Məhkəmə qərarları › İş №2-1(116)-139/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-139/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-139/2022 26.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 və üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinə qarşı “cavabdehin 10.10.2003-cü il tarixli 10 nömrəli iclas qərarının etibarsız hesab edilərək ləğv edilməsi, həmin qərar əsasında qanunsuz olaraq X1 və Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni sahiblik və istifadəsinə verilmiş Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin Qəbələ rayon Nohurqışlaq bələdiyyəsi tərəfindən qanunsuz olaraq satılması barədə qərarın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçıya verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən iddiaçıya 29.10.1996-cı ildə Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 2010-cu ilədək iddiaçının sahibliyində olmuş və o, 2010-cu ilədək torpaq sahəsinin vergilərini Nohurqışlaq bələdiyyəsinə ödəmişdir. Lakin maddi vəziyyətinin pis olması səbəbindən iddiaçı həmin torpaq sahəsində ev tikə, oranı hasarlaya və hər hansı formada istifadə edə bilməmişdir. İddiaçı 1992-ci ildən 2019-cu ilədək hərbi xidmətdə olduğundan 0,12 ha torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz olaraq başqa şəxsə satılmasından xəbərsiz olmuşdur. İddiaçı Nohurqışlaq bələdiyyəsinə şifahi formada müraciət edərək 0,12 ha torpaq sahəsinin kimə satılması barədə məlumat almaq istəmiş, lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Cavabdeh Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsi 09.08.2021-ci il tarixli 32 nömrəli məktubunda qeyd etmişdir ki, İddiaçı və X5 birinci Qarabağ müharibəsi veteranları olduqları üçün kolxoz tərəfindən 1996-cı ildə hər birinə eyni vaxtda 0,12 ha olmaqla cəmi 0,24 ha torpaq sahəsi verilmişdir. Verilmiş torpaq sahəsini hasarlayaraq istifadə etmişlər. İddiaçı hərbi xidmətə getmiş və torpaq sahəsi iddiaçının qardaşı Mahir Calalovun istifadəsində qalmışdır. Mahir Calalov isə həmin 0,24 ha torpaq sahəsini mişar daşı ilə hasarlayaraq yaşayış evi tikmişdir. Qəbələ rayon AİK-nın qərarı ilə İddiaçı 0,19 ha torpaq sahəsi verilmiş, lakin o, həmin torpaq sahəsini 05.05.2006-cı il tarixdə "xxxx" MMC-yə satmışdır. AİK qalan torpaq sahələrini bələdiyyənin perspektiv inkişaf fondu torpaqları kimi bələdiyyəyə ayırmışdır. Həmin torpaq sahəsindən birinci Qarabağ əlili X3 bələdiyyənin 10.10.2003-cü il tarixli 10 saylı qərarı ilə pulsuz olaraq 0,12 ha torpaq sahəsi verilmişdir. İddiaçıya 26.03.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində qeyri-müəyyənlik olduğundan müvafiq dəqiqləşmələr aparılmalıdır. Belə ki, iddia tələbi iki hissədən ibarətdir:

1. iddiaçıya Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin Qəbələ rayon Nohurqışlaq kənd bələdiyyəsi tərəfindən qanunsuz olaraq satılması barədə qərarının ləğv edilməsi;

2. alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. İddia ərizəsində irəli sürülən tələbinin birinci hissəsi inzibati məhkəmənin səlahiyyətinə aid olmaqla, İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) aid olsa da, tələbdə hansı tarixli, hansı nömrəli qərarın mübahisələndirildiyi dəqiq qeyd olunmamışdır. İddiaçıya iddia tələbində müvafiq düzəlişlərin aparılaraq dəqiqləşmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Yardım məktubunda iddiaçının həmçinin nəzərinə çatdırılmışdır ki, tələləbinin ikinci hissəsi “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair tələb inzibati məhkəmənin səlahiyyətlərinə aid deyildir. İddia tələbinə həmin hissədə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Yardım məktubunda qeyd olunanlara münasibət bildirilməsi və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin 02.11.2021-ci il tarixli 2-1(116)-1102/2021 nömrəli qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb olunmuşdur. Cavabdehin 19.04.2022-ci il tarixli 19 nömrəli məktubunda qeyd olunur ki, Nohurqışlaq bələdiyyəsi 1999-cu ildə keçirilmiş seçkilərdən sonra yaradılmış, 2000-ci ildən fəaliyyətə başlamışdır. Buna görə də Nohurqışlaq bələdiyyəsi iddiaçıya 29.10.1996-cı ildə 0, 12 ha torpaq sahəsi ayıra bilməzdi. İddiaçıya 0,12 ha torpaq sahəsi “Nohur-Göl” kolxozunun ümumi iclas qərarı əsasında əvəzsiz olaraq verilmişdir. Ona torpaqla bağlı heç bir sənəd verilməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi onunla eyni vaxtda döyüşlərdə iştirak edən böyük qardaşı Mahir Calalova əvəzsiz verilmiş 0,12 ha torpaq sahəsi ilə qonşudur. Hər iki qardaşa verilən 0,12 ha + 0,12 ha = 0,24 ha torpaq sahəsi qardaşı Mahir Calalovun istifadəsində olmaqla hər tərəfdən hasarlanmışdır. İddiaçı 23.05.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlamış və “cavabdehin 10.10.2003-cü il tarixli 10 nömrəli iclas qərarının etibarsız hesab edilərək ləğv edilməsi, həmin qərar əsasında qanunsuz olaraq X1 və Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək 2016-cı ildə ona məxsus 0,12 ha torpaq sahəsinin başqa şəxsə verilməsi barədə xəbərinin olmasını, lakin hərbiçi olduğu və xidmətdən məzuniyyətə gələ bilmədiyi üçün bununla bağlı iddia qaldıra bilmədiyini qeyd etmiş və buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivinin 20.10.2021-ci il tarixli 153 nömrəli məktubunda qeyd olunur ki, Nohurqışlaq kənd bələdiyyəsinin sənədləri arxivə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. Qəbələ rayon Dövlət Arxivinin 16.11.2021-ci il tarixli 175 nömrəli məktubunda qeyd olunur ki, Nohurqışlaq kənd bələdiyyəsinin sənədləri, X8 kitabı və Qəbələ rayon AİK-nın torpaqla bağlı olan sənədləri arxivə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. Həmçinin məhkəmə tərəfindən iddiaçının mübahisələndirdiyi bələdiyyə aktı aşkar edilməmişdir. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddia ərizəsi, digər iş materialları və iddiaçının məhkəmə iclasında verdiyi ərizə və izahatlardan məlum olur ki, iddiaçı cavabdehin mübahisəli 10.10.2003-cü il tarixli 10 nömrəli qərarından 2016-cı ildən məlumatlı olmuş, yəni iddia tələbində qeyd olunan 0,12 ha torpaq sahəsinin başqa şəxsə verildiyini 2016-cı ildə bilmiş, lakin həmin qərarı 25.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə mübahisələndirməklə tələb olunan prosessual müddəti ötürmüşdür. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək prosessual müddətin bərpasına dair müraciət hüququ izah edilmiş, iddiaçı ərizə ilə müddətin bərpasını xahiş etmiş və buna səbəb kimi hərbi xidmətdə olmasını göstərmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin mübahisəli qərarından daha əvvəl məlumatlı olsa da, yəni ona verildiyini iddia etdiyi 0,12 ha torpaq sahəsinin başqa şəxsə verildiyini 2016-cı ildə bilsə də, bu halı İPM-in tələblərinə müvafiq qaydada mübahisələndirməmiş, 6 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı iddiaçı qərarın etibarsız hesab edilərək ləğv olunmasını tələb etməklə, mübahisələndirmə haqqında iddia növünə dair iddianın mümkün sayılması üçün qanunla müəyyən edilmiş prosessual müddət şərtindən yan keçməyə çalışmışdır. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddiaçı cavabdeh Qəbələ rayonu Nohurqışlaq bələdiyyəsinə qarşı “cavabdehin 10.10.2003-cü il tarixli 10 nömrəli iclas qərarının etibarsız hesab edilərək ləğv edilməsi, həmin qərar əsasında qanunsuz olaraq X1 və Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin iddiaçının qanuni sahiblik və istifadəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar