Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1384/2023 31.05.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.2014-cü il tarixdə SHXÇDX-nin Zaqatala rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, N №-li hərbi hissənin tərkibinə 2016-cı ilin aprel döyüşlərində iştirak etmişdir. Bu barədə onun hərbi biletinin 7-ci səhifəsinin 14-cü bəndində qeyd olunmuşdur. "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İmtinanın səbəbini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 438 nömrəli Qərarında olan dəyişikliyi əsas göstərir. Həmin qərarla Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinə uyğun olaraq 12 may 1994-cü il tarixdən sonra "Müharibə Veteranı" adı yalnız döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, şəxsə (1994-cü il 12 may tarixindən 27 sentyabr 2020-ci il tarixədək) Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 3 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət xidmət keçməsi yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezam olunması; - şəxsin bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi; - şəxsin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olması. Qeyd olunan şərtlərin birinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddiaçının 2016-cı ildə döyüş əməliyyatlarında iştirak edərkən döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması ilə bağlı hər hansı bir təsdiq edici sənəd aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nın 14.3. 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli 4/3-37 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - ŞX ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı N nömrəli hərbi hissəsinin müdafiə zolağında əməliyyatlarda 02.04-xx.xx.2016-cı il tarixədək N nömrəli hərbi hissə tərkibində heyət nəfəri atıcı vəzifəsində iştirak etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, iddiaçı cavabdeh orqana anoloji tələblə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin müddəalarına görə «Müharibə veteranı adı»nın verilməsi 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olan o hərbi qulluqçulara şamil edilir ki, həmin hərbi qulluqçular bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsunlar. Yəni, iddiaçıya “müharibə veteranı” adının verilməsi üçün onun 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması sübuta yetirilməlidir. İddiaçının hərbi xidmətinin 1994-cü il 12 may tarixindən sonraya təsadüf etməsi və bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almaması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, istinad olunan Əsasnamənin tələbləri baxımından iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almaması müəyyən edildiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə tərəfindən iddiaçının hərbi xidməti zamanı barəsində cinayət işi və ya təqsirləndirici materialın olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna xx.xx.2023-cü il tarixdə sorğu verilmişdir. Verilmiş sorğunun cavabının əldə edilməsi iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən edildiyi halda iş üzrə əhəmiyyət kəsb edə bilərdi. İşin halları ilə iddiaçının bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən edilmədiyindən və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərkən iddiaçı özü də, xəsarət (yaralanma, travma, kontuziya) almadığını etiraf etdiyindən xx.xx.2023-cü il tarixli sorğunun cavabının alınması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1384/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1384/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver