Məhkəmə qərarları › İş №2-1(116)-142/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-142/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-142/2023 12.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1980ci il tarixli, 102 saylı qərarına əsasən “Yolmaş” zavodunun “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatından X3 ayrılmış 129 saylı, 600 kv.m torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1980-ci il tarixli, 102 saylı qərarına əsasən “Yolmaş” zavodunun “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatından X3 ayrılmış 129 saylı, 600 kv.m torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx xxxxxx 1967-ci ildə X5 ilə X1 nikahından doğulmuşdur. İddiaçıdan başqa valideynlərinin 2 övladı, Aygün və Rəna adlı uşaqları olsa da, onların hər ikisi vəfat etmişdir. X6 uzun illər “Yolmaş” zavodunda çilingər kimi çalışmışdır. 07 mart 1980-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 102 saylı qərarına əsasən zavoda Bozdağın ətəyindən bağçılıq üçün 5 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair zavod həmkarlar komitəsinin bölgü siyahısına əsasən Mingəçevir şəhər “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatından 129 saylı 600 kv.metr sahədən ibarət torpaq sahəsi iddiaçının atası X2 istifadəsinə verilmişdir. Torpaq onların istifadəsinə verildikdən sonra iddiaçı və valideynləri ordan bağ kimi istifadə edib, ağac əkib becərmişlər. İddiaçının X6 30 may 1991-ci ildə, anası Rahilə Muradova 24 noyabr 2007-ci ildə vəfat etmişdir. Atası rəhmətə getdikdən sonra torpağı iddiaçı miras əmlak kimi qəbul edib əkib-becərmişdır. İddiaçının atasının ondan başqa vərəsəsi yoxdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizəsində qeyri-müəyyənlik olduğundan müvafiq dəqiqləşmələr aparılmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunanlara əsasən yardım məktubunda iddiaçıya iddia tələbində müvafiq düzəlişlər apararaq, iddia tələbini “Mingəçevir İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 02 saylı qərarına əsasən “Yolmaş” zavodunun “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatından X3 ayrılmış 129 saylı, 600 kv.metr torpaq sahəsinə dair X2 adına arayışın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirməsi və dəqiqləşmiş iddia ərizəsini 5 (beş) gün müddətində Məhkəməyə təqdim etməsi təklif olunmuşdur. İddiaçı tərəfindən yardım məktubunda qeyd olunan düzəlişlər aparılmamış, iddia tələbi dəqiqləşdirilməmiş, ümumiyyətlə məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Həmçinin Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehə sorğu ünvanlanaraq, mübahisəli torpaq sahəsinə dair ətraflı məlumatın (mütəxəssis rəyinin) təqdim olunması xahiş olunmuş, lakin cavabdehin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-2273/2023 nömrəli məktubundan müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə ərazi idarəsinin mütəxəssisi tədqiqat obyektinə baxış keçirmək məqsədilə Mingəçevir şəhəri ərazisində olmuş, iş üzrə iddia tərəfi iştirak etmədiyindən çöl ölçü işlərinin aparılması və tədqiqar obyektinə baxışın keçirilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə tədqiqat obyektinə baxışın keçirilməsi tarixi və saatı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının iştirak etməyərək mübahisəli ərazini göstərməməsi səbəbindən mütəxəssis rəyinin məhkəməyə təqdim olunmasını təmin etmək mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq, iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması, dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim olunması xahiş olunsa da, nöqsan aradan qaldırılmamış, məhkəmənin yardım məktubuna iddiaçı tərəfindən yazılı münasibət bildirilməmişdir. Həmçinin mübahisəli torpaq sahəsinə mütəxəssis tərəfindən baxışın keçirilməsi və çöl ölçmə işlərinin aparılmasına iddiaçı tərəfindən şərait yaradılmamış, baxışın keçirilməsi ilə bağlı məhkəmə tərəfindən konkret tarix və saat müəyyən olunmasına baxmayaraq, rəyin təqdim olunması mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın mümkünlüyü ilə bağlı məsələyə hüquqi qiymət verilməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı ərizə iddianın mümkünlüyü ilə bağlı qanunvericliyin tələblərinə cavab vermədiyi üçün mümkün sayıla bilməz. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir İcraiyyə Komitəsinin xx.xx.1980ci il tarixli, 102 saylı qərarına əsasən “Yolmaş” zavodunun “Sağlamlıq” kollektiv bağçılıq təsərrüfatından X3 ayrılmış 129 saylı, 600 kv.m torpaq sahəsinə adına plan və ölçü hazırlanmaqla mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar