Məhkəmə qərarları › İş №2-1(116)-139/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-139/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-139/2024 04.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “2002-ci ildən 2019-cu ilədək müharibə veteranları üçün ödənilməli olan müavinətin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2002-ci ildən 2019-cu ilədək müharibə veteranları üçün ödənilməli olan müavinətin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 1992-ci ildən 2002-ci ilədək birinci qarabağ müharibəsində iştirak etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 008350 saylı müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı 2002-ci ilədək müharibə veteranlarına verilən müavinəti almış, lakin 2002-ci ildən 2019-cu ilədək ona müavinət ödənilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2019-cu il tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (Prezident təqaüdünün təsis edildiyi tarixdən). Müraciətlə əlaqədar olaraq bildirilir ki, sözügedən müavinət növü ləğv edildiyi üçün iddiaçıya ərizəsində qeyd etdiyi dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3- 17-1/2-81718/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Lakin qeyd olunan Qanun 2006-cı il 1 yanvar tarixində qüvvəyə mindiyindən həmin tarixdən sonra yaranan münasibətlərə şamil edilir ki, bu da sözügedən müddəanın İddiaçı münasibətdə tətbiq edilməsini istisna edir. Ona görə ki, iddiaçıya veteran vəsiqəsi Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl avqust 1997-ci il tarixdə verilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki dövr (həmçinin üç il) üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən qeyd edilir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Bu mövqeyə uyğun olaraq xx.xx.2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üc il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının kecmis Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçıya münasibətdə veteran vəsiqəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1997-ci il tarixdə verilməsinə baxmayaraq iddiaçı ona Prezident təqaüdünün və müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin təyin edilməsi və əvvəlki illərə görə hesablanıb ödənilməsi üçün ilk dəfə cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən İddiaçı münasibətdə müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2019-cu il tarixdən təyin edilmişdir. İddiaçının tələbi 2002-ci ildən ona Prezident təqaüdünün təyin edildiyi xx.xx.2019-cu il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsindən ibarət olsa da, qanunvericiliyin tələbləri baxımından sözügedən dövrlərə görə müavinətin ödənilməsi mümkün deyildir. Belə ki, müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünün geriyə şamil edilməsi üçün heç bir müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə, veteranlara verilən müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununda isə sadəcə “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən (AR NK-nin 18 iyul 2006-cı il tarixli 174 nömrəli Qərarı ilə əlavə edilib), veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Bu mənada, iddiaçının qeyd olunan dövrə görə müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-13408/2024 nömrəli etiraza əlavə məktubunda qeyd olunmuşdur ki, analoji iş üzrə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki illərə görə (2006-2019-cu illər) hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Səki İnzibati Məhkəməsinin 14 mart 2023cü il tarixli, 2-1(116)-304/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək iddiaçı X3 xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-328/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iş üzrə yeni qərar ilə iddia tələbi rədd edilmişdir. Beləliklə hazırda icraatda olan işlə bağlı da faktiki və hüquqi əsaslar eyni olduğundan, İddiaçı “2002-ci ildən 2019-cu il tarixədək olan dövr üçün müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinin əsassız olması və apellyasiya məhkəməsinin mövqeyi nəzərə alınaraq iddia təmin edilməməlidir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli 3- 17-1/2-13408/2024 nömrəli etiraza əlavə məktubunda iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubu və ona əlavənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarı ilə əsassızdır. İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini cavabsız saxlamışdır. İddia mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixədək müharibə veteranlarına sosial müavinətin ödənilməsi “Sosial müavinətlər haqqında” Qanunun tələblərinə uyğun həyata keçirilirdi. İş materiallarında olan: Daxili İşlər Nazirliyi X8 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-23/2-961/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Daxili İşlər Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiyanın xx.xx.1997-ci il tarixli 8 nömrəli protokoluna əsasən müharibə veteranı adı və müvafiq vəsiqə verilmişdir. Müharibə veteranı vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 1997-ci ilin avqust ayında 008350 nömrəli vəsiqə verilmişdir. 5934998 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci ilədək hərbi xidmət keçmişdir. Ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı hazırkı tələblə cavabdehə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-260243/2023 nömrəli məktubuna əlavə olunmuş “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” cavabdehin xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarının təsdiq olunmuş surətində qeyd olunur ki, iddiaçıya sosial müavinətin təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki dövr (həmçinin üç il) üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra xx.xx.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusion prinsip baxımından məhkəmələr hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanun 2006-cı il 1 yanvar tarixindən qüvvəyə mindiyindən həmin tarixdən sonra yaranan münasibətlərə şamil edilir ki, bu da tələb üzrə iddiaçı X4 2002-ci ildən xx.xx.2006-cı il tarixədək müharibə veteranları üçün ödənilməli olan müavinətin hesablanıb ödənilməsini istisna edir. Eyni zamanda qeyd etmək lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı statusunu aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət hüququn yarandığı gündən təyin edilsə də, şəxsin cavabdehə ilkin müraciəti zəruri şərtdir və şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Təyinatın aparılması üçün isə iddiaçı tərəfindən müvafiq müraciət daxil olmalıdır. Bu mövqeyə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı sosial müavinətin ona ödənilməsi barədə cavabdehə müraciət etməli, cavabdeh tərəfindən isə həmin müraciətə uyğun olaraq müharibə veteranları üçün ödənilməli olan müavinətin hesablanıb ödənilməsi üzrə icraat həyata keçirilməli idi. Hazırkı iş üzrə məhkəmə araşdırması ilə isə müəyyən edilir ki, iddiaçı tərəfindən sözügedən müavinətin ödənilməsi barədə ilkin müraciət xx.xx.2022-ci il tarixdə edilmiş, cavabdeh tərəfindən iddiaçıya münasibətdə xx.xx.2019-cu il tarixdən etibarən Prezident təqaüdünün təyin edilərək ödənilməsi təmin edilmiş, müavinətin ödənilməsindən isə imtina olunmuşdur. xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilənədək iddiaçının müavinətin ödənilməsi barədə hər-hansı müraciəti qeydə alınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, qanunverici sözügedən müavinətin ödənilməsini birbaşa olaraq iddiaçının müraciətinə bağladığından müraciətin edilmədiyi dövrə münasibətdə sosial müavinətin ödənilməsi yolverilməzdir. Həmçinin əvvəlki dövrə görə üç illik ödəmənin aparılması ilə bağlı qeyd edilməlidir ki, müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünün geriyə şamil edilməsi üçün qanunvericilikdə heç bir müddəa nəzərdə tutulmasa da, iddiaçıya münasibətdə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən etibarən müharibə veteranları üçün nəzərdə tutulan təqaüd təyin edilərək üç ildən artıq müddət üçün hesablanaraq ödəmə həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “2002-ci ildən 2019-cu ilədək müharibə veteranları üçün ödənilməli olan müavinətin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 1) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar