Məhkəmə qərarları › İş №2-1(116)-140/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-140/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-140/2024 14.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, üçüncü şəxsin nümayəndəsi X11 iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qanuni istifadədə olan 0,0451 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinin Texniki Pasportunun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qanuni istifadədə olan 0,0451 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-140/2024 nömrəli qərardadı ilə İsmayıllı rayon Basqal Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-140/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Basqal” X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, 1965-ci il tarixdə iddiaçı X5 ilə evlənmiş və ona məxsus atasından miras qalmış İsmayıllı rayonun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Hal-hazırdada həmin evdə oğlu Təhmasiblə birlikdə yaşayır. X3 1994-ci il tarixdə vəfat etmişdir. Mərhum ərinin mülkiyyətində fərdi yaşayış evi və evin yerlədiyi İsmayıllı Rayon Dövlət Arxivinin təqdim etdiyi 201 saylı arayışına əsasən 0,10 ha. torpaq sahəsi qanuni istifadəsində olmuşdur. Ölkələrində torpaq islahatı aparılan zaman, bizə məlum olmayan səbəbdən qanuni istifadəsində olan torpaq sahəsinə mülkiyyət sənədi olan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə hazırlanıb verilməmişdir. Qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq Çıxarış və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir.Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, İsmayıllı rayon Torpaq Şöbəsi tərəfindən həmin torpaq sahəsi ilə bağlı tərtib edilmiş JN-087A nömrəli Torpağa Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Eyni zamanda qeyd etmək istəyirik ki. Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə məkan göstəriciləri ilə faktiki torpaq sahəsinin məkan göstəriciləri ilə müqayisədə uyğunsuzluqlar mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “Kadastr və Yerquruluşu Layihə -Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3- 60/2-2444/2023 nömrəli məktubuna əlavə olunan sənədlərdən görünür ki, 2003-cü il tarixli İsmayıllı rayon Basqal kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, İddiaçı və onun ailə üzvlərinin adı qeyd olunmuşdur.

2. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarının surəti.

3. Arxiv İdarəsi Respublika X13 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 1990-2000-ci illərin Təsərrüfatbaşına kitabından mərhum X2 ailə başçısı kimi olmaqla ailə tərkibi, istifadəsində olan ev və həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. X2 adının üzərindən xətt çəkilərək xx.xx.1994-cü ildə ölməsi və ailə başçısı arvadı İddiaçı qeyd olunub. Torpaq sahəsi qeydi qrafasında 1990-1992-ci illərdə pozuntu (düzəliş) olunub.

4. Arxiv İdarəsi Respublika X13 filialının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş İsmayıllı rayonu Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 2006-2013-cü illərin Təsərrüfatbaşına kitabında İddiaçı adı qeyd olunub.

5. Cavabdehin xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

6. İsmayıllı rayonu Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu və əlavə olunan sənədlər;

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İşin araşdırılması üçün mütəxəssislər 01 dekabr 2023-cü il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, JN-087A kod 40700016 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,10 ha torpaq sahəsi Basqal qəsəbəsi ərazisində aparılmış torpaq islahatı nəticəsində tərtib olunmuş Kompleks yerquruluşu xəritəsində öz əksini tapmadığından iddia edilən torpaq sahəsi ilə üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir, JN-087A kod 40700016 saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən verilmiş 0,10 ha torpaq sahəsi Basqal qəsəbəsi ərazisində aparılmış torpaq islahatı nəticəsində tərtib olunmuş Kompleks yerqruluşu xəritəsində öz əksini tapmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyildir, İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə (DVG) əsasən İsmayıllı rayon Basqal qəsəbəsinin inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid bələdiyyə mülkiyyətində, 1238 BB -də yerləşir. X10 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsinin 270 kv.m hissəsi İsmayıllı rayon Basqal qəsəbəsinin inzibati ərazi dairə sərhədi daxilində yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası tikinti altı torpaqlar olan bələdiyyə mülkiyyətinə aid ərazidə, 175 kv.m hissəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan (köhnə hamam) Dövlət mülkiyyətinə aid ərazidə, 2 kv.m hissəsi isə yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ümumi istifadə olan torpaqlarda - yol kimi qeyd olunmuş ərazidə yerləşir. X10 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsinin 175 kv.m hissəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan ( köhnə hamam) Dövlət mülkiyyətinə aid ərazidə, 2 kv.m hissəsi isə yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ümumi istifadə olan torpaqlarda - yol kimi qeyd olunmuş ərazidə yerləşir. İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0447 hektar (447 kv.m) torpaq sahəsi hər tərəfdən bərkidilmiş sərhəd daxilində olmaqla iddiaçının faktiki istifadəsindədir.İlkin texniki sənəd təqdim olunmadığına görə faktiki istifadə olunan torpaq sahəsi ilə eyni olub-olmamasını təyin etmək mümkün deyildir.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil.Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı 0,0451 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İddia olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənəd aşkar olunmamış,iddiaçı tərəfindən də belə sənəd təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı JN-087A kod 40700016 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinin iddiaçı və ailə üzvlərinə mülkiyyətinə verildiyi müəyyən edilmişdir.Lakin,hazırda iddia olunan torpaq sahəsi ilə həmin torpaq sahəsi eyni deyildir. Digər tərəfdən təqdim olunan mütəxəssis rəyindən göründüyü kimi iddia olunan topraq sahəsinin 270 kv.m hissəsi İismayıllı rayon Basqal bələdiyyəsinin mülkiyyətinə aid ərazidə, 175 kv.m hissəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyası olmaqla, uqodiyası ictimai tikililər olan (köhnə hamam) Dövlət mülkiyyətinə aid ərazidən ibarətdir. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi “Basqal” X4 məlumatından görünür ki,iddia olunan fərdi yaşayış evi və torpaq sahəsi Qoruğun ərazisində yerləşir.Təqdim olunan fotoşəkillərdən də göründüyü kimi fərdi yaşayış evi faktiki olaraq istifadəyə yararsız və əksər hissəsi dağılmış vəziyyətdədir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ

1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia təmin oluna bilməz. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qanuni istifadədə olan 0,0451 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinin texniki pasportunun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar