Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1414/2022 19.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı “N saylı hərbi hissədə işə bərpa edilməsi və işdən çıxarılması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, N saylı hərbi hissədə işə bərpa edilməsi və işdən çıxarılması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, İPM-in 32.1-ci maddəsinə əsasən, “mübahisələndirmə haqqında” iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə, “mübahisələndirmə haqqında” iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçıya ünvanlanmış hüquqi yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, iddia ərizəsinin mənzmunundan onun hüquqi marağının işdən azad edilməyinə dair qərarın ləğv edilməsi ilə bağlı olması müəyyən olunmuşdur. Lakin iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən hərbi qulluqçu olub-olmadığı müəyyən edilmir, həmçinin iddia ərizəsinin xahiş etdi hissəsində hansı tarixli, hansı nömrəli qərarın ləğv edilməsini arzuladığı aydın və dəqiq qeyd olunmamamışdır. Həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən iddia ərizəsinin İddiaçı tərəfindən imzalanması şübhə doğurmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətində əks olunan iddiaçıya məxsus imza ilə iddia ərizəsində icra edilən imzalar bir-birindən fərqlənir. Yuxarıda qeyd olunanlara əsasən müvafiq düzəlişlərin aparılması, dəqiqləşdirilmiş iddia ərizəsini və iddia ərizəsində iddiaçının imzasının həqiqiliyinin təsdiq olunması ilə bağlı sənədin məhkəməyə təqdim edilməsi üçün iddiaçıya 15 gün müddətində vaxt verilmişdir. Yardım məktubu iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmasına baxmayaraq orada qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş, müvafiq düzəlişlər aparılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin məhkəmənin sorğusuna 26.0.2022-ci il tarixli 1295 nömrəli cavab məktubda qeyd olunmuşdur ki, iddiaçı “mülki işçi” qismində N nömrəli hərbi hissənin yanğından mühafizə komandasının yanğınsöndürmə heyətinin sürücü-yanğınsöndürəni vəzifəsində işləyib. 10 noyabr 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 11 noyabr 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, “mübahisələndirmə haqqında” iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) əlverişsiz inzibati akt olmalı; 3) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5) qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM-2.2.1, 32.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) əlverişsiz inzibati akt olmalı; 3) iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5) qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32.1, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə bildirir ki, hər hansı əmək mübahisəsinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməsi üçün İPM-in 8.1.3-cü maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin maddəyə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Sözügedən normanın hüquqi təhlili göstərir ki, əmək mübahisəsinin inzibati xarakterli sayılması və ona inzibati məhkəmələrdə baxılması üçün: 1) cavabdeh inzibati orqan olmalı; 2) iddiaçı hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu olmalı; 3) mübahisə mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmalıdır. Lakin işdən göründüyü kimi, İPM-in 8.1.3-cü maddəsinin iddia tərəfinə dair şərti iş üzrə yerinə yetirilmir. Belə ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1295 nömrəli məktubdan göründüyü kimi iddiaçı hərbi qulluqçu deyil, mülki işçi qismində işə cəlb olunmuş və sonradan Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İPM-in 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Başqa aidiyyət qaydası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Məhkəmə bildirir ki, iddiaçı ilə cavabdeh arasındakı əmək hüquq münasibətləri mülki hüquqi xarakterli olduğundan, bu münasibətlərdən irəli gələn, o cümlədən, hazırkı işdə olduğu kimi, iddiaçının qərarın ləğvi və vəzifəyə bərpa olunmasından ibarət tələbinə dair mübahisəyə iddiaçı dövlət qulluqçusu olmadığından mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1, 15.2 və 15.3-cü bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (15.1). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3). Məhkəmə Plenumun tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hərbi qulluqçu olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı “N saylı hərbi hissədə işə bərpa edilməsi və işdən çıxarılması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1414/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1414/2022
19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver