Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-142/2022 24.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “islahat nəticəsində ailəsinə verilmiş Əliabad qəsəbəsində yerləşən 0.1356 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1 hüquqlarının və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “islahat nəticəsində ailəsinə verilmiş Əliabad qəsəbəsində yerləşən 0.1356 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1 hüquqlarının və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Zaqatala rayonunun Əliabad qəsəbəsində torpaq islahatı aparılan zaman iddiaçı və onun ailə üzvlərinə 0.1356 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və bununla bağlı həmin torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmişdir. Bir neçə il öncə Əliabad qəsəbə sakinlərinə, o cümlədən iddiaçıya verilmiş 0.1356 ha torpaq sahəsinə dair tərtib edilmiş plan ölçü sənədi onlardan geri alınmış və səbəb olaraq aqrar islahat nəticəsində yaranmış çatışmazlığın aradan qaldırılması göstərilmişdir. İddiaçıya bir il əvvəl məlum olmuşdur ki, X4 0.1356 ha torpaq sahəsi üzərində özünün mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmış və onun adına 26.02.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı hesab edir ki, Surayyə Əhmədovanın adına DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış əsassızdır və bu səbəblə də ləğv edilməlidir. Bununla bağlı iddiaçı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 17.06.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, AİK-nın qərarında dəyişiklik edilməsi, həmin qərar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış məlumatlarda düzəlişlərin edilməsi və ya ləğv edilməsi, həmin əsaslarla dövlət reyestrində aparılmış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının və dövlət reyestrindən çıxarışın ləğv edilməsi 18 saylı ərazi idarəsinin səlahiyyətləri daxilində deyildir. Məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış 20.08.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala rayonu Əliabad qəsəbəsində aparılmış torpaq islahatının nəticələrinə dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 13 aprel 2018-ci il tarixli siyahılara (sıra nömrəsi 323) əsasən X2 tək Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında 0.20 ha həyətyanı, 0.14 ha və 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrindən sözügedən 0.14 ha (0.1356 ha ölçüdə) torpaq sahəsi 26.02.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra qeyd olunan 0.1356 ha torpaq sahəsi notarial qaydada təsdiq edilmiş 03.03.2021-ci il tarixli 2V-181 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində 11.03.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin 23.09.2021-ci il tarixli sorğusunun icrasının təmin edilməsi məqsədilə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 14.10.2021-ci il tarixli məktubdan görünür ki, X1 adına ********** qeydiyyyat nömrəsi ilə tərtib edilmiş çıxarışda qeyd olunan 0.1356 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hazırlanmış AA 590279 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13.04.2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə təsdiq edilmiş, Əliabad qəsəbəsi keçmiş “Qələbə” və “Əliabad” təsərrüfatları üzrə ərazidə aparılmış torpaqların elektron uçotu işləri əsasında hazırlanmış layihədə (X2 aid hissədə göstərilmiş) 323Z nömrəli parseldə göstərilmiş cizgi (cizgi daxili 0.1356 ha sahənin koordinatları) ilə üst-üstə düşür. Məhkəmənin 24.11.2021-ci il tarixli 2-1(116)-1108/2021 nömrəli qərardadı ilə X1 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmiş, X5 isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 24.11.2021-ci il tarixdə yardım məktubu ünvanlanmış və nəzərinə çatdırılmışdır ki, ləğvini tələb etdiyi X1 adına tərtib edilmiş 26.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamını X2 aid hissədə mübahisələndirməlidir. Sərəncam qüvvədə olduğuna görə onun əsasında tərtib edilmiş çıxarış ləğv edilə bilməz. Yardım məktubunda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi üçün iddiaçıya 10 gün müddətində vaxt verilmişdir. İddiaçı yardım məktubunu 07.12.2021-ci il tarixdə almasına baxmayaraq, orada qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Üçüncü şəxs iddiaya münasibətində iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Nəzərə almaq lazımdır ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata dair məlumatı özündə əks etdirən çıxarış inzibati akt deyildir. İddiaçının hüquqi marağı çıxarışın verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin mübahisələndirilməsini tələb edir. Ona görə də, mübahisələndirmə haqqında iddia növündən istifadə edilməklə çıxarışın ləğvinə dair inzibati iddia qaldırıla bilməz. Sözügedən çıxarışın verilməsinə və müvafiq torpaq sahəsi üzərində Surayyə Əhmədovanın mülkiyyət hüququnun qeydə alınmasına əsas Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamı olmuşdur. Belə olan halda müvafiq sərəncam mübahisələndirilmədən çıxarışın ləğvi məsələsinə də baxıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 2.0.2-ci maddəsində qeyd edilir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normadan göründüyü kimi inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “islahat nəticəsində ailəsinə verilmiş Əliabad qəsəbəsində yerləşən 0.1356 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X1 hüquqlarının və çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-142/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-142/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver