Məhkəmə qərarları › İş №2-1(116)-140/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-140/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-140/2020 18.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının 01.07.2017-ci ildən təyin edilməsi, yenidən hesablanması və nəticədə ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə anadan olmuş və Balakən rayon Qullar kəndində yaşayır. Ona 01.01.2019-cu ildə elektron qaydada 01.01.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra o, cavabdehə ərizə ilə müraciət edərək pensiyanın 01.07.2017-ci ildən təyin olunmasını, pensiyanın yenidən hesablanmasını və fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, lakin cavabdeh 16.08.2019-cu il tarixli **********9 nömrəli məktubla bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, yaşa görə əmək pensiyasının 01.07.2017-ci ildən təyin edilməsi, yenidən hesablanması və nəticədə ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun 30.06.2017-ci ildə (gecə saat 24.00-da) 63 yaşı tamam olmuş və həmin andan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh 08.10.2019-cu il tarixli arayışında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, ölkədə 01.07.2017-ci ildən 01.07.2018-ci ilədək pensiya yaşı 63 yaş 6 ay olmuş, iddiaçı həmin yaşa 01.01.2018-ci ildə çatmış, bu səbəbdən ona pensiya həmin tarixdən təyin edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 25.01.2018-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı əmək pensiyası hüququ 63 yaş 6 ay tamam olduğu müddətdən yaranacaqdır. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin 16.08.2019-cu il tarixli **********9 nömrəli məktubundan görünür ki, İddiaçı 01.01.2019-cu ildən elektron qaydada 01.01.2006-cı il tarixədək 28 il 10 ay sığorta stajına, 01.01.2006-cı ildən pensiya hüququ yaranan 01.01.2018-cı il tarixədək 7 il 11 ay sığorta stajına əsasən 173,87 manat pensiya təyin edilmişdir. Əyani təhsil müddəti nəzərə alınmaqla ona 01.01.2018-ci il tarixdən 193,10 manat pensiya təyin olunmuşdur. Cavabdeh 01.01.2018-ci ildən iddiaçıya ödənilməmiş məbləğin aylar üzrə ona ödəniləcəyini qeyd etmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin 08.10.2019-cu il tarixli **********1 nömrəli arayışından görünür ki, İddiaçı 63 yaş 6 ayı 01.01.2018-ci ildə tamam olduğundan pensiya hüququda həmin tarixdən yaranır. İddiaçıya 01.01.2019-cu il tarixdən elektron qaydada 28 il sığorta stajına və 6975,41 manat kapitala əsasən 173,88 manat məbləğdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 01.07.2017-ci ildən etibarən qüvvədə olan redaksiyasında deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinin 01.07.2017-ci ildən etibarən qüvvədə olan redaksiyasında deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göstərilən maddənin 01.07.2017-ci ildən əvvəlki redaksiyasında deyilirdi ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinin 01.07.2017-ci ildən əvvəlki redaksiyasında deyilirdi ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 10.03.2017-ci il tarixli 543-VQD nömrəli Qanununun 2-ci maddəsində deyilir ki, bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Göründüyü kimi, kişilər üçün pensiya yaşı 01.07.2017-ci ildən etibarən 63 il 6 ay müəyyən edilmiş, həmin gündən əvvəl isə, o cümlədən 30.06.2017-ci ildə 63 yaş olmuşdur. Tərəflər arasında olan hazırkı mübahisə iddiaçının pensiya yaşına məhz hansı tarixdə çatması ilə bağlıdır. İddiaçı 63 yaşına 30.06.2016-cı ildən 01.07.2017-ci ilə keçən gecə saat 00.00-da çatdığını, bu səbəbdən ona qanunvericiliyin əvvəlki normasının tətbiq edilməli olmasını iddia edir, cavabdeh isə bununla razılaşmır və iddiaçının 63 yaşına 01.07.2017-ci ildə çatdığını, həmin gün isə tələb olunan pensiya yaşının 63 il 6 ay olduğunu bildirir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369-cu maddəsinə əsasən, illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı aya bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. (369.1-ci maddə) Günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. (369.6-cı maddə) Göründüyü kimi, iddiaçı 63 yaşına 30.06.2017-ci ildə deyil, 01.07.2017-ci ildə çatmışdır. Pensiya qanunvericiliyində pensiya yaşı ilə bağlı dəyişiklik də məhz 01.07.2017ci ildə qüvvəyə minmişdir. 30.06.2017-ci ildə 63 yaşına çatmış kişi pensiya hüququ əldə edə bilirdisə, ertəsi gün, yəni 01.07.2017-ci ildə artıq bu yaş kifayət etmirdi və onun 63 yaş 6 aya çatması tələb olunurdu. Belə olan halda, iddiaçıya qanunvericiliyin əvvəlki normalarına uyğun 63 yaşında yaşa görə əmək pensiyasının təyin edilməsi qanuni olmazdı və cavabdeh iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı "yaşa görə əmək pensiyasının 01.07.2017-ci ildən təyin edilməsi, yenidən hesablanması və nəticədə ödənilməmiş pul məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar