Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1418/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi, xx.xx.2005-ci il tarixdən təyin edilmiş əmək pensiyası üzrə ödənişlərin davam etdirilməsi və xx.xx.2024-cü il tarixli qərarın icrası qaydasında pensiyasından tutulmuş pul məbləğinin tam həcmdə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Çernobil AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı əlilliyi olmuş şəxs kimi yaşa görə əmək pensiyasının bərpa edilməsi və pensiyadan tutulmuş məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13883/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək, cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi, xx.xx.2005-ci il tarixdən təyin edilmiş əmək pensiyası üzrə ödənişlərin davam etdirilməsi və xx.xx.2024-cü il tarixli qərarın icrası qaydasında pensiyasından tutulmuş pul məbləğinin tam həcmdə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - iddiaçı xx.xx.1953-cü ildə Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuşdur. Şəki şəhər X4 Stansiyasında işləyib və həmin təşkilatda işlədiyi dövrdə Ukrayna Respublikası ərazisində baş vermiş Çernobıl qəzası ilə əlaqədar Şəki Rayon Hərbi Komissarlığı tərəfindən həmin qəzanın baş verdiyi əraziyə göndərilmişdir. Çernobıl AESdə baş vermiş qəza zamanı ona tapşırılmış xidməti vəzifəni yerinə yetirdikdən sonra yenidən Azərbaycan Respublikasına qayıtmışdır. 1991-ci ilin avqust ayında o dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona əlillik təyin olunmuşdur. Bundan sonra, 2005-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, yaşa görə müharibə əlili kimi pensiyaya çıxmışdır. İddiaçı və onunla eyni kateqoriyaya aid olan digər şəxslərin Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı “pensiyaların onlara verilmiş üstün hüquqlar nəzərə alınmaqla yenidən hesablanması və həmin dövrə qədər ödənilməli, lakin ödənilməmiş məbləğin ödənilməsi” tələbi üzrə Şəki Rayon Məhkəməsi 15 sentyabr 2009-cu il tarixli qətnamə ilə iddianı təmin etmişdir. 2009-cu ildən 2024-cü ilin iyun ayınadək iddiaçıya yaşa görə, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı əlillik almış müharibə iştirakçısı (hərbi qulluqçu) kimi əmək pensiyası ödənilmişdir. xx.xx.2009-cu il tarixli, 161 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında “xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır” ifadəsi yer almışdır (MN MHHK-nın 157 nömrəli, xx.xx.2009-cu il tarixli protokolu ilə). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 18 iyul 2024-cü il tarixli, 3-17-l\2-H-168488\2024 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1991-ci ildən qüvvədə olan qanunvericiliyə əsasən, həmin tarixdən etibarən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin (X2 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçısı olan şəxslərin pensiyalarının sığorta hissəsinə əlavə hesablanır. Həmin məktubda qeyd edilmişdir ki, aparılmış xidməti araşdırma zamanı pensiya işində yaşa görə əmək pensiyası növünə keçidlə bağlı hər hansı qərarın qəbul edilmədiyi halda, iddiaçıya yaşa görə əmək pensiyası alan, müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi pensiya ödənilmişdir və bu səbəbdən pensiyanın sığorta hissəsinə əlavə hesablanmışdır. Eyni zamanda, bu əlavə əmək pensiyasının sığorta hissəsinə daxil edilərək illər üzrə indeksləşdirildiyi göstərilmişdir. Bundan başqa, həmin məktubda qeyd olunmuşdur ki, qeyd edilən səbəblər əsasında “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla, guya xx.xx.2021-ci ildən xx.xx.2024-cü il tarixədək əmək pensiyasının aylıq məbləğində artıq ödəmə müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın 18 iyul 2024-cü il tarixli, 3-17-l\2-H- 168488\2024 saylı məktubunda onun barəsində qeyd olunan hallar doğru deyil və pensiyası əsassız şəkildə azaldılmışdır. Belə ki, qanunsuz olaraq, pensiyasından hər ay 124 manat + 82 manat = cəmi 206 manat tutularaq hüquqları pozulmuşdur. Həmçinin, o və digər iddiaçılar barəsində Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə müharibə iştirakçısı və əlilliyi olan şəxs kimi yaşa görə əmək pensiyası almaq hüququ tanınmışdır. 18 iyul 2024-cü il tarixədək ona 949,93 manat (doqquz yüz qırx doqquz manat 93 qəpik) məbləğində ömürlük Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı əlilliyi olan şəxs (müharibə iştirakçısı və hərbi qulluqçu) kimi yaşa görə əmək pensiyası təyin edilmiş və bu pensiya ilə ailəsini dolandırmışdır. Gözləmədiyi halda, yaşa görə pensiyasının təyinatı dəyişdirilmiş və pensiyası azaldılmışdır. Hazırda isə onun pensiyasından hər ay 206 manat (124 manat + 82 manat) tutulmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən ağır maddi vəziyyətə salınmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Mərkəzi Filial tərəfindən 01.01,2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən ona xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 7ci maddəsi tətbiq edilərək ödənişi 824,87 manat olmaqla davam etdirilmişdir. Qanunun xx.xx.2021-ci il tarixədək qüvvədə olan 19.1.7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin (X2 ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlilliyi olan şəxslərin əmək pensiyalarının sığorta hissəsinə əlavə hesablanırdı. Xidməti araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sözügedən əlavənin İddiaçı pensiyasının sığorta hissəsinin tərkibinə daxil edilərək illər üzrə indeksləşdirildiyi müəyyən edilmişdir. Həmçinin sözügedən əlavə xx.xx.2021-ci il tarixdən ləğv edilməsinə baxmayaraq iddiaçının pensiyasının tərkib hissəsindən çıxarılmamışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar artıq ödənilmiş tutulmalı olan pul vəsaiti artıqödəmə ilə bağlı qəbul edilən qərardan 3 il əvvəlki dövr üzrə xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin həmin maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sözügedən maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud həmin maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2006-cı il tarixdən işdən azad edildiyi tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 17426,40 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı nəzərə alınmaqla pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (artıq ödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvələ) 609,34 manat, 01.01,2022-ci il tarixdən 630,06 manat, xx.xx.2023-cü il tarixdən 741,79 manat, xx.xx.2024-cü il tarixindən isə 824,87 manat müəyyən edilmişdir. Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Belə ki, iddiaçı Ə.Hümətovun xx.xx.2024-cü il tarixli razılıq ərizəsinə əsasən Fond tərəfindən onun pensiya məbləğindən 2023-cü ilin sentyabr ayından etibarən hər ay 83,10 manat məbləğində (824,87-83,10=741,77 manat) tutulma aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1 -ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Belə ki, pensiya təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır və təmin edilməməməlidir. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Şəki Rayon Məhkəməsinin xx.xx.2009-cü il tarixli 2(075)-594/2009 nömrəli qətnaməsi, iddiaçının 8/480 nömrəli pensiya işi, cavabdehin ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarları. Əsaslandırma hissəsi: İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İş materialları ilə mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi müəyyən edilmir və buna görə də hazırkı iddia tələbinin irəli sürülməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. 39.1.əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə iddiaçı barəsində iki əlverişsiz inzibati akt qəbul etmişdir. xx.xx.2024-cü il tarixli qərar əsasında iddiaçıya xx.xx.2021-xx.xx.2024-cü illər üzrə 3805,82 manat artıq ödəmə aşkar edilmiş və iddiaçının pensiya məbləği 949,93 manatdan azaldılaraq 824,87 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən iddiaçının pensiyasından artıq ödəmə hesab edilmiş məbləğin 10% miqdarında tutulması qərara alınmışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı hər iki qərarın ləğv edilməsinə, xx.xx.2005-ci il tarixdən təyin edilmiş əmək pensiyası üzrə ödənişlərin davam etdirilməsinə və xx.xx.2024-cü il tarixli qərarın icrası qaydasında pensiyasından tutulmuş pul məbləğinin tam həcmdə geri qaytarılmasına nail olmaqdır. Mübahisələndirilən qərarların iddiaçıya hansı tarixdə verilməsi ilə bağlı cavabdeh orqan tərəfindən hər hansı sübut təqdim edilməmiş, eyni zamanda sözügedən qərarlarda hüquq müdafiə vasitələri öz əksini tapmamışdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Odur ki, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətlə bağlı xüsusi mümkünlük şərtinə əməl olunur. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - Qanun) 7-ci maddəsi tətbiq edilərək ödənişi 824,87 manat olmaqla davam etdirilmişdir. Cavabdeh orqan mübahisələndirilən qərarın qəbulunu onunla əsaslandırır ki, xidməti araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən, İddiaçı pensiyasına əlavə olunmuş məbləğ onun pensiyasının sığorta hissəsinin tərkibinə daxil edilmiş, illər üzrə indeksləşdirilmişdir. Həmin əlavə xx.xx.2021-ci il tarixdən etibarən qanunvericiliyə əsasən ləğv olunsa da, pensiyanın tərkibindən çıxarılmamışdır. Göründüyü kimi, cavabdeh orqan iddiaçıya yaşa görə əmək pensiyası təyin edildikdən 16 il sonra – yalnız 2021-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklərə istinad etməklə, həmin dəyişikliklərdən 3 il keçdikdən sonra – 2024-cü ildə xidməti araşdırma adı altında mübahisələndirilən qərarı qəbul etmiş və bu qərarı, pensiyaya əlavə olunmuş məbləğin vaxtında pensiyanın tərkib hissəsindən çıxarılmaması ilə əsaslandırmışdır. Nəzərə alınmalıdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona mütəmadi ödənilən pul vəsaitinin azaldılacağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda, təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırmaq vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda şəxsə hesablanmış və uzun müddət ərzində ödənilən əmək pensiyası məbləğinin azaldılması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilən vəsaitin azaldılması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından həmin məbləğin azaldılmasının qanuniliyini yoxlamağa və yalnız bundan sonra pensiyanın yenidən hesablanması barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh orqan cavabdeh orqan faktiki olaraq iddiaçıya müvafiq pensiyanın təyin edilməsinin əsassızlığına dair yeni sübutların əldə edilməsinə yox, pensiya təyinatı zamanı qanunvericiliyin inzibati orqanın özü tərəfindən düzgün tətbiq edilməməsinə istinad edir. Cavabdeh orqan 1 il keçdikdən sonra aparılan təftişin nəticəsinə əsaslanaraq iddiaçının pensiyasının yenidən hesablanması adı altında pensiya təyinatı ilə bağlı inzibati akta müdaxilə edə bilməz. İnzibati orqanın bu qaydada davranışı birbaşa hüquqi müəyyənlik prinsipinə ziddir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablaması qanunsuz olmuş və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İddia tələbinin “xx.xx.2024-cü il tarixli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğvinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı, xx.xx.2024-cü il tarixdə ona ödənilən pensiya məbləğindən 10 faiz həcmində tutulmaya razılıq versə də, xx.xx.2024-cü il tarixdə ərizəni geri götürmüşdür. Bununla belə cavabdeh orqan iddiaçının razılıq ərizəsi əsasında mübahisələndirilən qərarı qəbul etməsinə baxmayaraq, onun xx.xx.2024-cü il tarixli ərizəsinə münasibətdə ümumiyyətlə icraat aparmamışdır. Cavabdeh orqan, tutulmanın iddiaçının razılıq ərizəsi əsasında aparıldığını nəzərə alaraq, həmin razılığın ləğv edildiyi hallarda, müvafiq tutulmanın yalnız məhkəmə qaydasında həyata keçirilməsi tələbinə dair qanunvericiliyin müddəalarına riayət etməyə borcludur. Cavabdeh orqanın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla müəyyən edilmişdir ki, iddiaçının pensiyasından 6 ay ərzində hər ay 83,10 manat məbləğində tutulma aparılmışdır. Məhkəmə qeyd edir ki, hər bir halda iddiaçıya xx.xx.2021-xx.xx.2024-cü illər üzrə 3805,82 manat artıq ödəmənin müəyyən edildiyi xx.xx.2024-cü il tarixli qərar qanunsuz əlverişsiz inzibati akt olduğundan, həmin qərar əsasında tutulmanın faiz dərəcəsini müəyyən edən xx.xx.2024-cü il tarixli qərar da, iddiaçının müvafiq tutulmaya razılığının olub-olmamasından asılı olmayaraq qanunsuz sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı barəsində “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarları ləğv edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2005-ci il tarixdən təyin edilmiş əmək pensiyası üzrə ödənişlərin davam etdirilməsi və xx.xx.2024-cü il tarixli qərarın icrası qaydasında pensiyasından tutulmuş pul məbləğinin tam həcmdə geri qaytarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-1418/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1418/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver