Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1389/2021 13.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndinin Malıx yaşayış sahəsində yerləşən evə və həmin evin yerləşdiyi 0,32 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın mümkünlüyünə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Oğuz rayon Baş Daşağıl kəndinin Malıx yaşayış sahəsində yerləşən evə və həmin evin yerləşdiyi 0,32 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alınaraq adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Oğuz rayon Baş Daşağıl kəndinin ərazisi olan Malıx yaşayış sahəsindən Baş Daşağıl kolxozu tərəfindən iddiaçıya və ailə üzvlərinə fərdi yaşayış evi əmlak payı kimi verilmişdir. İddiaçı 1992-ci ildən hal-hazıradək ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Baş Daşağıl kəndində islahat aparılan zaman həmin evin dəyəri əmlak payından çıxılmaqla ona əmlakdan pay haqqının verilməsi barədə 32 nömrəli akt tərtib olunaraq verilmişdir. İddiaçı qeyd edir ki, həmin ev Baş Daşağıl kəndindən təxminən 30-40 km məsafədə yerləşən maldarlıq fermasının ərazisində Daşağıl kolxozu tərəfindən tikilmiş evdir. Baş Daşağıl kəndində torpaq islahatı aparılan zaman həmin evin yerləşdiyi 0,32 ha həyətyanı torpaq sahəsi də iddiaçının adına yazılmışdır. Eyni zamanda həmin torpaq sahəsi zəbt kimi onların pay torpaqlarından çıxılmışdır. Bundan başqa Baş Daşağıl kəndində yerləşən, iddiaçı və ailə üzvlərinin qanuni istifadələrində olan 0,12 ha həyətyanı torpaq sahəsinə onun və ailə üzvlərinin adına 03 aprel 2006-cı il tarixli JN-233A saylı şəhadətnamə hazırlanmışdır. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, Oğuz rayonu Baş Daşağıl kəndində torpaq islahatı aparılarkən kənd yaşayış məntəqəsi ərazisində yerləşən, əmlak payı kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş fərdi yaşayış evinin yerləşdiyi 0,32 ha torpaq sahəsinin dövlət reyestrində adına qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 06.08.2021-ci il tarixli, **********19 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının Oğuz rayonu Baş Daşağıl kəndində torpaq islahatı aparılarkən kənd yaşayış məntəqəsi ərazisində yerləşən, əmlak payı kimi mülkiyyətinə verilmiş fərdi yaşayış evinin yerləşdiyi 0,32 ha torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə müraciətinə baxılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli qurumları təsdiq olunmuş Əsasnaməyə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanununa müvafiq olaraq təqdim olunan mülkiyyət hüququna dair sənədlərə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparır. Müraciətdə iddiaçının qaldırdığı məsələ ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün həmçinin cavabdehin 15.11.2016-cı il tarixli və 17.03.2020-ci il tarixli imtinalarına istinad etmiş və onların əsllərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddianın mümkün sayılaraq, iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, iş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2019-cu il tarixli 2-1(84)-941/2019 nömrəli qərarının surətinə əsasən müəyyən edilir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “ Oğuz rayonu Baş Daşağıl kəndinin Malıx yaşayış sahəsində yerləşən, ona məxsus evə və həmin evin yerləşdiyi 0,32 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmçinin iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasia Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2019-cu il tarixli, 2-1(107)-511/2019 nömrəli qərarı ilə təmin edilməyərək, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almışdır. İddiaçının nümayəndəsi (vəkili) izahatında iddia tələbini başqa şəkildə formulə edərək iddia qaldırdıqlarını, əvvəkli iddialarında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiklərini, hazırda isə həm torpağa, həm də orada yerləşən evə hüquqların tanınaraq çıxarışın verilməsini istədiklərini bildirsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddia tələbi faktiki olaraq eyni məsələ ilə bağlı olmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.07.2019-cu il tarixli qərarının mətninə əsasən müəyyən edilmişdir ki, əvvəkli iddiasında da iddiaçı cavabdehin 15.11.2016-cı il tarixli imtinasına istinad etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-941/2019 nömrəli iş üzrə 10.07.2019-cu il tarixli qərarında göstərilmişdir ki, əmlakdan pay haqqının verilməsi barədə 32 nömrəli aktdan iddiaçıya evin və 0,32 ha torpaq sahəsinin verilməsini müəyyən etmək mümkün deyil. İddiaçıya tələbində qeyd olunan evin və torpaq sahəsinin verilməsinə dair sübut mövcud deyil. Bundan əlavə iddiaçının 0,32 ha torpaq sahəsinin və evin faktiki istifadəsində olmasına görə mübahisəli torpaq sahəsinə və evə hüququnun yaranması ilə bağlı məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin və evin iddiaçının uzun illər istifadəsində olması o halda hüquqların dövlət qeydiyyatı üçün əsas ola bilər ki, həmin torpaq sahəsi və ev qanuni əsaslarla iddiaçıya ayrılmış olsun. Belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Eyni zamanda, hazırkı iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarına əlavə edilən cavabdehin 06.08.2021-ci il tarixli **********19 nömrəli imtina məktubundan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinin yerləşdiyi 0,32 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi tələbi ilə bağlı müraciətinə baxılmış və təmin edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı iddia tələbində evin və torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etsə də evin qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etməmiş, həmin məsələyə münasibətdə cavabdehin imtinası olmamışdır. İş materiallarından da göründüyü kimi iddiaçı əvvəllər də analoji iddia tələbi ilə məhkəmədə iddia qaldırmış, lakin onun tələbi təmin edilməmiş, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və qərar qanuni qüvvəyə minmişdir. Qərarın qüvvəyə minməsindən sonra hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu 10.09.2021-ci il tarixədək iddiaçının tələbinə dair faktiki və hüquqi hallarda dəyişikliyin olması (yəni iddia tələbində qeyd edilən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,32 ha torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olması) iş materiallarına əsasən müəyyən edilməmişdir. Artıq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş məsələ üzrə tələbin bu və ya digər şəkildə dəyişdirilərək, müxtəlif üsullarda formulə edilməsi yolu ilə son nəticədə eyni tələb ehtiva edən iddianın irəli sürülməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli 4 nömrəli qərarının 16.1-ci və 16.2-ci bəndlərində göstərilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir; qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, artıq mülki mühakimə icraatı qaydasında hüquqi qiymət verilmiş tələbə inzibati mühakimə icraatı qaydasında yenidən baxılması yolverilməz olduğundan iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz rayon Baş Daşağıl kəndinin Malıx yaşayış sahəsində yerləşən evə və həmin evin yerləşdiyi 0,32 hektar həyətyanı torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnu qeydiyyata alaraq iddiaçının adına Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1389/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1389/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver