Məhkəmə qərarları › İş №2-1(116)-142/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-142/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-142/2024 24.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi üzrə mümkünlük məsələsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. (zəruri cəlbetmə). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə Göyçay rayonu Mirzəhüseynli kəndində kənd təsərrüfatı məhsulları üçün 1.04 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi 17 mart 1999-cu il tarixli JN-645 KOD 40814058 nömrəli dövlət aktı ilə iddiaçı və ailə üzvlərinə verilmişdir. Həmin akt Dövlət Aktı qeydiyyat kitabında 610 nömrəli ilə qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinın adına qeydiyyata alınaraq çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina verilmiş və məktub ünvanlayaraq tələbin icrasından imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, elektron baza məlumatlarında sözügedən torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları başqa şəxsə məxsus **********0031 (X5) və **********0032 nömrəli torpaq sahəsinin planı və ölçüsü- sənədi ilə üst-üstə düşür. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə araşdırması zamanı aşağıdakı sənədlərə istinad olunmuşdur:

1. İddiaçıçvə ailə üzvlərinə verilmiş 17 mart 1999-cu il tarixli JN-645 KOD 40814058 nömrəli Dövlət aktı;

2. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu;

3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş sənədlər;

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyi;

5. Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş X4 ayrılmış 24643.35 kv.m torpaq sahəsinə dair A seriyalı 254465 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi;

Əsaslandırma hissəsi:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı 1,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun mülkiyyət hüquqlarının qeydə alınmasından ibarətdir. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, tələb təmin olunmamışdır. Məhkəmə işin hallarına əsasən iddia mümkün iddia deyil. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş,tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçıya dinlənilmə hüququ təmin edilmişdir. İddiaçıya məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hazırkı iddia tələbinə əsasən iddiaçının nail olmaq istədiyi hüquqi nəticə JN-645 KOD 40814058 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktına əsasən verilmiş 1.04 ha torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi və həmin torpaq sahəsi üzərindı mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İşin məhkəmə araşdırması zamanı həm iddia olunan torpaq sahəsi, həm də sözügedən sənəddə əks olunan torpaq sahəsinin koordinatlarına əsasən mütəxəssis rəyi tələb olunmuşdur. Təqdim olunmuş 26 dekabr 2023-cü il tarixli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir : JN-645 KOD 40814058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.04 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların Elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, xüsusi mülkiyyətə aid olan torpaq sahəsidir. Torpaq sahəsinə baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etmədiyini bildirdiyi 1.04 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların Elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) göstərilən JN-645 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.04 ha torpaq sahəsi ilə üst-üstə düşür (sxemdə təqdim edilmişdir). Elektron bazada təqdim olunan TEKUİS məlumatlarında göstərilən JN-645 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı” ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.04 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0032 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədin”də göstərilən, Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə X4 ayrılmış 24643.35 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən təqdim edilən sənədə əsasən torpaq sahəsinin naturada yeri ona göstərilmişdir.Lakin, iddia olunan torpaq sahəsi Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 03 saylı qərarı ilə X4 ayrılmış 24643.35 kv.m torpaq sahəsi ilə üst-üstə düşür.Həmin torpaq sahəsinə dair **********0032 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. İddia olunan 1,04 ha torpaq sahəsi A seriyalı 254465 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş və faktiki olaraq üçüncü şəxs tərəfindən istifadə olunan 2,46 ha ərazinin hüdudları daxilində yerləşir. İddiaçı həmin torpaq sahəsinə dair qeydə alınmış hüququ mübahisələndirmədən arzu etdiyi hüquqi nəticəyə nail olması mümkün deyildir. Həmin iddia uğurlu olacağı halda iddia olunan torpaq sahəsi ilə bağlı yenidən cavabdehə müraciət edilə bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16,35, 80, 83 və 85-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar