Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1402/2025 21.06.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Göyçay rayonu, 2-ci Ərəb Cəbirli kəndi) cavabdeh – Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (yerləşdiyi yer: Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85) qarşı «cavabdehin imtina barədə qərarının ləğv edilməsi və iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı xx xxxxxxxx 1986-cı il tarixdə doğulmuşdur, ailəlidir, 3 azyaşlı övladı var, hazırda Göyçay rayonunun X12 kəndində yaşayır. Rayonda bir müəssisədə fəhlə kimi işlərə cəlb olunmuşdur. Aylıq əmək haqqı 326 manat təşkil edir. Ailəsinin aylıq gəliri faktiki ehtiyac meyarlarını qarşılamadığından, iddiaçı 2024-cü ildə ünvanlı dövlət sosial yardımı ilə əlaqədar X8 və X13 (bundan sonra – VEMTAS) vasitəsilə hazırkı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciəti VEMTAS tərəfindən qeydiyyata alınmış və inzibati icraat çərçivəsində iddiaçının maddi-məişət şəraitinin müayinəsi aparılmışdır. Sonradan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən VEMTAS vasitəsi ilə onun müraciətində qaldırdığı məsələnin həllindən imtina olunmuşdur. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin imtina barədə qərarının ləğv edilməsi və iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək iddia qaldırılmışdır. İddiaçı hesab edir ki (iddia ərizəsinə əsasən), cavabdehin imtinası qanunsuzdur. Göyçay rayonunun X12 kəndində yerləşən 0,50 ha torpaq sahəsi atası X1, iddiaçının və digər şəxslərin ümumi mülkiyyətində olsa da, iddiaçı həmin torpaq sahəsindən istifadə və qazanc əldə edə bilməmişdir. Cavabdehin nümayəndəsi onun maddi-məişət şəraitinin araşdırılması ilə bağlı müvafiq ünvanda olarkən, VEMTAS-a ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı məlumat təqdim edildiyi təqdirdə, məsələnin müsbət həll olunacağı barədə bildirsə də, sonda məsələnin həllindən imtina olunmuşdur. Hazırkı qaydalara əsasən ümumi mülkiyyət hüququ ilə torpaq sahəsinə malik olması ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina üçün əsas deyil. Belə ki, şəxsin torpaq sahəsinə malik olması onun torpaq sahəsindən ailəsinin maddi rifahının lazımi səviyyədə təmin edilməsi qədər gəlir əldə etməsi anlamına gəlmir. Buna baxmayaraq, cavabdeh səbəbsiz olaraq imtina barədə qərar çıxarmışdır. İddiaçı cavabdehin imtina barədə qərarını mübahisələndirir və ona ailəsi ilə birlikdə ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya etiraz edir. Cavabdeh tərəf hesab edir ki (iddiaya qarşı yazılı etiraza əsasən), iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı VEMTAS vasitəsilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün 4 aprel 2024-cü il tarixdə ərizə ilə müraciət etmişdir. Təmsilçi İddiaçı ərizə bəyannaməsində qeyd etdiyi məlumatların yoxlanılması zamanı VEMTAS tərəfindən ailə üzvü X2 mülkiyyətində **********52 və A **********52-886630 dövlət qeydiyyatı nömrəli torpaq sahəsi əmlakın qeyd edilməməsi səbəbindən sosial yardımın təyin edilməsindən imtina olunmuşdur. İddiaçı yenidən VEMTAS vasitəsilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı 24 aprel 2024-cü il tarixli ərizə ilə müraciət etmişdir. Maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, Göyçay rayonu, X12 kəndində yerləşən ailənin faktiki yaşadığı ev təmsilçi İddiaçı mülkiyyətindədir. Həmçinin ailə üzvünün atasının adına olan və iddiaçının payçı olduğu əmlak sənədi təqdim edilmişdir. Ailənin mülkiyyətində eyni təyinatlı 2 və daha çox əmlakın olması səbəbindən ünvanlı dövlət sosial yardımının təyinatından imtina edilmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı mülkiyyətində olan əmlaklar barədə məlumatların verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış sorğuya 24 yanvar 2025-ci il tarixli cavab məktubunda İddiaçı adına Göyçay rayonu, X12 kəndində yerləşən ümumi birgə mülkiyyətində olan 0,50 ha həyətyanı torpaq sahəsinin 6 noyabr 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı göstərilmişdir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ona (ailəsi ilə birlikdə) ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İmtina barədə qərar 9 oktyabr 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə daxil olması isə 23 oktyabr 2024-cü il tarixə, yəni imtina tarixindən 14 gün müddət keçdiyi vaxta təsadüf etdiyindən, hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, “ünvanlı dövlət sosial yardımının təyin edilməsi” tələbinə dair iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Göyçay rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Göyçay rayonunun X12 kəndidir. Məhkəmə qeyd edir ki, iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya ünvanlı dövlət sosial yardımı təyin edilməsindən imtinası qanuna ziddir və iddiaçının və ailəsinin sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 30 aprel 2025-ci il tarixli məktubunda İddiaçı ümumi birgə mülkiyyəti kimi (digər 6 şəxslə birlikdə) 0,50 ha torpaq sahəsinin qeydiyyata alındığı bildirilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun 1.0.6-cı maddəsinə görə ünvanlı dövlət sosial yardımı – aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Həmin Qanunun 6.1-ci maddəsinə görə sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “«Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanının 2-ci bəndinə görə «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 3.1-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Həmin Qaydaların 3.4-cü bəndinə görə bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin (Təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin) iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. «İnzibati icraat haqqında» Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. Həmin Qaydanın 3.4.2-ci yarımbəndinə görə məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: (3.7.1) “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; (3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; (3.7.3) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; (3.7.4) ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); (3.7.5) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır); (3.7.6) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan yuxarı olduqda; (3.7.7) ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Məhkəmə qeyd edir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»ın 3.7-ci bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtinaya səbəb kimi təqdim olunan xüsusata gəldikdə isə, məhkəmə bu mövqe ilə razılaşmır. Çünki, hazırkı məhkəmə icraatında aidiyyəti qeydiyyat orqanı kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin müvafiq sorğuya cavab kimi 30 aprel 2025-ci il tarixli məktubunda İddiaçı mülkiyyətində yalnız bir daşınmaz əmlakın – ümumi birgə mülkiyyət hüququ ilə 0,50 ha torpaq sahəsinin olması barədə məlumat alınmışdır. İddiaçının hansı ünvanda, yəni evdə, mənzildə, hətta özbaşına tikilidə yaşaması hətta ünvanlı dövlət sosial yardımının məqsədi baxımından onun və ailəsinin “daşınmaz əmlak” sahibi və ya mülkiyyətçisi qismində dəyərləndirilməklə (müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak mülkiyyətçisi kimi qiymətləndirilməklə) aztəminatlı ailə kateqoriyasına aid olub-olmamasına dəlalət edə bilməz, Belə olan halda, məhkəmə imtina barədə 9 oktyabr 2024-cü il tarixli qərarı qanunsuz sayır və hesab edir ki, sözügedən qərarla iddiaçı aztəminatlı olaraq dövlət yardımından məhrum olduğundan bu qərar həm də onun və ailəsinin sosial təminat hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina barədə qərarı ləğv edilməli və ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina barədə qərarı ləğv edilir və ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №2-1(116)-1402/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1402/2025
21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver