Məhkəmə qərarları › İş №2-1(116)-1417/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1417/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1417/2021 04.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X15 və X7 adlı şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxslər X15, X7 adlı şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 17 avqust 2012-ci il tarixdə ünvan 5-də yerləşən 1 otaqlı mənzili Dövlət Notariat Kontorunda alqı-satqı yolu ilə almışdır. X15, X7 adlı şəxslər ünvan 1-də qeydiyyatdadırlar. Həmin vaxtı üçüncü şəxslər iddiaçıya söz vermişlər ki, mənzildən qısa müddətdə qeydiyyatdan çıxacaqlar. Onların bu sözlərinə inanaraq və ailə işləri ilə məşğul olduğu üçün iddiaçı üçüncü şəxslərin pasport qeydiyyatından çıxmaları ilə məşğul ola bilməmişdir. Sonra onda olan şifahi məlumata görə eşitmiş ki, üçüncü şəxslər başqa şəhərdə yaşayırlar. Bu günə kimi üçüncü şəxslər iddiaçının mənzilində qeydiyyatda olmaqda davam edirlər. Halbuki, mənzil iddiaçıya satıldığı gündən üçüncü şəxslər mənzilə olan istifadə hüquqlarını itiriblər. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, üçüncü şəxslərin onun mənzilindən qeydiyyat çıxarılmalarını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh 26.08.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının 19.08.2021-ci il tarixdə Cavabdehnə ünvanladığı müraciəti araşdırılmışdır. Ərizədə adları qeyd edilən X15 və X5 İddiaçı məxsus V.Abdullayev küçəsi ev 8 mənzil 47 ünvanından qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülki xarakterli hesab edildiyindən məhkəməyə müraciət edilməlidir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmənin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış 11.10.2021-ci il tarixli 242 nömrəli məktubda bildirilmişdir ki, Şəki İnzibati Məhkəməsi tərəfindən üçüncü şəxslər X15 və X6 ünvanlanmış 17.09.2021-ci il tarixli məktub və ona əlavə olunmuş sənədlərin ünvan sahiblərinə çatdırılması mümkün olmamışdır. Yuxarıda adları qeyd olunan şəxslər həmin ünvanda qeydiyyatda olmalarına baxmayaraq orada yaşamır və harada yaşamaları baradə heç bir məlumat yoxdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İşdə olan Asan-Mingəçevir tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 16.08.2021-ci il tarixli ******* nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, X15 və X1 şəhəri V.Abdullayev küçəsi ev 8 mənzil 47 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan cavabdehin 09.10.2021-ci il tarixli məktubunda qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun müvafiq maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür. Məhkəmənin qanuni qüvvəsini almış qərarı icraata daxil olduqda üçüncü şəxs qeydiyyatdan çıxarılacaq. X6 şəxsiyyət vəsiqəsi 04.12.2007-ci ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən verilmişdir. X13 şəxsiyyət vəsiqəsi 19.11.2005-ci ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən verilmişdir. Həmin illərə məxsus ərizə-anket qovluqlarının saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən sənədlərin surətinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17.08.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətinə əsasən müəyyən edilmişdir ki, Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən 8 nömrəli evin 47 nömrəli mənzili İddiaçı mülkiyyətində olmuşdur. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 130 nömrəli vərəqində qeydiyyata alınmışdır. 14.09.2021-ci il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin təsdiq edilmiş surətinə əsasən, İddiaçı özünə məxsus olan Mingəçevir şəhəri V.Abdullayev küçəsində yerləşən 8 nömrəli evin 47 nömrəli mənzilini X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.09.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, V.Abdullayev küçəsində yerləşən 8 nömrəli evin 47 nömrəli mənzili X10 mülkiyyətindədir. Sənəd daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 130 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi Mingəçevir şəhəri V.Abdullayev küçəsi ünvanında yerləşən 8 nömrəli evin 47 nömrəli mənzili 17.08.2012-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olsa da, sonradan 14.09.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçı sözügedən mənzili X4 və mənzil X10 adına dövlət reyestrində qeydiyyata alınaraq onun mülkiyyət hüquqları müəyyən edilmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etsə də, mənzil artıq özgəninkiləşdirilmişdir və faktiki olaraq iddiaçının mülkiyyətində deyildir. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının hüquqi marağı aradan qalxdığından iddia mümkün hesab edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya 21.10.2021-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, mənzil üzərində onun mülkiyyət hüququ olmadığından üçüncü şəxslərin qeyd olunan ünvandan qeydiyyatdan çıxarılması üzrə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Hazırkı mənzilin yeni mülkiyyətçisi olan X3 Şəhər Polis Şöbəsinə üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müraciət edərək imtina cavabı aldığı təqdirdə, məhkəməyə öz adından iddia ərizəsi ilə müraciət edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X15 və X7 adlı şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar