Məhkəmə qərarları › İş №2-1(116)-1393/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1393/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1393/2025 10.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı Abdulxalıq oğlunun iştirakı ilə, İddiaçı Abdulxalıq oğlunun cavabdeh Zaqatala rayonu Danaçı Bələdiyyəsinə qarşı “ cavabdehin xx.xx.2022-ci il tarixli qərarının iddiaçıya aid olan hissəsinin ləğv edilməsi” tələbinə dair inzibati işə işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli qərarının iddiaçıya aid olan hissəsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Zaqatala rayon Danaçı bələdiyyəsinin xx.xx.2022ci il tarixli qərarı ilə 2022-ci il də daxil olmaqla 332 manat vergi borcu iddiaçıdan alınaraq bələdiyyənin Azərpoçt MMC Zaqatala rayon filialında olan AZ92AZPO******************** hesablaşma hesabına köçürülməsi qərar alınmışdır. Həmin qərarın surəti iddiaçıya rəsmi qaydada təqdim olunmamışdır.Qərarın surətini icra məmurundan götürmüşdür. İddiaçı hesab edir ki, vergi borcu düzgün hesablanmadığından bələdiyyənin qərarı qanunsuzdur. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır : İddiaçı Zaqatala rayonu Kəbəloba kənd sakini İddiaçı Zaqatala rayonu Danaçı bələdiyyəsi ərazisində yerləşən torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 01–07 yanvar 1996-cı il tarixli 23 nömrəli qərarı ilə ona və ailə üzvlərinə ümumilikdə 1,64 hektar torpaq sahəsi mülkiyyətə verilmişdir. Zaqatala rayonu Danaçı bələdiyyəsi tərəfindən hər il İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən torpaq vergisi BAMS (X1 Sistemi) vasitəsilə hesablanaraq müvafiq ödəniş bildirişi təqdim edilmişdir. Lakin İddiaçı Danaçı bələdiyyəsinin büdcəsinə qanuni hesablanmış vergiləri ödəməkdən yayınmışdır. Qanuni hesablanmış 332 (üç yüz otuz iki) manat torpaq vergisi borcunun bələdiyyə büdcəsinə ödənilməsi barədə Danaçı bələdiyyəsinin 07 sentyabr 2022-ci il tarixli 13 saylı iclasının qərarı ilə ona 10 gün müddət verilmişdir. Həmin qərarın surətinin ona poçt vasitəsilə sifarişli məktub formasında çatdırılması barədə xəbərnamə mövcuddur. Verilmiş müddət ərzində torpaq vergisi Danaçı bələdiyyəsinin büdcəsinə ödənilmədiyinə görə Danaçı bələdiyyəsi 11 oktyabr 2022-ci il tarixli 14 saylı iclasının qərarı ilə yaranmış 332 manat vergi borcunun məcburi qaydada alınması üçün Zaqatala rayon İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, İddiaçı torpaq vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq hesablanmışdır və vergilərin ödənilməsindən yayınması səbəbindən həmin borcun məcburi qaydada alınması zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Zaqatala rayon Danaçı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 14 saylı iclas qərarı;

2. Cavabdehin etirazı;

3. Zaqatala rayon İcra Hakimiyyəti başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitablarından iddiaçı və ailə üzvlərinə aid hissədən çıxarışları;

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-47/2- 4596/2025 nömrəli məktubu və ona əlavə edilən Çıxarışlar;

Əsaslandırma hissəsi:

Hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İnzibati Prossesual Məcəllənin İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən qərarın iddiaçıya təqdim edilməsinə dair sübut təqdim edilməmiş,qərarla bağlı iddiaçının icra qurumu tərəfindən göndərilən bildiriş əsasında məlumatlanması müəyyən edilmişdir. Odur ki İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq Zaqatala rayon Danaçı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 14 saylı iclas qərarının iddiaçıya aid hissədə ləğv edilməsindən ibarətdir. Təqdim edilmiş icraat materialları ilə müəyyən olunur ki, cavabdeh orqan iddiaçı barəsində xx.xx.2022-ci il tarixli 14 nömrəli qərar qəbul edərək iddiaçıya 332 manat vergi borcu hesablayarkən ümumiyyətlə “İnzibati icraat haqqında” Qanunun normalarını nəzərə almamış, inzibati icraatda iddiaçının iştirakını, dinlənilmə hüququnu, o cümlədən işin hallarının obyektiv araşdırılmasını təmin etməmişdir. Cavabdeh tərəfindən hazırkı qərar qəbul edilərkən hansı dövrün,hansı əmlaka münasibətdə hesabladığına dair hər hansı aydınlıq gətirə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya məxsus daşınmaz əmlak obyektlərinə dair sənədlər daşınmaz əmlakın ərazi idarəsindən götürülmüş və müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı tikili mövcud deyil. İddiaçının ümumi birgə mülkiyyətində xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,1181 ha torpaq sahəsi və xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,6607 ha torpaq sahəsi vardır. Cavabdeh inzibati orqanın təqdim etdiyi şəxsi hesab vərəqəsindən görünür ki,iddiaçıya hesablanmış vergi borcu və onun faizi 2010-cu ilin avqustdan etibarən hesablanmaqda davam etməkdədir. Məhkəmə qeyd edir ki,yığılan faiz borcu vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən ödəniş müddətindən sonrakı hər bir ötən gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 % məbləğində faiz borcu hesablanır. Bələdiyyələrdə vergi hesablanması elektron qaydada X1 Sistemi (BAMS) vasitəsilə hesablanır. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması və üfüqi monitorinq nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Əmlak vergisinə münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, əmlak vergisinin vergitutma obyekti "xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər"dir. Burada "xüsusi mülkiyyət" anlayışı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını ehtiva edir, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanuna əsasən, daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvəyə malik olur. Əgər fiziki şəxsin daşınmaz əmlaka dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayıbsa, həmin əmlak hüquqi baxımdan onun mülkiyyətində hesab edilmir. Bu halda, həmin daşınmaz əmlak Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən vergitutma obyekti ola bilməz. Bu isə o deməkdir ki, faktiki istifadə mülkiyyət hüququ yaratmır və bələdiyyənin faktiki istifadədə olan tikiliyə münasibətdə əmlak vergisi hesablamaq səlahiyyəti yoxdur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən fiziki şəxslərin əmlakı, habelə fiziki şəxslərin istifadəsində və ya mülkiyyətində olan torpaq sahələri üzrə əldə edilən bələdiyyə əraziləri vergi tutma obyektidir. Hal-hazırda fiziki şəxslərin əmlak və torpaq vergilərinin hesablanması Bələdiyyələrin Milli Assosiasiyası tərəfindən yaradılmış BAMS proqramı vasitəsilə həyata keçirilir. Hesablanmış əmlak və torpaq vergi borcları haqqında məlumatlar hər il tərəflərə bildiriş vasitəsilə vətəndaşa təqdim olunur. Vergi Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən, fiziki şəxslərin əmlak vergisi yerli vergi hesab olunur və bələdiyyələr tərəfindən yığılır. Lakin bu, yalnız Vergi Məcəlləsində müəyyən edilmiş vergitutma obyektlərinə və vergi ödəyicilərinə şamil edilir. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış əmlak bələdiyyə tərəfindən vergiyə cəlb edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. “İnzibati İcraat haqqında” Qanun: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə iş materiallarını yuxarıda qeyd edilən hüquq normalarını tədbiq etməklə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi : Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri) 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 59. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlə 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir... Xİİİ fəsil. Əmlak vergisi Maddə 197. Vergitutma obyektləri 197.1. Aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), ... Maddə 198. Vergi dərəcələri 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): - Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla) - 0,1 manat Maddə 206. Vergi dərəcələri 206.1-1. Müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir. 206.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balları müəyyənləşdirilir. 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: - Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər - Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Zaqatala Rayonu Danaçı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli qərarı İddiaçı Abdulxalıq oğluna aid olan hissədə qərar qəbul edilən tarixədək hesablanmış əmlak və torpaq vergisi və bir illik faizi istisna olmaqla qalan hissədə ləğv edilir. İddia qalan hissədə təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar