Məhkəmə qərarları › İş №2-1(116)-1404/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1404/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1404/2021 30.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçı cavabdeh Şəki Şəhər - Rayon Polis Şöbəsinə qarşı (üçüncü şəxs: X3) “üçüncü şəxsin ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Şəki Şəhər - Rayon Polis Şöbəsinə qarşı (üçüncü şəxs: X3) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “üçüncü şəxsin ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 14.09.2021-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya dinlənilmə hüququnun təmin edilməsi məqsədilə 03.11.2021-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması izah edilmiş, bununla bağlı məhkəmənin hüquqi mövqeyinə 5 (beş) gün müddətində münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı yardım məktubunu 07.11.2021-ci il tarixdə alsa da (xəbərnaməyə əsasən), məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı keçmiş gəlini X1 ona məxsus Şəki şəhəri, 7-ci rayon Hacı Çələbixan küçəsi 13A ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çxıarılmasına nail olmaqdan ibarətdir. İddiaçı tələbində üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını arzuladığı ünvanı ünvan 2nin 12 saylı ərazi idarəsinin 19.10.2021-ci il tarixli məktubu ilə müəyyən edilir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki şəhəri, 7-ci rayon Hacı Çələbixan küçəsi 13A ünvanında yerləşən fərdi yaşayış evi aşkar edilməmişdir. Odur ki, məhkəmə iddiaçının hüquqi marağının Şəki şəhəri, 7-ci rayon Hacı Çələbixan küçəsi 13 ünvanı ilə bağlı olması qənaətinə gəlir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İddia ərizəsinin məzmunundan və məhkəmə tərəfindən əldə edilmiş məlumatlardan bəlli olur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını arzuladığı X2 Şəki Rayon Məhkəməsinin 23.11.2000-ci il tarixli 2-127 nömrəli qətnaməsi əsasında Şəki şəhəri 7-ci rayon Hacı Çələbixan küçəsi 13 ünvanında yaşamaq hüququ verilmiş və onun digər ailə üzvləri ilə birlikdə qeyd edilən ünvanda yerləşən evin 2-ci mərtəbəsindəki 1 otağa köçürülməsi qərara alınmışdır. Bu isə üçüncü şəxsin iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququnun mövcudluğunu sübut edir. İnzibati məhkəmə icraatı çərçivəsində isə yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılması tələbinə dair iddialara baxılır. İşdə olan 9323 inventar nömrəli “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhəri 7-ci rayon Hacı Çələbixan küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı keçmiş gəlini X1 ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan 26.08.2021-ci il tarixli imtina məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İşdə olan 27.08.2021-ci il tarixli ******* №-li “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan yaşayış sahəsində pasport qeydiyyatındadır. Qeyd olunan şəxsin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün ilk növbədə onun həmin yaşayış sahəsində əmlak hüquqlarına xitam verilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında bu məsələyə hüquqi qiymət verilməsi mümkün deyildir. Odur ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün üçüncü şəxs X1 iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı "üçüncü şəxsin ona məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı" iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 16.3, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəki Şəhər - Rayon Polis Şöbəsinə qarşı (üçüncü şəxs: X3) “üçüncü şəxsin ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar