Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1402/2020 11.12.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı vəsiqəsi və statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə veteranı” vəsiqəsi və statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı N saylı hərbi hissədə gizir işləmişdir. xx.xx.1992-xx.xx.1992, xx.xx.1993-xx.xx.1993, xx.xx.1994-cü il tarixlərində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin tərkibində Kəlbəcər, Laçın, Ağdam və Cəbrayıl bölgələrində ezamiyyətlərdə düşmənə qarşı döyüşmüşdür. İddiaçı ona “Müharibə veteranı” vəsiqəsi və statusunun verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının döyüş əməliyyatları aparılan rayonlara ezam olunmasının döyüş tapşırığının yerinə yetirilməsi və döyüş təminatı ilə bağlı olmamasını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə xx xxxxxxxx 2020-ci il tarixdə Sərəncam verilmişdir. Sərəncama əsasən cavabdeh orqandan iddia tələbinə qarşı rəsmi münasibət (etiraz) bildirməsi, iddiaçının xidmətinə dair əmrlərin təsdiq edilmiş surətləri və həmçinin iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olub-olmaması barədə məlumatın verilməsi tələb edilmişdir. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.2020-ci il tarixli 514 nömrəli arayışına əlavə edilmiş əmrlərdən çıxarışların təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, iş üzrə İddiaçı 1992-1994-cü illərdə müxtəlif tarixlərdə hərbi tapşırıqların yerinə yetirilməsi üçün aktiv döyüşlərin getdiyi müxtəlif bölgələrə ezam edilmişdir. İş üzrə cavabdeh orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə xx.xx.2020-ci il tarixli 11/5676 nömrəli vəsatət ünvanlayaraq bildirmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx xxxxxx 2020-ci il tarixli 725 nömrəli protokolu ilə İddiaçı müharibə veteranı adı verilmişdir. İddiaçının tələbi təmin olunduğuna görə mübahisənin artıq mövcud olmamasını nəzərə alaraq cavabdeh iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin bildirilmişdir ki, komissiya tərəfindən iddiaçıya qəbul edilmiş qərar barədə məlumat göndərilmişdir. İddiaçı şəxsiyyət vəsiqəsini və foto şəklini komissiyaya təqdim etməklə müharibə veteranı vəsiqəsini əldə edə bilər. Məhkəmə cavabdehin vəsatətini iş materialları ilə birgə araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin vəsatətindən görünür ki, iddiaçının tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 16.3, 67, 80-cı maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” vəsiqəsi və statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-1402/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1402/2020
11.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver