Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1396/2021 25.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı şikayət ərizəsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı 13.09.2021-ci il tarixində məhkəməyə şikayət ərizəsi daxil olmuşdur. Şikayət ərizəsində qeyd olunmuşdur ki, İddiaçı ailəsini, uşaqlarını və nəvələrini saxlamaq üçün 2009-cu ilin may ayında Mingəçevir şəhərində, dağın yanında torpaq sahəsi götürüb orada çoxlu ağaclar əkib becərmiş, həmin yerdə yaşıllıq salmışdır. Torpaq sahəsini sənədləşdirmək məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə, şəhər bələdiyyəsinə və torpaq şöbəsinə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. İddiaçı şikayət ərizəsində əkib becərdiyi, yaşıllaşdırdığı torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı 20.09.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, onun ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddələrinin tələblərinə uyğun deyil. İPM 46.1.2-ci maddəsində göstərilmişdir ki, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində göstərilməlidir. Hazırkı ərizədə isə cavabdehin hansı inzibati orqan olması, o cümlədən cavabdehin ünvanı və ona qarşı olan konkret tələb göstərilməmiş, anoloji tələblə cavabdeh inzibati orqana edilən müraciətin təmin edilməsindən cavabdehin imtina etməsi və ya müraciətin cavabsız saxlanılması barədə müvafiq sənədlər əlavə edilməmişdir. Şikayət ərizəsinin məzmunundan onun konkret hansı inzibati orqana qarşı iddia qaldırması və tələbinin nədən ibarət olması başa düşülməsə də, ərizənin məzmunundan belə hiss olunur ki, İddiaçı faktiki istifadə etdiyi torpaq sahəsini sənədləşdirmək istəyir. Sənədləşdirmək istədiyi torpaq sahəsi Mingəçevir şəhəri yaxınlığında yerləşirsə bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etməli və həmin torpaq sahəsinin onun istifadəsinə verilməsinin hüquqi əsasını təşkil edən müvafiq sənədləri təqdim etməlidir. Cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etdikdə və ya müraciəti cavabsız saxladıqda isə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. İddiaçı təklif edilmişdir ki, iddia ərizəsini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun tərtib edərək, cavabdeh inzibati orqanı və ona qarşı olan tələbi aydın qeyd etməklə iddia tələbini dəqiqləşdirsin və cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina etməsi və ya müraciətin cavabsız saxlanılması barədə müvafiq sənədini əlavə etsin. Qeyd olunan nöqsanların aradan qaldırılması və tələbi dəqiqləşdirərək təqdim edilməsi üçün İddiaçı 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Xəbərnaməyə əsasən müəyyən edilir ki, İddiaçı yardım məktubunu 02.10.2021-ci il tarixdə imza etməklə qəbul etmiş, lakin bugünədək məktubda qeyd edilənlərə münasibət bildirməmiş və nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət ərizəsi mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında deyilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı şikayət ərizəsindən görünür ki, onun tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olsa da, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27 və 46-cı maddələrinin tələblərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı şikayət ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1396/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1396/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver