Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1408/2024 30.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarı ilə şəhərin 119-cu kvartalından ona satılmış 0,06 ha torpaq sahəsinin faktiki istifadəsində olan 575 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 65 saylı qərarı ilə şəhərin 119-cu kvartalından iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçının adına şəhərin 119-cu kvartalından fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmasına dair ilkin torpaqayırma sənədləri tərtib olunmuş, ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin sxemi Tikinti və Memarlıq Şöbəsinin müdiri və DTXK-nın Şəki rayon şöbəsinin müdiri tərəfindən təsdiqlənmiş, torpaq sahəsinin ayrılmasına sahəni seçmə aktı tərtib edilərək aidiyyəti qurumlar tərəfindən təsdiqlənmiş, DTXK-nın Şəki rayon şöbəsinin xx.xx.2007-ci il tarixli və Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Tikinti və memarlıq şöbəsinin xx.xx.2007-ci il tarixli məktubları ilə sxemdə göstərilən ərazidən İddiaçı fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra şəhərin baş memarının xx.xx.2007-ci il tarixli 634/257 saylı, Dövlət Torpaq və Xəritəçkmə Komitəsinin Şəki rayon şöbəsinin xx.xx.2007-ci il tarixli 2134 saylı razılıq məktubları nəzərə alınaraq Şəki Bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli 65 saylı qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perspektiv inkişaf fondundan - 119-cu kvartaldan mülkiyyətinə 600 kv.m torpaq sahəsi satılmış və yaşayış evi tikilməsinə icazə verilmişdir. Həmin vaxtdan bu günədək də sözügedən torpaq sahəsi iddiaçının istifadə və sahibliyindədir və həmin torpaq sahəsi ilə bağlı hər il Şəki Bələdiyyəsinə torpaq vergisi ödəyir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-A-0055-8/2023 təqdim etdiyi sənədlərin araşdırılması zamanı ərizəyə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair akt əlavə edilsə də, torpaqların alqısatqısına dair akt 01 dekabr 2007-ci ildən sonra 13 iyul 2009-cu il tarixdə qeydiyyatdan keçdiyindən, 01 dekabr 2007-ci il tarixdən qüvvədə olan “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduğundan, təqdim olunmuş sənədlərə əsasən aparılan araşdırma zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş məlumatlarda Şəki Bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 65 saylı qərarı və 13 iyul 2009-cu il tarixli, 70 saylı torpaqların alqı-satqısına dair akt barədə məlumat mövcud olmadığından, qərarın və alqı-satqı aktının arxiv çıxarışı təqdim edilmədiyindən, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən ərizənizin icrası mümkün olmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-746/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin araşdırılması zamanı ərizəyə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ifə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın əlavə edilmədiyi müəyyən olunduğundan, torpaq sahəsinin yerquruluşu planından çıxarış bələdiyyə tərəfindən təsdiqlənmədiyindən, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1408/2024 nömrəli qərardadı ilə Şəki bələdiyyəsi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına adi qaydada cəlb olunmuşdur. Üçüncü şəxs Şəki bələdiyyəsi xx.xx.2024-cü il tarixli, 163 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan 1 ünvanda yaşayan İddiaçı ərizəsi, şəhərin baş memarının xx.xx.2007-ci il tarixli 634/257 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şəki şöbəsinin xx.xx.2007ci il tarixli, 2134 saylı razılıq məktubları və digər sənədlər nəzərə alınaraq həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli deyil, 31 avqust 2007-ci il tarixli, 10 saylı iclasının 65 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün şəhərin 119-cu kvartalından 600 kv.m torpaq sahəsi onun mülkiyyətinə satılmışdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsi tərəfindən alqısatqı aktı tərtib edilməli idi. Lakin vətəndaş tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. 2015-ci ildən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin o vaxt Şəki bələdiyyəsi tərəfindən müəyyən edilmiş dəyəri Şəki bələdiyyəsinin bank hesabına tam ödənilmişdir. Üçüncü şəxs Şəki bələdiyyəsi xx.xx.2024-cü il tarixli, 163 nömrəli məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs Şəki bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Üçüncü şəxs Şəki bələdiyyəsi xx.xx.2024-cü il tarixli, 163 nömrəli məktubunda nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarı ilə şəhərin 119-cu kvartalından ona satılmış 0,06 ha torpaq sahəsinin faktiki istifadəsində olan 575 kv.m hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışdan görünür ki, 65 nömrəli qərarla ünvan 2 ünvanda yaşayan İddiaçı ərizəsi, şəhərin baş memarının xx.xx.2007-ci il tarixli, 634/257 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsinin xx.xx.2007-ci il tarixli 2134 saylı razılıq məktubları nəzərə alınaraq fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perspektiv inkişaf fondundan – 119-cu kvartaldan mülkiyyətinə 600 kv.m torpaq sahəsinin satılması və yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. (Torpaq sahəsinin yerinin seçilməsinə dair akt və sxematik plan əlavə olunmuşdur) xx.xx.2008-ci il tarixli 02 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri Şəki bələdiyyəsinin bank hesabına ödənilmişdir. “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10/65 nömrəli qərarı ilə iddiaçıya 600 kv.m torpaq sahəsinin satılmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmişdir. Akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir. Torpaq şöbəsində xx.xx.2009-cu il tarixdə 70-ci nömrə ilə qeydiyyata alınmışdır. DTXK-nın Şəki rayon şöbəsinin Şəki bələdiyyəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli 2134 nömrəli məktubunun surətində qeyd olunmuşdur ki, satılmış torpaq sahəsinə hüquqi sənəd alınaraq dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz olunmamışdır. Şəki ŞİH Memarlıq və tikinti şöbəsinin 634/257 nömrəli xx.xx.2007-ci il tarixli rəyində qeyd olunmuşdur ki, əlaqədar idarə və təşkilatların razılığı, layihə-smeta sənədləri şəhərin baş memarı ilə razılaşdırıldıqdan sonra sxemdə göstərilən ərazidə İddiaçı fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsinin ayrılmasına Şöbə etiraz etmir. X3 filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-12F/2-xx/xx/2024 nömrəli məktubuna əlavə olunmuş Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclas protokolunun arxiv nüsxəsindən görünür ki, iclasın gündəliyində duran 5-ci məsələ şəhərdə fərdi yaşayış evləri, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikintilərin inşası və digər tikililər üçün torpaq sahələrinin ayrılması və tikintilərin rəsmiləşdirilməsi haqqında olmuşdur. Protokolun 1.176-cı bəndində qeyd olunmuşdur ki, ünvan 2 ünvanda yaşayan İddiaçı ərizəsi, şəhərin baş memarının xx.xx.2007-ci il tarixli, 634/257 saylı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şöbəsinin xx.xx.2007-ci il tarixli 2134 saylı razılıq məktubları nəzərə alınaraq fərdi yaşayış evi tikmək məqsədilə bələdiyyənin perspektiv inkişaf fondundan – 119-cu kvartaldan mülkiyyətinə 600 kv.m torpaq sahəsinin satılması və yaşayış evinin tikintisinə icazə verilsin. X3 filialının xx.xx.2024-cü il tarixli 3-48-DA-12F/2-xx/xx/2024 nömrəli məktubuna DTXK-nın Şəki rayon şöbəsinin Şəki bələdiyyəsinə ünvanladığı xx.xx.2007-ci il tarixli 2134 nömrəli məktubu, Şəki ŞİH Memarlıq və tikinti şöbəsinin 634/257 nömrəli xx.xx.2007-ci il tarixli rəyi, Torpaq sahəsinin yerinin seçilməsinə dair akt, sxematik plan və həmçinin torpaq sahəsinin dəyərinin Şəki bələdiyyəsinə ödənişini təsdiq edən xx.xx.2008-ci il tarixli 02 nömrəli qəbzin arxiv nüsxələri əlavə olunmuşdur. Üçüncü şəxs Şəki bələdiyyəsi xx.xx.2024-cü il tarixli, 163 nömrəli məktubunda Şəki bələdiyyəsinin 31 avqust 2007-cı il tarixli, 10 saylı iclasının 65 saylı qərarı ilə fərdi yaşayış evi tikmək məqsədilə şəhərin 119-cu kvartalından İddiaçı mülkiyyətinə 600 kv.m torpaq sahəsi satıldığını və İddiaçı tərəfindən torpaq sahəsinin Şəki bələdiyyəsi tərəfindən müəyyən edilmiş dəyərinin Şəki bələdiyyəsinin bank hesabına tam ödənildiyini təsdiq etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-1237/2024 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsi faktiki olaraq İddiaçı tərəfindən istifadə edilir və faktiki 575 kv.m olub, yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi elektron baza məlumatlarında bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqəsi torpaqları daxilində həyətyanı torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya ayrılmış torpaq sahəsinə aid heç bir sənəd və sxem təqdim edilmədiyindən iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini aid etmək mümkün olmamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azəbaycan Respublikasının xx.xx.2001-ci il tarixli 160-İİQ nömrəli Qanunun: 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir; 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Qanunun 7.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, 7.1.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 19.1-ci maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Sаdаlаnаn normаlаrın təhlilindən göründüyü kimi, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır. Qeyd olunan normaların tələbindən də göründüyü kimi, bələdiyyə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra, torpaq sahəsinin iddiaçıya ayrılması barədə müvafiq qərar qəbul etməli, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bank hesabına ödənilməlidir. Cavabdehin torpaqların alqı-satqısına dair aktın 01 dekabr 2007-ci ildən sonra 13 iyul 2009-cu il tarixdə qeydiyyatdan keçməsi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş məlumatlarda Şəki Bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 65 saylı qərarı və 13 iyul 2009-cu il tarixli, 70 saylı torpaqların alqı-satqısına dair akt barədə məlumatın mövcud olmaması, qərarın və alqı-satqı aktının arxiv çıxarışının təqdim edilməməsi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumatın aşkar edilməməsi barədə formal tələblərə əsaslanan mövqeyinə münasibətdə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, bələdiyyə müvafiq qərarı ilə iddiaçıya müraciəti əsasında torpaq sahəsini ayırmış, iddiaçı tərəfindən torpaq sahəsinin dəyəri bələdiyyənin bank hesabına ödənilmiş, faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Ödəniş qəbzinin əsli iddia ərizəsinə əlavə olunaraq məhkəməyə təqdim edilmiş, arxiv nüsxəsi X3 filialına sorğu edilməklə əldə olunaraq iş materiallarına əlavə edilmiş, üçüncü şəxs tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyəyə ödənildiyi və torpaq sahəsinin iddiaçıya satıldığı təsdiq olunmuşdur. İş üzrə mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin faktiki olaraq İddiaçı tərəfindən istifadə edilməsi və faktiki sahəsinin 575 kv.m olması, həmin torpaq sahəsinin elektron baza məlumatlarında bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqəsi torpaqları daxilində həyətyanı torpaqlar kimi göstərilməsi, həmçinin torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı faktiki olaraq torpaq sahəsini almış və dəyərini ödəmişdir. Sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Göstərilənlərə nəzərən məhkəmə qeyd edir ki, inzibati orqanlar tərəfindən qanunla onların üzərinə qoyulmuş prosedur qaydalarına riayət edilməməsi və ya hər-hansı inzibati icraat çərçivəsində sənədləşmə işini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmaması, maraqlı şəxslərin hüquqlarının pozulmasına, onlara münasibətdə etimad hüququnun məhdudlaşdırmasına səbəb olmamalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas qismində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları təsbit etməkdədir ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən belə qərarın qəbul edilməsi, hətta artıq icra olunması müəyyən edilmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verməkdədir. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və “Nоrmаtiv hüquqi aktlаr hаqqındа” Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı “İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. Kоnvеnsiyаsının 46cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn hüquqlаrının və əsаs azаdlıqlаrın müdаfiəsi hаqqındа Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinə görə, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “....müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir”. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası analoji iş üzrə 2- 1(102)-2833/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, iddiaçıya torpaq sahəsinin ayrılaraq satılmasını təsdiq edən Şəki Bələdiyyəsinin qüvvədə olan 31 avqust 2007-ci il tarixli qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən mübahisəli torpaqsahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas hesab edilməli, iddia təmin olunmalı, cavabdehin üzərinə Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarı ilə şəhərin 119cu kvartalından İddiaçı satılmış 0,06 ha torpaq sahəsinin faktiki istifadəsində olan 575 kv.m hissəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə Şəki bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı iclasının qərarı ilə şəhərin 119-cu kvartalından İddiaçı satılmış 0,06 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan 575 kv.m hissəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1408/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1408/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver