Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-141/2020 18.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “şəhid ailəsi olaraq ona 01.01.2007-ci ildən 01.07.2019-cu ilədək ödənilməli olan 25577 manat pulun tam və birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən 09.08.2019-cu ildə İddiaçı şəhid ailəsinin üzvləri üçün nəzərdə tutulmuş 300 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Cavabdeh aylıq hesablanmış təqaüddən başqa əlavə olaraq, 01.01.2007-ci ildən 01.08.2019-cu ilədək hesablanmış 26177 manat fərq məbləğini 2019-cu ilin avqust ayından başlayaraq ödəniləcək aylıq məbləğin üzərinə həmin məbləğ qədər əlavə olunmaqla ödəməyi nəzərdə tutur. Hazırda təqaüdün aylıq məbləği 300 manat olmaqla iddiaçıya ayda 600 manat vəsait ödənilir. İddiaçı hesablanmış fərq məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu 05.09.2019-cu il tarixli **********7 nömrəli cavab məktubu ilə bildirmişdir ki, iddiaçıya 09.08.2019-cu ildə şəhid ailəsinin üzvləri üçün təsis olunmuş 300 manat məbləğində Prezident təqaüdü təsis olunmuşdur. Bundan başqa, 01.01.2007-ci ildən 01.08.2019-cu ilədək hesablanmış 26177 manat fərq məbləğinin 2019-cu ilin avqust ayından başlayaraq ödəniləcək aylıq müavinət məbləğinin üzərinə həmin məbləğ qədər əlavə olunmaqla ödəniləcəkdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun oğlu X4 24.12.2000-ci ildə N nömrəli hərbi hissədə hərbi xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək həlak olduqdan sonra ona şəhid statusu verilmişdir. Lakin həmin status Qəbələ Rayon Hərbi Komissarlığının 05.03.2010-cu il tarixli aktı ilə ləğv edilmiş, daha sonra həmin akt məhkəmə qərarı ilə etibarsız hesab olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən iddiaçıya 026656 nömrəli şəhid ailəsi statusunu təsdiq edən vəsiqə verilmişdir. Şəhid ailəsi statusu yarandığı gündən, yəni 01.01.2007-ci ildən 01.07.2019-cu ilədək ödənilməli olan 25577 manat pul birdəfəlik ödənilməlidir. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, məbləğin hissə-hissə ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25.07.2018-ci il tarixli **********1 nömrəli məktubuna əsasən həyata keçirilir. Cavabdeh həmin məktubun surətini də məhkəməyə təqdim etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 05.09.2019-cu il tarixli **********7 nömrəli imtina məktubundan görünür ki, İddiaçı 09.08.2019-cu ildə şəhid ailəsinin üzvləri üçün təsis olunmuş 300 manat məbləğində Prezident təqaüdü təsis olunmuşdur. Bundan başqa, 01.01.2007-ci ildən 01.08.2019-cu ilədək hesablanmış 26177 manat fərq məbləğinin 2019-cu ilin avqust ayından başlayaraq ödəniləcək aylıq müavinət məbləğinin üzərinə həmin məbləğ qədər əlavə olunmaqla ödəniləcəyi qeyd edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 05.11.2019-cu il tarixli **********5 nömrəli cavab məktubundan görünür ki, İddiaçı şəhid ailəsi kimi təyin olunmuş təqaüdün ödənilməsi nəzərdə tutulan keçmiş dövr məbləği ötən dövrdəki ayların sayına bölünməklə cari aydakı ödəniləcək təqaüdə əlavə olunmaqla ödəniləcəkdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. ““Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.12.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hər şəhid ailəsinə hər şəhidə görə ayda 100 (yüz) manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və bu Fərman 01.01.2007-ci ildən qüvvəyə minmişdir. Təqaüdün məbləği sonradan bir neçə dəfə artırılmış, Azərbaycan Respublikası Prezidentinin 07.09.2010-cu il tarixli Fərmanı ilə 150 manat, 23.12.2011-ci il tarixli Fərmanı ilə 165 manat, 28.08.2013-cü il tarixli Fərmanı ilə 200 manat, 16.01.2016-cı il tarixli Fərmanı ilə 220 manat, 15.05.2018-ci il tarixli Fərmanı ilə 242 manat və nəhayət 30.01.2019-cu il tarixli Fərmanı ilə 300 manat müəyyən edilmişdir. X1 ailəsinə 01.01.2007-ci ildən 01.08.2019-cu ilədək 26177 manat “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” hesablanmışdır. İddiaçının tələb etdiyi məbləğ 01.01.2007-ci ildən 01.07.2019-cu ilədək olan müddət üçündür və 25577 manat təşkil edir. Hesablanmış təqaüdün məbləği ilə bağlı tərəflər arasında mübahisə yoxdur, mübahisə yalnız bundan ibarətdir ki, iddiaçı həmin məbləğin birdəfəyə, cavabdeh isə hissə-hissə ödənilməli olduğunu bildirir. Cavabdeh öz dəlilini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25.07.2018-ci il tarixli **********1 nömrəli məktubu ilə əsaslandırır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fonduna və Fondun yerli orqanlarına göndərilmiş həmin məktubda deyilir ki, Fondun idarələri və şəhər (rayon) şöbələri tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ödənilməsi nəzərdə tutulan fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünməklə aylıq ödənişlərin üzərinə əlavə olunmaqla ödənilməsi həyata keçirilsin; qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulduğu hallarda yerli orqanlar tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamələrin yuxarıda qeyd olunan qaydada hissə-hissə icra edilməsi barədə məhkəmələrə vəsatətlə müraciət edilsin. Məhkəmə cavabdehin imtinası ilə razılaşmır və qeyd edir ki, əvvəla, istinad olunan məktubda söhbət yalnız məhkəmə qərarı əsasında tutulmalı olan məbləğlərdən gedir, hazırkı işdə isə məbləğlə bağlı məhkəmə qərarı mövcud deyil. İkincisi isə, mövcud qanunvericilikdə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” üzrə yaranmış borcun hissə-hissə ödənilməli olması barədə heç bir norma yoxdur. Belə olan halda, cavabdeh şəhidin ailəsinə hesablanmış məbləği birdəfəyə ödəməkdən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. ““Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19.12.2006-cı il tarixli 493 nömrəli Fərmanına əsasən, İddiaçı oğlu X1 ailəsinə 01.01.2007-ci ildən 01.07.2019-cu ilədək olan müddət üçün hesablanmış 25577 manat təqaüdün tam və birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-141/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-141/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver