Məhkəmə qərarları › İş №2-1(116)-139/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-139/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-139/2021 05.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.08 ha torpaq sahəsinin onlardan alınması nəticəsində dəymiş ziyana görə 20000 (iyirmi min) manat və əldən çıxmış gəlirə görə 4800 (dörd min səkkiz yüz) manatın cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Ramazan qızı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.8 ha torpaq sahəsinin onlardan alınması nəticəsində dəymiş ziyana görə 20000 (iyirmi min) manat və əldən çıxmış gəlirə görə 4800 (dörd min səkkiz yüz) manatın cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yeni salınan Dəmirçi-Lahıc avtomobil yolu iddiaçılara məxsus İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.08 ha torpaq sahəsindən keçir. Lakin iddiaçıların razılığı alınmadan və kompensasiya ödənilmədən işlər həyata keçirilmişdir. İddiaçılar onlara kompensasiya ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onların müraciəti təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixli 2-1(81)-3640/2019 nömrəli qərardadla işi baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsinə dair qərar qəbul etmişdir. Qərardaddan cavabdeh orqan tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2857/19 nömrəli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-657/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Baxılması üçün xx.xx.2020-ci il tarixdə aidiyyəti üzrə göndərilən inzibati iş Şəki İnzibati Məhkəməsinin dəftərxanasına xx.xx.2020ci il tarixdə daxil olmuş və həmin tarixdən inzibati icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan etiraz məktubunda qeyd etmişdir ki, 2017-ci ilin oktyabr ayında Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə əlaqədar Agentliklə (sifarişçi) “8 saylı X5 İstismarı” MMC (podratçı) arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ərazidə aparılan yol tikinti işləri podratçı tərəfindən aparıldığı üçün iddiaçının tələbinə cavab verməli orqan Agentlik olmalı deyil. Bu səbəblə də iddiaçının tələbi mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-163B KOD 40703028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx.xx.1999-cu il tarixli 74 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********63 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri xx xxxxxx 2020-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayon Ərəgit kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən JN-163 nömrəli şəhadətnamə ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Ramazan qızının mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsi ilə İddiaçı1 iddia etdiyi tərtib edilmiş sxemdə göstərilən torpaq sahəsi arasında coğrafi yerləşmə fərqi vardır. Bu səbəbdən JN-163 nömrəli şəhadətnamə ilə iddiaçıların mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin Dəmirçi-Lahıc avtomobil yolu ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Əsaslandırma hissəsi: İddiaçılar və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə tərəfindən işin araşdırılmış halları, həmçinin iş materiallarına əlavə edilən mütəxəssis rəyində də qeyd edildiyi kimi iddiaçının faktiki iştifadəsində olan torpaq sahəsi ilə JN-163 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi arasında coğrafi yerləşmə fərqi vardır. Rəyə əlavə edilmiş sxemdə iddiaçının istifadəsində olan və mütəxəssisə göstərdiyi torpaq sahəsinin sözügedən avtomobil yolu ilə üst-üstə düşdüyü görünsə də, ancaq iddiaçıların adına tərtib edilmiş şəhadətnamədə qeyd olunan 0.08 ha torpaq sahəsi yoldan kənarda yerləşmişdir. Görünən odur ki, iddiaçılar onlara AİK-nın qərarına əsasən verilən və JN-163 nömrəli şəhadətnamədə qeyd olunan 0.08 ha torpaq sahəsindən deyil, digər ərazidə yerləşən torpaq sahəsindən faktiki istifadə edirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən görülən yolçəkmə işləri iddiaçıların hüquqlarını pozmamışdır. İddiaçının tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçılara münasibətdə məhkəmə araşdırması zamanı hər-hansı qanunsuz və əsassız hərəkətlərin və ya hərəkəsizliyin edilməsi müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – dediktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən, MM-nin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddiaçılar ona dəymiş ziyanın cavabdeh orqanın hərəkətləri nəticəsində yarandığını iddia etdiyindən və bununla bağlı cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu məhkəmə tərəfindən öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Ramazan qızının cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.08 ha torpaq sahəsinin onlardan alınması nəticəsində dəymiş ziyana görə 20000 (iyirmi min) manat və əldən çıxmış gəlirə görə 4800 (dörd min səkkiz yüz) manatın cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilmir. Məhkəmə xərci iddiaçılara aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 67 manat 20 qəpik iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Ramazan qızından tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu X2 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: ********** hesab: AZ23AİİB********************) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar