Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-141/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 340 kv.m torpaq sahəsində inşa etdiyi qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 340 kv.m torpaq sahəsində inşa etdiyi qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1292/2022 nömrəli qərardadı ilə Göyçay rayonu Qarabaqqal bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Göyçay rayonu Qarabaqqal Bələdiyyəsinin mülkiyyətində olan, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 340 kv.m. sahəsi olan kənd təsərrüfatına yararsız torpaq sahəsini sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün iddiaçıya satmışdır. İddiaçı həmin sahəsində iaşə obyektinin inşa edilməsi üçün Göyçay Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Göyçay Rayon İcra Hakimiyyəti 442 saylı, 17 İyul 2014-cü il tarixli sərəncamı ilə Yevlax-Bakı avtomobil yolunun Qarabaqqal kəndi ərazisindən keçən hissəsinin şimal tərəfində, iddiaçının mülkiyyətində olan torpaq sahəsində tərtib olunmuş layihə əsasında, verilmiş sxem üzrə 45m x 8,5m. ölçüdə iaşə obyektinin tikintisinə icazə vermişdir. Tikinti-quraşdırma işləri layihə smeta sənədlərinə əsasən aparılmışdır. Tikintiquraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının 14 yanvar 2015-ci il tarixli aktı ilə həmin obyektin istismara qəbul edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan sonra iddiaçı ərizə ilə dəfələrlə cavabdehə müraciət edərək inşa edilmiş və istismara qəbul edilmiş tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan hər dəfə müxtəlif bəhanələrlə iddiaçının mülkiyyətindəki torpaq sahəsində inşa etdiyi daşınmaz əmlaka hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh sonuncu dəfə **********40 saylı 28 Mart 2022-ci il tarixli bildirişlə iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmiş və bildirmişdir ki, “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatlarına əsasən yoxlanarkən qeyri yaşayış binasının 170.0 kv.m. hissəsinin iddiaçıya məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tikildiyi məlum olub”. “İstismara icazə sənədində Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verillmiş kodun nömrəsi qeyd edilməyib”. ““A”-literli qeyri- yaşayış binasında layihə dənkənar 17,8 kv.m. sahə əlavə inşa edilib”. “Həmçinin torpaq sahəsində 3,20 kv.m. kənarlaşma var”. İddiaçı hesab edir ki, tikilmiş qeyri-yaşayış sahəsi ilə onun layihədə göstərilən ölçüləri arasında heç bir fərq yoxdur. İstismara icazə sənədində tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilməməsi mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Torpaq sahəsində 3.20 kv.m kənarlaşma var ifadəsi də düzgün deyil, belə ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ elə cavabdehin özü tərəfindən xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Cavabdeh orqan iddia tələbinə xx.xx.2022-ci il tarixli münasibətində qeyd etmişdir ki, aparılan araşdırma zamanı vətəndaşa 340 kv.m torpaq satılmasına baxmayaraq, 343.2 kv.m torpaq sahəsində tikinti aparıldığı, torpaq sahəsinin DWJ məlumatlarında bir hissəsinin meşə fonduna, bir hissəsinin isə mülkiyyətdə olan pay torpaq sahələrinə düşməsi, qeyri-yaşayış binasının faktiki ümumi sahəsinin 301.6 kv metr olmasına baxmayaraq, Göyçay RİHB-nın xx.xx.2020-ci il tarixli 17 saylı Tikinti obyektinin istismarına icazə sənədində ümumi sahənin 340.0 kvm, FHN-yi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ö/003885 nömrəli İstismara hazırlıq Aktında ümumi sahənin 255.2 kv.m qeyd edilməsi, həmçinin, Göyçay Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 17 nömrəli tikinti obyektinin istismarına icazə sənədində Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsinin qeyd edilmədiyi məlum olmuşdur. “A”-literli qeyri-yaşayış binasında lahiyədən kənar 17.8 kv metr sahə əlavə inşa edilmişdir. Həmçinin torpaq sahəsində 3.20 kv metr kənarlaşma var. Yuxarıda qeyd olunan çatışmazlıqlarla əlaqədar olaraq ərizənin icrası mümkün olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin ümumi iclasının xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarından görünür ki, İddiaçı bələdiyyə fondunun alqı-satqı predmeti olan 340 kv.metr torpaq sahəsi sahibkarlığın inkişafı məqsədilə satılmışdır. - Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 22 nömrəli məktubundan görünür ki, Qarabaqqal kəndində yerləşməklə İddiaçı sahibkarlığın inkişafı məqsədilə bələdiyyənin xx.xx.2007-ci il tarixli 04 saylı qərarı ilə satılmış, xx.xx.2007-ci il tarixli alqı-satqı aktı ilə qeydə alınmış 0,0340 ha torpaq sahəsinə dair sənədlər hüquqi qüvvədədir. Torpaq sahəsinə dair başqa fiziki və hüquqi şəxslərə hər hansı bir sənəd verilməmişdir. Hal-hazırda naturada torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur. - Göyçay rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 17 nömrəli Tikinti obyektinin İstismarına icazədən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, xx.xx.2020-ci il tarixində İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. - Qarabaqqal bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 125 nömrəli məktubundan görünür ki, Qarabaqqal bələdiyyəsinin 12 aprel 2007-ci il tarixli 04 saylı qərarı ilə sahibkarlığın inkişafı məqsədilə iddiaçıya bələdiyyənin kənd təsərrüfatına yararsız ərazisindən 340 kv.m. torpaq sahəsi satılmışdır. İddiaçı satılmış torpaq sahəsi bələdiyyənin yerquruluşu xəritəsində, keçmiş Nizami adına təsərrüfatın baş sxemində, bölgü xəritəsində, həmçinin Nizami adına təsərrüfatın elektron kadastr planında kənd təsərrüfatına yararsız alqı-satqı predmeti olan bələdiyyə torpağıdır. Bu alqı-satqı sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DT və XK) Göyçay rayon şöbəsi tərəfindən hazırlanaraq təsdiq olunmuş yerquruluşu sxemində aydın qeyd edilmişdir. Bu barədə DT və XK-nın rayon şöbəsinin, rayon baş memarının rəyi, torpağın alqı- satqısına dair akt və satılan torpaq sahəsinin yerquruluşu planından çıxarış vardır. Bildiririk ki, həmin ərazi vaxtilə sel sularının axdığı yararsız sahə olduğu üçün "Torpaq islahatı haqqında"' qanuna uyğun olaraq baş sxemdə kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi göstərilməklə bölgüyə salınmamış və heç kimin mülkiyyətinə verilməmişdir. İddiaçı satılmış 340 kv.m. torpaq sahəsi kənd təsərrüfatına yararsız bələdiyyə torpağı olmuşdur. Torpaq sahəsi ilə bağlı naturada heç bir mübahisə yoxdur və olmamışdır. Satılan torpaq sahəsinin kənd təsərrüfatına yararsız olduğu keçmiş Nizami adına təsərrüfatın bölgü xəritəsində 374 saylı konturla 805 saylı konturun aralığında, təsərrüfatın elektron kadastr xəritəsində isə 603 nömrəli konturda yerləşməklə 0,89 hektar göstərilmişdir. İddiaçı tərəfindən Göyçay rayon İcra Hakimiyyəti Başçısının rəsmi icazəsi ilə inşa etdirdiyi iaşə obyekti ona satılmış 340 kv.m. torpaq sahəsində yerləşir. Torpaq sahəsinin naturada istifadəçisi İddiaçıdir. Ərazidə heç bir meşə zolağı yoxdur. Məlumat üçün bildiririk ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolu 7,5 km. boyunda Qarabaqqal bələdiyyəsinin inzibati ərazisindən keçir. Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolu 2-ci texniki dərəcəli yoldur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı (yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində olmaqla) 60 metr müəyyən edilmişdir. Sözügedən magistral yolun kənarında digər ərazilərdə yerləşən meşə zolağı yolun mühafizə zolağında (dövlət torpağında) yerləşir. Odur ki, İddiaçı inşa etdirdiyi iaşə obyektinin yerləşdiyi ərazidə meşə zolağı olsa belə tikilinin meşə zolağına düşməsi şansı sıfırdır. Mülkiyyətə verilmiş bütün pay torpaqları ərazidən keçən Bakı-Şamaxı-Yevlax magistral yolunun 60 metr (30 m. şimal, 30 metr cənub) mühafizə zolağı saxlanılmaqla bölünmüşdür. İddiaçı tərəfindən inşa edilmiş tikili magistral yolun mərkəzi oxundan 30 metrliyindən də aralıda yerləşir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin imtinasının səbəblərindən biri İddiaçı inşa etdirdiyi obyektin bir hissəsinin kənd təsərrüfatına yararlı pay torpağında yerləşdiyi göstərilmişdir. Bir daha bildiririk ki, həmin ərazi mövcud xəritə materiallarında kənd təsərrüfatına yararsız bələdiyyə torpağıdır ki, “Torpaq islahatı haqqında” Qanuna əsasən yararsız torpaq sahəsi pay torpağı kimi mülkiyyətə verilmir. Torpaq islahatı həyata keçirilən zaman sözügedən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq kateqoriyasına aid olmuşdur. Torpaq məcəlləsinin tələblərinə əsasən torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Bələdiyyənin fəaliyyəti dövründə aidiyyəti orqanlar qarşısında belə bir vəsatət qaldırılmamışdır. 2010-2012-ci illərdə magistral yol yenidən tikildikdən sonra ərazinin şimal hissəsində müasir tələblərə cavab verən yanacaq doldurma məntəqəsi inşa edilmişdir. Yanacaq doldurma məntəqəsinin inşası zamanı ərazidə əsaslı işlər aparılaraq xarakterik yağışlar zamanı dağlardan gələn sel sularının yolu dəyişdirilərək çənubi-qərb hissədə mövcud olan sel sularını aparan qobuya yönəldilmişdir. Məhz bundan sonra sözügedən ərazidə pay torpaqlarının aralığında mövcud olmuş 0,89 hektar kənd təsərrüfatına yararsız bələdiyyə torpağı qonşu payçılar tərəfindən nisbətən yararlı hala salınmışdır. Bu kimi əsassız səbəblər göstərilməklə mülkiyyət hüququna dair sənədin verilməsindən imtinaların edilməsi haqlı olaraq narazılıqlar yaratmaqla bələdiyyələrin də öz mülkiyyətində olan torpaq sahəsi üzərində idarəetmənin həyata keçirməsinə öz mənfi təsirini göstərir. İddiaçı satılmış 340 kv.m. torpaq sahəsinin yerquruluşu planından çıxarış, (bölgü layihəsindən çıxarış) keçmiş Nizami adına təsərrüfatın elektron kadastr xəritəsindən çıxarış məlumata əlavə olunur. - cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, Qarabaqqal kəndinin kompleks yerquruluşu islahat layihəsində İddiaçı tərəfindən inşa olunan, 340 kv.metr ərazini əhatə edən tikilinin 111 kv.metr hissəsi JN-004 və JN-005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, 340 kv.metr ərazini əhatə edən tikilinin 229 kv.metr hissəsi isə meşə fondu torpaqlarına düşür. Əlavə olaraq bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları’na eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı’na uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir. Görülən işlərin nəticəsi olaraq 16 saylı Ucar Ərazi İdarəsinin elekrtron bazasında təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında İddiaçı tərəfindən inşa olunan, 340 kv.m ərazini əhatə edən tikili yerləşən ərazi kənd təsərrfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla, mülkiyyət növü bələdiyyə, islahat uqodiyası əkin, alt uqodiya isə iaşə obyekti kimi göstərilmişdir. Sənədlər qovluğunda mövcud olan, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən tərtib edilən, Qarabaqqal bələdiyyəsi tərəfindən təsdiq edilən sxemdə ayrılan torpaq sahəsinin koordinatları göstərilmədiyi üçün iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi tikilinin ona Qarabaqqal bələdiyyəsi tərəfindən satılmış torpaq sahəsinin üzərində yerləşib- yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, elektron bazada təqdim olunan TEKUİS baza məlumatlarında iddia olunan 340 kv.metr tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı olmaqla islahat uqodiyası əkin kimi göstərilmişdir. Lakin, sözügedən torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq alt uqodiyası (təsərrüfat yeri) iaşə obyekti kimi göstərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, əkin torpaqları kənd təsərrüfatına yararlı torpaqlar qrupuna daxildir. - Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Aparatının xx.xx.2023-cü il tarixli 5-46- 2/2-476/2023 nömrəli məktubundan görünür ki, sözügedən ərazidəki tikilinin sahibi İddiaçı rayon icra hakimiyyətinə təqdim etdiyi sənədin surətinə və rayon icra hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin verildiyi məlumata əsasən vətəndaşa 17 iyul 2014-cü il tarixli, 442 nömrəli məktubla tikintiyə icazə verilməsi məlum olmuşdur. Lakin, İddiaçı tikintiyə icazə verilməsi barədə 17 iyul 2014-cü il tarixli, 442 nömrəli məktubun əsli və ona əlavə edilmiş sənədlər rayon icra hakimiyyətində saxlanılmadığı üçün icraat materiallarının təsdiq edilmiş surətlərinin təqdim olunması mümkün olmamışdır. - Həmin məktuba əlavə olunmuş Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014-cü il tarixli 442 nömrəli məktubunda aşağıdakı məlumatlar qeyd edilmişdir: Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün rayonun Qarabaqqal kəndində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsində iaşə obyektinin tikintisinə icazə verilməsi barədə onun ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 31-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ona Yevlax-Bakı avtomobil yolunun Qarabaqqal kəndi ərazisindən keçən hissəsinin şimal tərəfində yerləşən mülkiyyətində olan torpaq sahəsində (tərtib olunmuş layihə əsasında) verilmiş sxem üzrə 45mx8,5m ölçüdə iaşə obyektinin tikintisinə icazə verilmişdir. - Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Aparatının xx.xx.2023-cü il tarixli 5-46- 2/2-609/2023 nömrəli məktubundan görünür ki, Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 442 nömrəli məktubuna dair müvafiq qeydiyyat kitabında (2014-cü il üzrə) məlumatlar və qeydlər aşkar olunmadığı üçün həmin kitabın səhifəsinin təqdim olunması mümkün olmamışdır. - Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktından görünür ki, Yevlax-Bakı avtomobil yolunun Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindən keçən hissəsinin şimal tərəfində inşa edilmiş bir mərtəbəli iaşə obyekti binasının istismara qəbul edilməsini məqsədə müvafiq hesab edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-141/2023 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/1077 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 442 nömrəli məktubunda olan möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur.
2. Tədqiqata təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 442 nömrəli məktubunda imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir.
3. Tədqiqata təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 442 nömrəli məktubunda əvvəl çap mətni icra edilmişdir, daha sonra möhür əksi vurulmuşdur.
Əsaslandırma hissəsi:
Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 340 kv.m torpaq sahəsində inşa etdiyi qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsinə nail olmaqdır. Məhkəmə tərəfindən iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin xüsusiyyətləri öyrənilmişdir. Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində sözügedən torpaq sahəsinin TEKUİS baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar (kənd təsərrüfatına yararlı) qeyd etsə də, məhkəmə sözügedən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq təsərrüfat yeri kimi TEKUİS-də qeyd edilməsini, Göyçay rayon İH-nin xx.xx.2007-ci il tarixli 39 №-li məktubunda, cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Göyçay rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 98 №-li rəyində və xx.xx.2007-ci il tarixli yeruquruluşu planında həmin torpaq sahəsini kənd təsərrüftına yararsız qeyd etməsini nəzərə alaraq sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı, lakin kənd təsərrüfatına yararsız olması qənaətinə gəlir. Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas protokolunun qərarı ilə ayrılmış 340 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş qeyriyaşayış binasına münasibətdə isə məhkəmə qeyd edir ki, sözügedən tikilinin xx.xx.2014xx.xx.2014-cü illərdə inşa edilməsi işin mübahisəsiz halıdır. Yəni, sözügedən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. 1-ci şərtə münasibətdə iddia olunan qeyri yaşayış sahəsinin Göyçay rayonu Qarabaqqal bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas protokolunun qərarı ilə ayrılmış torpaq sahəsi üzərində yerləşməsi müəyyən edilir. Belə ki, torpaq sahəsini ayıran orqan məhz qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsini kənd təsərrüfatına yararsız torpaq sahəsi kimi, sahibkarlıq məqsədi ilə iddiaçıya satdığını bildirir. Sözügedən qərar əsasında torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, hər bir halda torpaq sahəsinin iddiaçıya satılması, sözügedən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun mövcudluğunu sübut edir. Eyni zamanda iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair legitim gözləntisi də mövcuddur. 2-ci şərtə münasibətdə məhkəmə qeyd edir ki, qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə qərar mövcud deyil. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (ŞTM) 74.1- ci maddəsinin tələbinə görə, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. İddiaçı tərəfindən inşa olunan tikinti obyekti ŞTM-in 79-80-ci maddələrində nəzərdə tutulan tikinti obyektlərinə aid deyil və onun tikintisi üçün icazə tələb olunur. İddiaçı, tikiliyə icazə sənədi olaraq Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014-cü il tarixli 442 nömrəli məktuba istinad edir. Həmin məktubda iddiaçıya Yevlax-Bakı avtomobil yolunun Qarabaqqal kəndi ərazisindən keçən hissəsinin şimal tərəfində yerləşən mülkiyyətində olan torpaq sahəsində (tərtib olunmuş layihə əsasında) verilmiş sxem üzrə 45mx8,5m, yəni 382.5 kv.m ölçüdə (işdə olan istismara hazırlıq və istismara icazə sənədində qeyd edilmiş ölçülərdən fərqlidir) iaşə obyektinin tikintisinə icazə verildiyi qeyd olunub. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2014-cü il tarixli, 442 nömrəli obyektin tikintisinə verilmiş icazə məktubu forma baxımından inzibati akt hesab edilmir. Sözügedən məktubun məzmun (mahiyyət) etibari ilə inzibati akt hesab edilməsi üçün isə həmin məktubun “İnzibati icraat haqqında” Qanuna əsasən başlanılmış inzibati icraatın nəticəsi olaraq qəbul edilməsi tələb olunurdu. Yəni, icra hakimiyyətinin məktubunun publik hüquq sahəsinə aid məsələnin həlli məqsədilə verilmiş inzibati akt (hakimiyyət tədbiri) olaraq qiymətləndirilməsi üçün həmin məktubun verilməsinə qədər sözügedən məsələnin həlli ilə bağlı icraatın aparılması və məktubun da məhz publik hüquq sahəsinə aid olan məsələnin inzibati araşdırmasının nəticəsi olması işdən aşkar görünməli idi. Hazırkı iş üzrə isə ümumiyyətlə tikintiyə icazə icraatı çərçivəsində hər hansı icraat aparılması müəyyən edilmir. Hətta Göyçay rayon İcra Hakimiyyətinin Başçısı Aparatının xx.xx.2023-cü il tarixli 5- 46-2/2-476/2023 nömrəli məktubu ilə müəyyən olunur ki, Göyçay rayon İcra Hakimiyyəti özü də, belə bir məktubun mövcudluğundan iddiaçının təqdim etməsindən sonra məlumatlı olmuşdur. Ümumiyyətlə Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 442 nömrəli məktubuna dair müvafiq qeydiyyat kitabında (2014-cü il üzrə) məlumatlar və qeydlər mövcud deyil. Həmin məktubun hansı şəraitdə və hansı icraatın çərçivəsində ortaya çıxması qeyri-müəyyəndir. Belə ki, torpaq sahəsi iddiaçıya ayrıldıqdan sonra, ayrılmış torpaq sahəsində inşa edilməsi nəzərdə tutulan qeyri-yaşayış binasının layihəsi tərtib edilərək İcra Hakimiyyəti ilə razılaşdırılmalı idi. Məhz həmin layihə əsasında İcra Hakimiyyəti sözügedən qeyri-yaşayış binasının inşa edilməsinə razılığın verilib-verilməməsinə hüquqi qiymət verməli idi. Odur ki, tikinti obyektinin tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanması, razılaşdırılması və təsdiqlənməsi müəyyən edilmədiyindən icra hakimiyyətinin həmin tikilinin inşasına icazə verməsi qeyri-mümkün idi. 3-cü şərtə münasibətdə məhkəmə qeyd edir ki, iddia olunan qeyri-yaşayış sahəsinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47 və 48-ci maddələrinin tələblərinə uyğun deyil. Belə ki, istinad olunan Məcəllənin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, ... layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Hazırkı iş üzrə təqdim edilmiş qeyri-yaşayış sahəsinin layihəsinin Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər tərəfindən hazırlanıbhazırlanmaması qeyri-müəyyəndir və eyni zamanda layihənin tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanması, razılaşdırılması və təsdiqlənməsi müəyyən edilmir. Nəzərə alınmalıdır ki, tikilinin layihəsi şəhərsalma və tikinti normativ sənədləri ilə müəyyən edilmiş və konkret obyektin tikintisi ilə bağlı hazırlanmış texniki sənədlər toplusudur ki, layihədən inşa olunması nəzərdə tutulan tikilinin planı, fasadı, ümumi texniki göstəriciləri, baş plan, bir sözlə qeyri-yaşayış sahəsinin eksplikasiyası aydın görünməli və bu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, Ö/003885 №-li istismara hazırlıq aktında, xx.xx.2020-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində (17№-li) və tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktında layihəçinin nümayəndəsi qrafasında “Lisenziya” №022777, memar- Sürə Salehova qeyd edilmişdir. İşə əlavə edilmiş lisenziya isə 088747 №-li olub “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna aiddir. Eyni zamanda obyektin ümumi sahəsi ilə bağlı xx.xx.2020-ci il tarixli, Ö/003885 №-li istismara hazırlıq aktında qeyd edilmiş məlumatlar digər sənədlərdə qeyd edilən məlumatlardan fərqlidir. Halbuki xx.xx.2020-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədində (17№-li) xx.xx.2020-ci il tarixli, Ö/003885 №-li istismara hazırlıq aktına istinad edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasının 5.5-ci bəndinə əsasən tikinti obyektində tikintiquraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Yəni, istismara hazırlıq aktının tərtib olunması tikinti obyektində tikinti-quraşdırma işləri başa çatmasını, həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını təsdiq edən sənəddir. Belə olan halda istismara hazırlıq sənədində qeyd edilmiş ölçülərin tikinti obyektinin istismarına icazə sənədində qeyd edilmiş ölçülərdən fərqli olması mümkün deyil. 4-cü şərtə münasibətdə məhkəmə qeyd edir ki, 3-cü şərtlə bağlı müəyyən edilmiş hallar və tikinti obyektinin istismarına icazə sənədinin özünün də mötəbərliyini şübhə altına salır. xx.xx.2020-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi (17№-li) ilə tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı mahiyyət etibarilə eyni məzmunlu sənədlərdir və inşa olunmuş tikilinin istismara qəbul edilməsini nəzərdə tutur. Belə ki, tikilinin istismara qəbul edilməsi tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edilməsi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü deməkdir ki, hazırkı iş üzrə tikilinin layihəsinin təsdiq edilməməsi və istismara hazırlıq aktında olan ölçülərin tamamilə fərqli olması, onu deməyə əsas verir ki, sözügedən istismara icazə sənədi və qəbul aktı formal olaraq tərtib edilmiş, layihəsi razılaşdırılmayan və təsdiq edilməyən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğunluğu ümumiyyətlə yoxlanılmamışdır. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsində qeyd edilmiş hüquqi əsaslar olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-141/2023 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/1077 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində ekspert rəyinin verilməsinə çəkilən xərc 70 (yetmiş) manat müəyyən edilmişdir. İddia tələbi əsassız olduğundan ekspert rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. 110.3. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən 340 kv.m torpaq sahəsində inşa etdiyi qeyri yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspertiza xərci iddiaçıya aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 70 (yetmiş) manat pul məbləği İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.