümayəndəsi məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarının etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə Şəki İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli 2-1(116)-177/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə iddiaçıya ayrılan Mingəçevir şəhəri X3 küçəsi 1/45 ünvanında yerləşən 72.4 kv.m torpaq sahəsi üzərində Maraqlı şəxs2 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Mingəçevir Bələdiyyəsinin 28 noyabr 2002-ci il tarixli, 31/6 saylı qərarı ilə Maraqlı şəxs2 ayrılan torpaq sahəsinin dövlət mülkiyyətində olan 165.1 kv. m hissədə iddiaçının mülkiyyət hüququnun qeydə alınması barədə tələbi əsassız olduğundan iddia tələbi həmin hissədə rədd edilmişdir.Məhkəmə hesab etmişdir ki,bələdiyyə tərəfindən səlahiyyəti olmadığı halda dövlət mülkiyyətində olan torpaq sahəsi özgəninkiləşdirilmişdir. Dolayısı ilə hazırda mübahisələndirilən qərara “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin (müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt) müddəası baxımından hüquqi qiymət verilmişdir. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Hazırkı iş üzrə iddiaçı Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Digər tərəfdən Məhkəmə hesab edir ki,hazırkı mübahisə üzrə iddiaçının hüquqi müdafiəyə ehtiyacı qalmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehnə qarşı “Qədirova (Rüstəmova) Afət Şücaət qızına məxsus “Özəlləşdirilmiş ticarət obyektinə aid olan torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi haqqında Mingəçevir bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 31/6 nömrəli qərarı etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar