Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1409/2025 17.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X1rşı “cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi əlilliyin ləğv edilməsi barəsində qərarının ləğv edilərək, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmas” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “19 mart 2024-cü il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili (nümayəndəsi) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdehin iddiaçıya münasibətdə qəbul etdiyi əlilliyin ləğv edilməsi barəsində qərarının ləğv edilərək, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı 1993-cü ildən 1996-ci ilə qədər ordu sıralarında xidmət etmiş,Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə kəllə-beyin travması almışdır.Bundan sonra iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-həkim Komissiyasının xx.xx.1998-ci il tarixli, 328 saylı qərarı ilə hərbi hospitalda müayinə və müalicə olunmasını, döyüşlərdə hərbi travma almasını əsasında hərbi travma aldığı müəyyən edilmişdir. İddiaçı xx.xx.1998-ci ildən 2006-cı ilə kimi müddətli İİ dərəcə Qarabağ müharibəsi əlilliyi təyin edilmiş, daha sonra 2006-cı ildən müddətsiz əlillik təyin edilmişdir. İddiaçı 27 ilə yaxın İİ dərəcə Qarabağ müharibəsi əlili kimi pensiya almış,onun xəstəlik diaqnozu - baş ağrıları, baş gicəllənməsi, əsəbilik, daxili gərginlik, diz oynaqlarında ağrı, aşağı ətraflarda zəiflik, boyun və bel nahiyəsində ağrı, hərəkət məhdudluğu, mədədə ağrı və göynəmə, mədə qıcıqlanması kimi müəyyən edilmişdir. İddiaçı 19 avqust 2024-cü il tarixdə yenidən müayinəyə çağırılmış və iddiaçının müayinəyə gəlməməsini əsas gətirərək əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdeh təşkilat tərəfindən yenidən müayinəyə çağrılmış və tam reabilitasiya olunmasını əsas gətirib ona əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, bir il ərzində 3-4 dəfə şəxsin müayinə edilməsi və hər dəfə də nəyisə bəhanə gətirib vətəndaşın hüquqlarını pozmuş və süründürməçiliyə yol vermişlər. Nəzərə almaq lazımdır ki, İddiaçı birinci Qarabağ müharibəsi veteranıdır və qeyd olunan xəsarətlər də mühabirə dövründə ordu sıralarında yaranmışdır. İddiaçını qazanılmış hüquqdan məhrum etmək və onu hər dəfə müxtəlif əsassız səbəblərlə müayinəyə çağırmaqla bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Cavabdeh iddia tələbinə münasibətində qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında baxılmış Diaqnoz: Mədənin xora xəstəliyi. Onikibarmaq bağırsağın soğanağının çapıq deformasiyası. Onikibarmaq bağırsağın soğanağının xorasının kəskinləşməsi. Xora xəstəliyi, qeyri-stabil mərhələ, eroziv duodenit. Hissəvi ikincili adentiya olmaqla “Tam reabilitasiya olunması” barədə imtina qərarı verilmişdir. İsmayıllı rayon sakini xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2006-cı il tarixində TSEK-da müayinə edilmiş və 2.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Vətəndaş 3-17-4/2-Ə-18899/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixinə əyani müayinəyə dəvət olunmuş, lakin iştirak etməmiş, diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir (ESDAS 3-17-4/3-3- 6367/2024). Növbəti dəfə köhnə məktub əsasında özü komissiyada iştirak etmək üçün müraciət etmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1998-ci il tarixli 328 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mədənin xora xəstəliyi, kiçik əyriliyin kəskin xorası, 12 barmaq bağırsağın soğanağının yaradan sonrakı çapıq deformasiyası. Xora xəstəliyi, qeyri-stabil mərhələ, eroziv duodenit. Hissəvi ikincili adentiya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı səbəbsiz əsəbilik, başağrıları, özözünə kövrəlmək, tez-tez baş verən özündəngetmə hallarından şikayətlənmişdir. Medikamentoz preparatlardan özü ilə gətirdiyi Sevpram, Betaserk, Trammalife, Biqetrik dərmanlarını nümayiş etdirmişdir. Təqdim etdiyi sənədlərlə cari vəziyyəti arasında uyğunsuzluq müşahidə edilmişdir. Müayinə zamanı boyu 154 sm, çəkisi 55 kq, BÇİ 23,2 olmuş, xroniki həzm pozğunluğu əlamətləri, çəki defisiti aşkar edilməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1 nömrəli Qanın ümumi analizinin nəticəsində “Hgb-12.6 q/dl, RBC-5.54x10A12” kimi qeyd edilmiş, anemiya aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. əlilliyin təyinindən imtina edilməsi ilə bağlı altsistemdən çıxarışlar;
2. Q3 043613 nömrəli Hərbi biletin surəti;
3. Müharibə əlilləri üçün müaəlicə pansionatı 1093 nömrəli reabiltasiya kartasından çıxarış;
4. Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş xx.xx.1998-ci il tarixli 328 nömrəli qərarı, onun verilməsinə əsas olan sənədlər;
5. İsmayıllı Rayon Mərkəzi Xəstıxanası PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu
Əsaslandırma hissəsi:
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddia ərizəsindən və işin hallarından müəyyən edilir ki, ifadə tərzindən asılı olmayaraq iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2024-cü il tarixindən dayandırılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqadar təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iş hallarına qiymət verərək, aşağıdakı normaları işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia mahiyyət etibarilə də əsaslıdır. “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Hazırkı iddia tələbinə əsasən iddiaçı barəsində şübhənin nədən ibarət olduğu,həmin şübhənin əsaslılığını göstərən hallarla bağlı hər hansı sübut təqdim edilməmişdir. Bununla belə iddiaçı barəsində müddətsiz təyin edilmiş ikinci dərəcəli əlilliyin dayandırılması baradə qərar qəbul edilmişdir. Həmin Qərarın mahiyyəti isə risk və şübhə məfhumları ilə uyğun deyildir. Belə ki, cavabdeh orqan eyni diaqnozla şəxsə əvvəllər 2-ci dərəcə və müddətsiz olaraq əlillik təyin etmişdir. Digər tərəfdən cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılması qaydalarına riayət edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan şəxsə əlilliyin təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan inzibati aktını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş inzibati aktın ləğvinin və ya dəyişdirilməsinin əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman, inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5ci maddələrinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə münasibətdə məhkəməsinin araşdırması zamanı iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edildiyi və ya dəyişdirildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Azərbaycan Respublikasının Ali MƏhkəməsinin 2- 1(102)-341/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqe). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; (-). 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3- cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunan normaları işin hallarına tətbiq edən Məhkəmə xüsusi ilə qeyd edir ki, cavabdehin İddiaçı ikinci dərəcə əliliyinin ləğvi barədə xx.xx.2024-cü il tarixli qərarı əsassız olmuşdur. Belə ki,mübahisələndirilən qərar inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilməmişdir.İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli “diaqnoz öz təsdiqini tapmır” səbəbli qərarla faktiki olaraq iddiaçının müddətsiz əliliyi ləğv edilmiş,əlillik hüquqi qüvvəsini itirmişdir.Cavabdehin xx.xx.2024-cü il tarixli yeni Qərarı isə əyani müayinə nəticəsində əvvəlki qərarın qüvvədə saxlanılması barədə olduğundan həmin qərar əslində ilkin qərarın ləğvindən sonra nəticə etibarı ilə öz hüquqi əhəmiyyətini itirmiş olur.Belə ki, xx.xx.2024-cü il tarixli qərarla “diaqnoz öz təsdiqini tapmır” əsası ilə müəyyən edilmiş əlillik Alt sistemdən dayandırılmış,iddiaçı əlilliyi olmayan şəxs statusuna keçirilmişdir. Bu baxımdan da sonuncu qərar mübahisə predmeti deyildir. Odur ki, iddia təmin edilməli, cavabdeh orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, iddiaçının müddətsiz müəyyən edilmiş əlilliyi dayandırıldığı tarixdən bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. İddiaçı təyin edilmiş müddətsiz əlilliyin ləğv edilməsi barədə Cavabdeh xx.xx.2024cü il tarixli qərarı ləğv edilir. İddiaçıya təyin edilmiş müddətsiz əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur. Qərardan onun rəsmi Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.