Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-141/2021 25.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “onun xx.xx.1994-cü il tarixdən xx.xx.1998ci il tarixə kimi X4 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodunda işləməsi, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi Sovet Ordusunda hərbi xidmətdə olması və ümumilikdə xx.xx.1974-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi əmək kitabçasında göstərilən tarixlərdə müxtəlif dövlət orqan və təşkilatlarında işləməsi – 27 il iş stajının əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı İsmayıllı rayonu, Quşencə kəndində yerləşmiş “İnqilab” adına sovxozda xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixinə kimi traktorçu işləmişdir. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixə kimi Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Quşencə kəndində yerləşmiş “İnqilab” adına sovxozda müxtəlif işlərdə işləmişdir. Həmin tarixli əmrlə İsmayıllı rayon avtonəqliyyat təsərrüfatına traktorçu vəzifəsinə keçirilmişdir. xx xxxx 1982-ci il tarixdə İsmayıllı rayon avtonəqliyyat təsərrüfatında öz ərizəsi ilə işdən azad olunaraq yenidən, xx.xx.1982-ci il tarixdən Quşencə kəndində yerləşmiş “İnqilab” adına sovxozda işə düzəlmişdir. xx.xx.1990-cı il tarixdə “İnqilab” adına sovxozdan işdən azad olunaraq xx.xx.1991-ci il tarixdə X4 zavoduna işə düzəlmişdir. Həmin müəssisədə xx.xx.1998-ci il tarixinə kimi müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixinə kimi 10 saylı Yol-İstismar İdarəsində traktorçu işləmişdir. İddiaçı xx.xx.2004-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi yenidən 10 saylı Yol-İstismar İdarəsində sürücü işləmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, ona pensiya təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2021-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşmə aparmış və onun xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı məktubunda imtinanı belə əsaslandırmışdır ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Nazirlik tabeliyində DSMF publik hüquqi şəxsin yanında İsmayıllı rayon filialına ərizə ilə müraciət etmişdir. Əmək kitabçasındakı “xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodundakı iş stajının yoxlanılması zərurəti yaranmışdır. xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodunun arxiv sənədləri rayon Dövlət Arxivinə təhvil verilmədiyi və harada olması barədə hər hansı məlumat olmadığı üçün həmin dövrün iş stajını yoxlamaq mümkün olmamışdır. İddiaçı əmək kitabçasındakı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodunda işləməsinə dair qeydlərin saxtalaşdırıldığına dair əsaslı şübhələr olduğu üçün pensiya təyin edən komissiya həmin dövrlərin ümumi sığorta stajının tərkibinə daxil edilməsini mümkün hesab etməmiş və pensiya təyin edən komissiyanın xx.xx.2019-cu il tarixli qərarı ilə 25 il ümumi iş stajı olmadığı üçün İddiaçı yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. İddiaçı adına olan İT-İ 146065 nömrəli əmək kitabçasında onun xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodunda işləməsinə dair qeydlərin eyni ruçka və eyni xətlə yazılması sübut edir ki, həmin qeydlər xx.xx.1998-ci il tarixdən sonrakı dövrdə yazılmışdır. 1994-1998-ci illərdə X4 zavodunun direktoru olmuş X2 adına olan 130232 nömrəli pensiyaçının uçot vərəqində mövcud olan əmək kitabçasının surətində X.Bağırov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1994-cü il tarixli 213 nömrəli əmri ilə X4 zavoduna Direktor təyin olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 804 saylı sərəncamına əsasən müəssisə Respublika Dövlət Əmlak Komitəsinin tabeliyinə keçirildiyi üçün xx xxx 1998-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. X.Bağırov xx xxx 1998-ci il tarixdən işdən azad olunmasına baxmayaraq müəssisəyə aid möhürü qanunvericiliyə uyğun qaydada təhvil verməyərək özündə saxlamaqda davam etmişdir. Hesab edirik ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1998ci il tarixə kimi X4 zavodunda işləməsi barədəki qeydlər müəssisə rəhbərinin işdən azad edildiyi xx xxx 1998-ci il tarixdən 5 aydan çox müddət sonra hüququ olmayan şəxs tərəfindən yazlıb təsdiq olunması əmək kitabçasının saxtalaşdırılması anlamına gəlir və həmin dövrün ümumi iş stajının tərkibinə daxil edilməsi qanuna ziddir. İddiaçı Sovet ordusunda hərbi xidmətdə olduğu və əmək kitabçası üzrə müxtəlif təşkilatlarda işlədiyi digər illərin ümumi iş stajının tərkibinə daxil edilməsinə hər hansı maneə olmadığı üçün həmin dövrlər mübahisə predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq cavabdeh hesab edir ki, iddia tələbi iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodundakı işləməsinə dair qeydlər əmək kitabçasının saxtalaşdırılması səbəbindən qəbul edilə bilməz. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilən Dövlət Arxivinin Şamaxı filialının xx.xx.2020-ci il tarixli, 23 nömrəli arxiv arayışında qeyd edilir ki, zavodun əmək haqqı cədvəlləri və şəxsi hesab kitabları Filiala təhvil verilməmişdir. İş materiallarında olan ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək X4 zavodunda sex rəisi vəzifəsində işləmişdir. İş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 66 nömrəli məktubundan müəyyən edilir ki, zavodun əmək haqqı üzrə hesablaşma kitab və cədvəlləri arxiv fonduna təhvil verilməmişdir. İş materiallarında olan 10 saylı X8 xx.xx.2020-ci il tarixli, **********605700 nömrəli məktubunda qeyd edilmişdir ki, məktubda adı qeyd olunan hüquqi şəxs X4 Zavodu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. X4 Zavodunun fəaliyyət sahəsi haqqında qeydiyyata alınmış nizamnaməsinin 1.4-cü bəndində qeyd edilmişdir: “X4 zavodunun əsas funksiyası meyvə, giləmeyvə, tərəvəz və digər yabanı bitkilərdən konserv məhsulları, şirələr istehsal etmək və satmaqdan ibarətdir. Bu məqsədlə müəssisə meyvə, giləmeyvə və digər yabanı bitkiləri kolxozlardan sovxozlardan, birliklərdən, kooperativlərdən, fərdi təsərrüfatlardan və digər müəssisələrdən tədarük edir. Qazlı bulaq sularının şüşə qablara doldurulması və satışını təşkil edir. Zavod eyni zamanda konserv məhsullarının istehsalının yeni texnologiyasını işləyib hazırlayır və həyata keçirir.” X4 Zavodunun dövlət qeydiyyatına alınan zaman rəhbəri X. Bağırov olmuşdur. X4 Zavodu 10 rəqəmli şəhadətnamə almaq üçün vergi orqanına müraciət etməmişdir. X4 Zavodu vergi orqanında uçotda olmadığı üçün məlumat bazasında fəaliyyət göstəricilərinə aid digər məlumatların aşkar edilməsi mümkün olmamışdır. Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirmə nömrələrinin verilməsi ilə əlaqədar olaraq "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 169 nömrəli Fərmanının 1.4- cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2005-ci il tarixli 91 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə yeni 10 (on) rəqəmli eyniləşdirmə nömrələrinin verilməsi işinin başa çatması ilə əlaqədar "Vergi ödəyicilərinə eyniləşdirmə nömrəsinin verilməsi və tətbiq edilməsi Qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 nömrəli qərarının 3-cü bəndi 2005-ci il 1 iyul tarixdən qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci i l tarixli məktubunda qeyd edilir ki, İsmayıllı rayonu, Quşencə kəndi ünvanında yerləşən X4 Zavodu 2003-cü ildə özəlləşdirilmişdir. Müəssisənin rəhbəri 1992-ci ilə qədər X10, 1992- 2003-cü illərdə isə X5 olmuşdur. Müəssisə 1998-ci ilə qədər meyvə şirələri istehsalı sahəsində fəaliyyət göstərmişdir, hal-hazırda fəaliyyəti yoxdur və adı dəyişdirilməmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası hüququ yarandıqdan sonra cavabdeh orqana müraciət etmiş və ona pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının əmək kitabçasında xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci illərə dair aparılan qeydləri mübahisələndirmişdir. Bu səbəblə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdeh inzibati orqanın həmin illərə dair qeydləri qəbul etməməsinin səbəbi X4 zavodunun arxiv sənədlərinin rayon Dövlət Arxivinə təhvil verilməməsi və harada olması barədə hər hansı məlumat olmaması üçün həmin dövrün iş stajını yoxlamağın mümkün olmaması, İddiaçı adına olan İT-İ 146065 nömrəli əmək kitabçasında onun xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodunda işləməsinə dair qeydlərin eyni ruçka və eyni xətlə yazılması, iddiaçının X4 zavodunda işləməsi barədəki qeydlər müəssisə rəhbərinin işdən azad edildiyi xx xxx 1998-ci il tarixdən 5 aydan çox müddət sonra hüququ olmayan şəxs tərəfindən yazlıb təsdiq olunmasıdır. Məhkəmə cavabdehin “X4 zavodunun arxiv sənədlərinin rayon Dövlət Arxivinə təhvil verilməməsi və harada olması barədə hər hansı məlumat olmaması üçün həmin dövrün iş stajını yoxlamağın mümkün olmaması” dəlilini əsassız hesab edir. Müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının təqsiri olmadığından ona münasibətdə hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə cavabdehin “İddiaçı adına olan İT-İ 146065 nömrəli əmək kitabçasında onun xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodunda işləməsinə dair qeydlərin eyni ruçka və eyni xətlə yazılması” barədə dəlilini də əsassız hesab edir. İnzbati orqan həmin qeydlərin “eyni ruçka və eyni xətlə yazılması” nəticəsinə necə gəldiyini ümumiyyətlə əsaslandırmamışdır. Cavabdehin “iddiaçının X4 zavodunda işləməsi barədəki qeydlər müəssisə rəhbərinin işdən azad edildiyi xx xxx 1998-ci il tarixdən 5 aydan çox müddət sonra hüququ olmayan şəxs tərəfindən yazlıb təsdiq olunması” barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İsmayıllı rayonu, Quşencə kəndi ünvanında yerləşən X4 Zavodu 2003-cü ildə özəlləşdirilmişdir. Müəssisənin rəhbəri 1992-ci ilə qədər X10, 1992-2003-cü illərdə isə X5 olmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixində keçirilən iclasında X5 şahid kimi verdiyi ifadəsində iddiaçını 1994-cü ildə sex rəisi kimi işə götürdüyünü, 1998-ci ildə işdən azad etdiyini, əmr kitablarının özündə olmadığını, əmək kitabçasını kadrlar üzrə mütəxəssisin doldurduğunu, özünün isə yanlız imza çəkib möhürlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən əmək fəaliyyəti dövrləri onun stajına daxil ediləcəyi təqdirdə tələb olunan 25 il müddət tamamlanacaq və onun xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası almaq hüququ reallaşacaqdır. (Cavabdeh tərəfindən mübahisələndirilməyən 21 il 10 ay 24 gün + mübahisələndirilən 4 il 5 ay 9 gün = 26 il 04 ay 03 gün) x xxxxxx 2006-ci il tarixinədək qüvvədə olmuş “X3 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx xxxxxxxx 1992-ci il tarixli “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan məlumatların mötəbərliyinə cavabdeh şübhə edirsə, həmin məlumatların həqiqiliyini, yəni əmək kiabçasının mötəbərliyini təsdiq edəcək sənəd və ya məlumatların təqdin edilməsini iddiaçıdan tələb edə bilməz. Bu halda cavabdeh özü həmin məlumatların həqiqiliyini araşdırmaq üçün zəruri tədbirlər görməlidir. Həmin tədbirlərə arxivdə saxlanan məlumatların alınması üçün sorğular aid edilə bilər. Sorğuya cavabda iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrin fəaliyyət göstərmədiyi və ya mövcud olmadığı müəyyən edildiyi halda, cavabdeh iddiaçının sözügedən müəssisədə işləməsi haqqında əmək kitabçasında əksini tapmış məlumatları mübahisələndirə bilərdi. Lakin baxılan işdən cavabdehin bu cür araşdırma aparması müəyyən olunmur. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi X4 zavodunda işləməsinin əmək pensiyasına çıxmaq üçün ümumi sosial sığorta stajına daxil olunması və pensiya hüququnun yarandığı vaxtdan – xx.xx.2020-ci il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-141/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-141/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver