Məhkəmə qərarları › İş №2-1(116)-1412/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1412/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1412/2023 22.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə, altı ay müddətinə təyin olunan, tam olaraq çəkdiyi cəzaya görə ödənilməyən sosial müavinətin ona ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, altı ay təyin olunan, tam olaraq çəkdiyi cəzaya görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ödənilməyən və ödənişdən imtina edilən sosial müavinətin ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2022-ci il tarixdə Ağsu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinib 6 (altı) ay azadlıqdan məhrum edilmiş, cəzasını çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssəsinə yerləşdirilmişdir. İddiaçı 3 ay şübhəli şəxs qismində tutularaq Ağsu Rayon Məhkəməsinə gətirilərək barəsində 3 ay həbs qətimkan tətbiri seçilmişdir. Həmin 6 ay cəzanın 3 ayını həbsdə olaraq 3 ay cəza çəkmişdir. Lakin Ağsu Rayon Prokurorluğundan verilən protestə görə işinə yenidən Şəki Apellyasiya Məhkəməsində baxılaraq 1 il müddətində azadlıqdan məhrum edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə cəzadan 6 ay çıxaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək cəza müddətini çəkib bitirməsinə görə cəzadan azad olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial müavinətdən imtina edilməsi məktubunda Şəki Apellyasiya Məhkəməsinin 1 il təyin olunan cəzaya görə ona sosial müavinət verilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və 6 ay təyin olunan və tam olaraq çəkdiyi cəzanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərə alınmayıb. İddiaçı hesab edir ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və 6 ay təyin olunan və tam olaraq çəkdiyi cəzaya görə ona sosial müavinət ödənilməlidir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********1 nömrəli imtina məktubunda qeyd etmişdir ki, cəza çəkməkdən azad edilməsi ilə əlaqədar olaraq iddiaçıya xx.xx.2022ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli 498 nömrəli arayışına əsasən iddiaçıya Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə cəzasından 6 ay çıxılaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək cəza müddətini çəkib, cəza müddətinin bitməsi ilə əlaqədar olaraq azad olunmuşdur. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iddiaçıya cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təkrar təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-64976/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə uyğun olaraq, ona xx.xx.2022-ci il tarixdə cəzadan azad edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən eyni səbəblə inzibati orqana müraciət edərək sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə sosial adaptasiya müddətinin 1 il olduğu və xx.xx.2021-ci il tarixdə Mərkəzi Filial tərəfindən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün tələbini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Hesab edilir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********1 nömrəli “sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında" məktubu qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəsissəsinin xx.xx.2022-ci il tarixli 39 nömrəli B formalı arayışına əsasən iddiaçı Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cinayət məcəlləsinin 234.1-ci maddəsini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş və təyin olunmuş cəzanı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çəkərək Şəki Penitensiar müəssisəsindən azad olunmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixli Şəki Apellyasiya Məhkəməsinin hökmü ilə Ağsu Rayon Məhkəməsinin hökmü dəyişdirilmiş, iddiaçıya CMnin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli 498 nömrəli B formalı arayışlarına əsasən, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza müddətini çəkərək azad olunmuşdur. Qeyd olunanlara əsasən bildirilir ki, iddaçı barəsində Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü iddiaçının eyni cinayət əməlini törətməsi ilə bağlıdır. Belə ki, ayrı-ayrı instansiyaların hökmlərində nəzərdə tutulmuş eyni cinayət əməli ilə bağlı azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi iddiaçıya 2 dəfə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı şəxslərə minimum əmək haqqının dörd misli məbləğində birdəfəlik müavinətin verilməsini özündə ehtiva etmir. Sözügedən Qanunun 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Çünki nəzərə alınmalıdır ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. Beləliklə, iddiaçıya 01,03.2022-ci il tarixdə Mərkəzi Filial tərəfindən birdəfəlik müavinət təyin olunaraq ödənildiyi üçün xx.xx.2022-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməsi ilə əlaqədar həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilməmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. Cavabdehin etiraz məktubuna əlavə olunmuş: Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(016)-10/2022 nömrəli hökmündən görünür ki, iddiaçı CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdə hesablanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(107)-169/2022 nömrəli qərarından görünür ki, dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(016)-10/2022 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, təqsirləndirilən şəxs İddiaçı təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu (cəza çəkdiyi) 06 (altı) ay müddət bir günə bir gün hesablanmaqla hazırkı qərara təyin edilmiş hazırkı qərara təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və onun üzərində 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ərizədən görünür ki, o, cavabdeh orqana müraciət edərək, ona cəza çəkməkdən azad olunan və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətin təyin olunmasını xahiş etmişdir. Sosial ödənişlər altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2022xx.xx.2022-ci il ödəniş dövrü üçün 1200 manat məbləğində cəza çəkməkdən azad olunan və sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinət ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 353-İİİQ nömrəli Qanununa əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun: 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir; 1.0.2-ci maddəsinə görə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir; 1.0.3-cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemindən ibarətdir. 3.1-ci maddəsinə görə bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 5.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Qanunun 6.1.7-ci maddəsinə görə “cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək” cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biridir. 8.1-ci maddəyə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Həmin qanunun 14-cü maddəsinə görə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımlarının göstərilməsini təmin edirlər. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 3 iyul 2007-ci il 606 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İşin hallarından da göründüyü kimi, iddiaçı eyni cinayətə görə cəza çəkməkdən azad edilmiş şəxs və sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində ona birdəfəlik pul müavinətinətinin təkrar ödənilməsini tələb etməkdədir. Halbuki, həmin cinayətə görə o artıq cəza çəkməkdən azad edilmiş şəxs qismində müvafiq müavinəti almışdır. Belə ki, iddiaçıya münasibətdə təyin edilmiş cəza onun tərəfindən çəkildikdən sonra ona müavinət ödənilmiş, sonradan hökm apellyasiya qaydasında dəyişdirilmiş, onun ikinci dəfə cəza çəkilməyə cəlb edilməsi törətmiş olduğu cinayətə görə cəzanın çəkilməmiş hissəsinin çəkilməsi məqsədi daşımışdır. Müavinət qanunvericiliklə müəyyən edilmiş məbləğə müvafiq ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə araşdırması ilə sabit olur ki, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə uyğun olmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə, altı ay müddətinə təyin olunan, tam olaraq çəkdiyi cəzaya görə ödənilməyən sosial müavinətin ona ödənilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar